AZ

BMU-da yeni laboratoriyalar yaradılıb

Bakı Mühəndislik Universitetində (BMU) tədrisin keyfiyyətinin yüksəldilməsi, elmi-tədqiqat fəaliyyətinin daha da genişləndirilməsi və müasir texnologiyalara əsaslanan yüksəkixtisaslı mütəxəssislərin hazırlanması məqsədilə Süni İntellekt və Data Elmləri, həmçinin Rəqəmsal Sistemlər və Texnologiyalar laboratoriyaları yaradılıb.

AzEdu.az xəbər verir ki, son illərdə BMU-da informasiya texnologiyaları əsas baza ixtisasları sırasına daxil edilib, tədris proqramları əhəmiyyətli dərəcədə gücləndirilib, o cümlədən süni intellekt və data elmləri sahəsində yüksəkixtisaslı kadrların hazırlanması əsas prioritetə çevrilib. Eyni zamanda universitetdə informasiya texnologiyaları ixtisasları üzrə qəbul planının tam dolması və yüksək bal toplayan tələbələrin sayının artması, bu sahəyə olan marağın yüksəlməsi yeni profilli müasir laboratoriyaların yaradılmasını zəruri edib. Bu istiqamətdə görülən işlərin davamı kimi müasir standartlara uyğun yenidən qurulan 11-dən artıq laboratoriya son nəsil kompüterlər və zəruri texniki avadanlıqlarla təchiz olunub. 

Yeni laboratoriyalarda tələbələr süni intellekt, böyük verilənlərin analizi, proqramlaşdırma, rəqəmsal sistemlərin modelləşdirilməsi və digər texnoloji istiqamətlər üzrə praktiki məşğələlərdə iştirak edə biləcəklər. Bu, xüsusilə SABAH proqramı çərçivəsində təhsil alan tələbələr üçün böyük əhəmiyyət kəsb edir. 

Laboratoriyalarda aparılan tədris və tədqiqat fəaliyyəti universitetdə innovasiya mühitinin formalaşmasına, tələbələrin yaradıcılıq potensialının inkişafına və gələcəyin texnologiya mütəxəssislərinin hazırlanmasına mühüm töhfə verəcək.

Seçilən
51
49
azedu.az

10Mənbələr