AZ

Qlobal forumda mühüm mesajlar ŞƏRH

ain.az, Ses qazeti saytına istinadən bildirir.

Martın 12-də Bakıda, “Gülüstan” sarayında keçirilən XIII Qlobal Bakı Forumu beynəlxalq siyasi gündəmdə duran ən aktual məsələlərin müzakirə olunduğu mühüm platformalardan birinə çevrildi. Cənab Prezident İlham Əliyev forumun açılış mərasimində çıxış edərək qlobal təhlükəsizlik, regional sülh, enerji təhlükəsizliyi və nəqliyyat əlaqələri kimi vacib mövzulara toxundu. Dövlət başçısının çıxışı təkcə Azərbaycanın mövqeyini ifadə etmədi, həm də müasir beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklərlə bağlı mühüm siyasi mesajlar verdi.

Forumun əhəmiyyətindən danışan cənab Prezident İlham Əliyev bildirdi ki, bu tədbir artıq qlobal miqyasda böyük nüfuz qazanıb: “Qlobal Bakı Forumu çox nüfuzlu beynəlxalq tədbirdir və qlobal səviyyədə aparıcı beynəlxalq forumlarla eyni səviyyədədir”. Dövlət başçısı qeyd etdi ki, forum yalnız siyasi müzakirə platforması deyil, eyni zamanda qlobal problemlərin həlli üçün fikir mübadiləsinin aparıldığı mühüm mərkəzdir. Onun sözlərinə görə, müxtəlif ölkələrdən gəlmiş dövlət və hökumət rəhbərləri, diplomatlar, ictimai xadimlər və ekspertlər burada bir araya gələrək dünya üçün əhəmiyyətli ideyalar irəli sürürlər. Bu yanaşma Azərbaycanın son illərdə həyata keçirdiyi diplomatik platforma siyasətinin mühüm nəticələrindən biridir. Qlobal Bakı Forumu vasitəsilə Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi mövqeyini daha da gücləndirir.

Ölkə Prezidenti çıxışında hazırkı dövrdə təhlükəsizlik məsələlərinin bütün ölkələr üçün əsas prioritet olduğunu vurğuladı: “İndi heç vaxt olmadığı qədər aydındır ki, təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir ölkənin gündəliyində bir nömrəli prioritet olmalıdır”. Bu fikir müasir dünyada artan gərginliklərin, regional münaqişələrin və geosiyasi qarşıdurmaların nəticəsi kimi qiymətləndirilir. Dövlət başçısının fikrincə, təhlükəsizlik təmin edilmədən iqtisadi inkişaf, sosial rifah və beynəlxalq əməkdaşlıq kimi sahələrdə irəliləyiş əldə etmək çətin olur. Bu baxımdan qlobal təhlükəsizlik sisteminin yeni yanaşmalara ehtiyacı var. Cənab Prezident İlham Əliyevin çıxışında əsas mövzulardan biri Azərbaycanın münaqişədən sülh mərhələsinə keçid təcrübəsi oldu. O qeyd etdi ki, ölkə uzun illər işğal şəraitində yaşayıb: “Təxminən 30 il ərzində ərazimizin təxminən 20 faizi işğal altında olmuşdur”. Dövlət başçısı vurğuladı ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq bərpa edilib: “Biz işğal olunmuş əraziləri güc vasitəsilə azad etdik və sülhə siyasi yollarla nail olduq”. Bu yanaşma Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini nümayiş etdirir. Prezidentin sözlərinə görə, bu proses üç mərhələdən ibarət xüsusi bir təcrübə formalaşdırıb: işğal şəraitində yaşamaq, hərbi yolla suverenliyin bərpası və müharibədən sonra sülh quruculuğu. Bu model müasir geosiyasi münaqişələrin həlli baxımından mühüm nümunə hesab olunur.

