Qvineyanın inzibati modernləşdirmə və dövlət xidməti naziri Faya Fransua Burunonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində "ASAN xidmət" mərkəzində olub.
Far.Az xəbər verir ki, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonaqlara Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış "ASAN xidmət" mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə qonlaqlara ətraflı məlumat verib.
Səfər çərçivəsində "Azərbaycan Respublikası Hökuməti ilə Qvineya Respublikası Hökuməti arasında Qvineya Respublikasında "ASAN xidmət" modelinin tətbiqi ilə bağlı əməkdaşlığa dair Saziş imzalanıb.
Saziş "ASAN xidmət" təcrübəsinin Qvineyada tətbiqini, eləcə də qvineyalı dövlət qulluqçuları üçün "ASAN xidmət" mərkəzlərində təcrübə proqramlarının təşkilini, həmçinin Dövlət Agentliyinin ekspertləri tərəfindən dövlət xidmətlərinin göstərilməsi sahəsində qabaqcıl təcrübələrin Qvineya tərəfi ilə paylaşılmasını nəzərdə tutur.
Qvineyalı nazir "ASAN xidmət"in onda yüksək təəssürat yaratdığını və əhalinin dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsində mühüm rol oynadığını vurğulayıb.
O, qısa müddət ərzində ölkəmizin müvafiq sahədə qabaqcıl təcrübəsinin Qvineyada tətbiq etmək niyyətində olduqlarını ifadə edib.