AZ

Bakıda BƏƏ səfirliyi iftar süfrəsi təşkil edib

BAKI,TurkicWorld

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ölkəmizdəki səfiri tərəfindən iftar süfrəsi təşkil olunub.

TurkicWorld xəbər verir ki, iftar süfrəsində, media mənsubları, ictimai xadimlər, iş adamları və digər tanınmış simalar iştirak edib.

Tədbirdə çıxışı zamanı BƏƏ-nin Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşi ölkəsinin 2026-cı il üçün vizyonu haqqında danışıb.

O qeyd edib ki, Dövlətin Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın (Allah onu qorusun) göstərişlərinə əsasən, bu il "Ailə ili" elan edilib, çünki ailə cəmiyyətin möhkəm və birləşmiş şəkildə qurulmasının əsas dayağıdır.

“1971-ci ildə dövlət yaradıldığından bəri, ailə rəhbərliyin əsas diqqət mərkəzi və prioriteti olmuşdur. Buna görə də, BƏƏ Konstitutsiyası maddələrində ailənin hüquqlarının qorunması, onun müdafiəsi və himayəsi məsələlərinə xüsusi önəm vermişdir. Bu, Qurucu Ata Şeyx Zayed bin Sultan Əl Nəhyanın (Allah ona rəhmət etsin) "Ailə istənilən güclü cəmiyyətin təməlidir" dediyi ölməz kəlamından aydın olur. Bu sözlər Birləşmiş Ərəb Əmirliklərinin tərəqqisinin və inkişaf yolunun əsasını əks etdirir. Heç bir sivilizasiya möhkəm bir ailə üzərində qurulmadan inkişaf edə bilməz və heç bir vətən, dəyərlərinə, adətlərinə və mədəniyyətinə sahib çıxan maarifli bir cəmiyyət olmadan çiçəklənə bilməz.”-deyə səfir çıxışında bildirib.

Əl Bluşi onu da qeyd edib ki, ötən illərin təşəbbüsləri dövlətin regional və qlobal səviyyədə lider mövqeyini möhkəmləndirilib.

“Bu ilin təşəbbüsü, Əmirlik cəmiyyətinin ilkin və əsas özəyi ilə bağlı olduğuna görə, misilsiz əhəmiyyət kəsb edir. Bu, bütövlükdə cəmiyyətin nailiyyətlərini gücləndirmək və onların əsasında ölkədə ailənin dəstəklənməsi ilə bağlı hədəflərin həyata keçirilməsinə nail olmaq üçün təsis edilmiş milli strateji baza üzərində qurulmuşdur. Bu prinsip “Əmirlik Ailələrinin İnkişafı üzrə 2031-ci ilə qədər Milli Gündəlikdə” təcəssüm olunur. Həmçinin ailənin, Əmirlik cəmiyyətini səciyyələndirən əməkdaşlıq, ünsiyyət və qarşılıqlı həmrəylik kimi köklü dəyərlərin aşılanmasındakı rolu və bu dəyərlərin davamlılığının qorunması məqsədilə onların gələcək nəsillərə ötürülməsi də nəzərdə tutulur. BƏƏ və onun müdrik rəhbərliyi öz görkəmli təşəbbüslərinin müsbət nəticələrinin davamlılığını təmin etməyə xüsusi diqqət yetirir. Bu ilki “Ailə ili” təşəbbüsü onun fəaliyyətinin idarə olunmasını və onu aktivləşdirmək üçün institusional yanaşmanın tətbiqini əhatə edir. Buna görə də, Əmirlikdə Ailə İşləri Nazirliyi, ailənin böyüməsi ilə məşğul olan 20-dən çox federal və yerli hökumət qurumundan ibarət milli işçi qrupu vasitəsilə təşəbbüsü həyata keçirmək üçün bütün müvafiq sektorlarla əməkdaşlıq edir.”-deyə səfir çıxışında vurğulayıb.

Əl Bluşi eyni zamanda müqəddəs Ramazan ayınnı önəminə də toxunub. O qeyd edib ki, bu ay eyni zamanda şəfqət, həmrəylik və ictimai əlaqə dəyərlərinin təzahür etdiyi və ailə bağlarının ruhunu gücləndirdiyi bir aydır.

“Bu, ailə üzvlərinin gündəlik həyatın məşğuliyyətləri arasında eyni vaxtda — “iftar zamanı” — bir araya gəlməsi üçün fürsətdir. Bu vaxt ünsiyyəti dərinləşdirməyə imkan verir, əlaqələri möhkəmləndirir və ailələrdə birlik hissini dərinləşdirir. Bu ay ibadəti, mənəvi dəyərləri və ictimai əlaqələri birləşdirən bir aydır. Bu, hər il təkrarlanan, ailə münasibətlərini sevgi, əməkdaşlıq və hörmət əsasları üzərində yenidən qurmaq üçün dəyərli bir fürsətdir.”-deyə səfir çıxışını yekunlaşdırıb.

Seçilən
22
3
turkic.world

4Mənbələr