Cənab Prezident İlham Əliyev Azərbaycanın regionda sülhə sadiq olduğunu xüsusi vurğuladı və bildirdi: “Sülhdən daha yaxşı heç nə yoxdur”. Onun sözlərinə görə, Azərbaycan münaqişə başa çatdıqdan sonra Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində addımlar atıb. Dövlət başçısı qeyd etdi ki, sərhəddə sabitlik formalaşıb və artıq hərbi toqquşmalar baş vermir. Prezident həmçinin vurğuladı ki, Azərbaycan humanitar və iqtisadi addımlar ataraq regional əməkdaşlığın inkişafına töhfə verir: “Biz Ermənistana müxtəlif istiqamətlərdən malların daşınmasına qoyulmuş bütün məhdudiyyətləri aradan qaldırdıq”. Bu siyasət Cənubi Qafqaz regionunda yeni əməkdaşlıq mərhələsinin yaranmasına imkan yaradır.

Cənab Prezident çıxışında enerji təhlükəsizliyi məsələsinə də xüsusi diqqət yetirdi: “Enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır”. Azərbaycan hazırda neft, qaz, neft-kimya məhsulları və elektrik enerjisi ixrac edən mühüm enerji ölkələrindən biridir. Dövlət başçısının sözlərinə görə, Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayı artıq 16-ya çatıb. Bu fakt ölkəmizin Avropa və digər regionlar üçün etibarlı enerji tərəfdaşı olduğunu göstərir.

Ölkə Prezident İlham Əliyev çıxışında nəqliyyat və logistika məsələlərinə də toxundu. O qeyd etdi ki, qlobal münaqişələr tədarük zəncirlərində problemlər yaradır və buna görə də yeni nəqliyyat marşrutlarının yaradılması vacibdir. Azərbaycan bu sahədə mühüm rol oynayır: “Biz Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzrə əvəzolunmaz tərəfdaşıq”. Bu nəqliyyat dəhlizləri vasitəsilə Azərbaycan Avropa ilə Asiyanı birləşdirən əsas tranzit mərkəzlərindən birinə çevrilir. Prezident həmçinin bildirdi ki, gələcəkdə Ermənistan ərazisindən keçən yeni marşrutların formalaşması da region üçün qarşılıqlı faydalı imkanlar yarada bilər. Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində qazandığı təcrübəyə də toxundu və qeyd etdi ki, ölkə artıq mühüm qlobal platformaların təşkilatçısına çevrilib. Ümid edirəm ki, bir neçə aydan sonra Bakıda sizlərlə görüşüb dünyada sülh, sabitlik və təhlükəsizliyin təmin olunması kimi ortaq məqsədimizə dair müzakirələrimizi davam etdirəcəyik. Bu fikir Azərbaycanın beynəlxalq siyasətdə dialoq və əməkdaşlıq platforması kimi rolunu daha da möhkəmləndirdiyini göstərir.

Beləliklə, cənab Prezident İlham Əliyevin XIII Qlobal Bakı Forumunda səsləndirdiyi fikirlər bir neçə mühüm strateji mesajı əhatə edir: qlobal təhlükəsizlik sistemində yeni yanaşmaların vacibliyi, Azərbaycanın münaqişədən sülhə keçid təcrübəsinin beynəlxalq səviyyədə nümunə ola bilməsi, enerji təhlükəsizliyi və nəqliyyat dəhlizlərinin XXI əsrin əsas geosiyasi faktorları kimi çıxış etməsi, həmçinin Cənubi Qafqaz regionunda sülh və əməkdaşlıq üçün yeni imkanların yaranması. Bu baxımdan Qlobal Bakı Forumu yalnız müzakirə platforması deyil, həm də beynəlxalq siyasətdə yeni ideyaların formalaşdığı mühüm mərkəz kimi çıxış edir.

Gülər Sultanzadə

YAP Yasamal rayon təşkilatının fəalı

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
5
sesqazeti.az

10Mənbələr