ABŞ-ın İranın enerji ixracına ciddi zərbə vurmaq planı ilə bağlı yeni iddialar ortaya çıxıb. Türkiyə mətbuatında dərc olunan məlumatlara görə, Vaşinqton İranın əsas neft ixrac mərkəzi hesab olunan Hark adasına qarşı hərbi təzyiqi artırmağa hazırlaşır.
Enerji məsələləri üzrə ekspert Kenan Aslanlı “Türkiye Gazetesi”nə verdiyi açıqlamada bildirib ki, ABŞ Fars körfəzində İranın neft ixrac marşrutuna müdaxilə etməyə hazırlaşır.
KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, İranın enerji ixracının əsas hissəsi məhz Hark adası vasitəsilə həyata keçirilir.

Aslanlı qeyd edib ki, İranın ən böyük neft yataqları – Ahvaz, Marun və Gachsaran kimi sahələrdən hasil olunan xam neft boru kəmərləri vasitəsilə Hark adasındakı neft bazalarına ötürülür. Daha sonra isə böyük neft tankerləri vasitəsilə dünya bazarlarına göndərilir.
Ekspert vurğulayıb ki, Hark adası iri neft tankerlərinin yanaşa bilməsi üçün kifayət qədər dərin limana malikdir və İranın gündəlik xam neft ixracının təxminən 90 faizi bu ada vasitəsilə həyata keçirilir. Bu səbəbdən ada İran iqtisadiyyatı üçün strateji əhəmiyyət daşıyır.
Kenan Aslanlının sözlərinə görə, ABŞ və İsrail tərəfindən bu adaya qarşı mümkün hücum İran üçün son dərəcə kritik mərhələ hesab olunur və regionun enerji infrastrukturu üçün daha genişmiqyaslı böhranın başlanğıcı ola bilər.
Ekspert qeyd edib ki, müharibə başlayandan bəri ilk dəfə olaraq Hark adasına zərbələr endirilib. Lakin məlumatlara görə, bu hücumlar əsasən hərbi obyektlərə yönəlib və hələlik neft infrastrukturu hədəf alınmayıb.
Kənan Aslanlı bildirib ki, ABŞ tərəfi İranın Hörmüz boğazı üzərində yaratdığı blokadanı aradan qaldırmayacağı təqdirdə adadakı neft terminallarını, neft bazalarını və ixrac infrastrukturunu vurmaqla hədələyir.
O əlavə edib ki, İran isə cavab olaraq enerji infrastrukturu hədəfə alınarsa, regiondakı digər ölkələrin kritik enerji obyektlərinə zərbə endirə biləcəyi barədə xəbərdarlıq edir.
Ekspertin fikrincə, İran dünya üzrə gündəlik neft tədarükünün təxminən 4 faizini təmin edir və bu regionda baş verəcək hər hansı hücum və ya qarşılıqlı zərbələr qlobal enerji bazarında ciddi böhrana səbəb ola bilər.