AZ

Hörmüz böhranı qlobal enerji bazarlarını SARSITDI Neft qiymətləri ilə bağlı KRİTİK PROQNOZ

ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatındaMartın ikinci həftəsi qlobal enerji bazarlarında yüksək gərginlik və qiymət dalğalanmaları ilə yadda qaldı. Yaxın Şərqdə hərbi əməliyyatların davam etməsi, xüsusilə Körfəz hövzəsində yaşanan risklər qlobal neft və qaz bazarlarında ciddi qeyri-müəyyənlik formalaşdırdı.

 

MÖVZU İLƏ BAĞLI:İran Hörmüz boğazından keçid üçün şərtləri AÇIQLADI

Qlobal bazarlarHəftə ərzində Brent markalı neftin qiymətində bir neçə əhəmiyyətli artım və enmə müşahidə edildi. Neft qiymətlərinin dəyişməsindəki dramatik vəziyyəti başa düşmək üçün cəmi bir günün dinamikasına diqqət yetirsək, məncə bunu aydın surətdə müşahidə edə bilərik. Bazar ertəsi London Əmtəə Birjasında günlük hərraclarda Brent markalı neftin ən aşağı və ən baha satılan partiyaları arasında qiymət fərqi 35 dollar 84 sent təşkil etdi. Bir anlıq təsəvvür edin ki, hərraclar  99.75 qiyməti ilə açılır və daha sonra çox çəkmir ki, bir çəllək neft 119,5 dollara satılır. Niyə belə sıçrayış baş verir? Çünki artıq məlumatlar daxil olur ki, Hörmüz boğazından daşımalar mümkün olmadığından Körfəz ölkələri – İraq, Küveyt, Bəhreyn, Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ hasilatı azaltmağa başlayıblar.“Reuters” agentliyinin hesablamalarına görə, İran hesaba alınmadan artıq Körfəz ölkələri gündəlik hasilatı 6,7 mln barel azaldıblar. İkinci bir tərəfdən rəsmi Tehran və Vaşinqtondan yayılan bəyanatların təzadlı xarakterini nəzərə alsaq, bu real olaraq bazar iştirakçılarında belə fikrə gəlməyə əsas verir ki, münaqişənin hərbi fazası yaxın müddətdə dayanmayacaq və əsas oyunçular hasilatı azaltmaq qərarı verirlərsə, demək vəziyyətin düzəlməsi yaxın zamanlarda müşkül bir işə çevrilə bilər.Yenidən qayıdıram qiymət dəyişmələrinə... Yəni qiymətin artımı fonunda birdən azalmaya meyl etməsi. Çünki martın 9-da axşama doğru vəziyyət kökündən dəyişdi və neft qiymətləri 83,66 göstəricisinə qədər ucuzlaşdı, hərraclar işini yekunlaşdırarkən isə neft artıq demək olar ki, 99 dollara satılırdı.İndi aydınlaşdıraq, görək neft bazarına təsir edən amillər nə olmuşdu? Kəskin eniş Fransa maliyyə naziri Roland Leskurun G7 maliyyə nazirlərinin görüşündən sonra verdiyi açıqlama ilə başladı. Onun sözlərinə görə, G7 ölkələri Yaxın Şərqdəki gərginliyin dünya iqtisadiyyatına vura biləcəyi zərbəni nəzərə alaraq cavab tədbiri kimi neftin ehtiyat anbarlarından istifadəsini nəzərdən keçirirlər. Bir gün sonra bununla bağlı G7 rəsmən qərar çıxardı. Qərarın texniki, yəni praktiki tərəfini isə Beynəlxalq Enerji Agentliyi (BEA) atdı. Nəticədə bazarlar bu cür açıqlamadan müəyyən dərəcədə rahat olsalar da, amma bunu günün sonuna qədər yaşaya bilmədilər, çünki yeni gələn xəbərlər İranın ABŞ bazaları yerləşən Körfəz ölkələrinin enerji obyektlərinə hücumları fonunda neft qiymətlərini bahalaşdırdı.Qeyd edim ki, Hörmüz boğazından “qara qızılın” ixracının faktiki olaraq dayandığı zaman əsasən neft idxalçılarından ibarət olan ölkələr özlərinin ehtiyat anbarlarında saxladıqları həcmlərdən istifadə etməyə başlayacaqlar. Beynəlxalq Enerji Agentliyinin 32 üzv ölkəsinin martın əvvəlinə 1,2 milyard bareldən çox həcmdə strateji ehtiyatlara malikdir və beynəlxalq razılaşmaya görə, bu ehtiyatlar fövqəladə hallarda istifadə edilə bilər."The Financial Times" qəzetinin məlumatına görə, BEA 1974-cü ildə iri idxalçı ölkələrin toxunulmaz neft ehtiyatları yaradılması barədə qərar qəbul edib. O zamandan indiyə qədər BEA bu cür tədbirlərlə bağlı beş dəfə addım atıb. Sonuncu dəfə bu, 2022-ci ilin martında Rusiya-Ukrayna müharibəsinin başlanması ilə bağlı neft və qaz qiymətlərinin nəzarətdən çıxması zamanı tətbiq edilib. 4 il əvvəl BEA üzvü olan ölkələr ehtiyatlardan gündəlik 2 mln barel, ABŞ isə əlavə olaraq 1 mln barel neft istifadə etməyə qərar vermişdilər. Nəticədə neft ay ərzində tədricən $130-dan $95-a kimi eniş etmişdi. İndi də gündəlik buna bənzər həcmlərdən istifadə ediləcək, sadəcə daha uzun müddətə - 180 günə. Ehtiyatların əsas hissəsinin yükünü isə ABŞ çəkəcək – 400 milyon bareldən 172 milyonunu. Bazar iştirakçıları qeyd edirlər ki, bu bahalaşmanın əsas səbəbi real fiziki çatışmazlıq deyil, geosiyasi risklərin qiymətlərə əlavə etdiyi “risk dəyəridir”. Yəni bazar gələcəkdə mümkün tədarük problemlərini əvvəlcədən qiymətlərə daxil edir.Qaz qiymətlərinin artımıYaxın Şərqdəki gərginlik təkcə neft bazarına deyil, qlobal qaz bazarına da təsir göstərir. Əsas narahatlıq isə mayeləşdirilmiş qazın tədarükü ilə bağlıdır. Dünyanın ən böyük maye qaz ixracatçılarından olan Qətər qazını yalnız Hörmüz boğazı vasitəsilə dünya bazarlarına göndərir. Ona görə də Qətərin oyundan kənarda qalmasının ən böyük təsirini hazırda Asiya bazarı hiss edir. Çünki Qətər qazının 80%-i Yaponiya, Cənubi Koreya, Çin və Hindistan kimi ölkələrdə, 20%-i isə Avropada satılır.Asiyada qazın qiymətinin bahalaşması avtomatik olaraq özünü Avropada da hiss etdirir. Xüsusilə rəsmi Brüsselin Rusiya qazından tam imtina etmək arzusu fonunda Körfəz ölkələrində stabilliyin pozulması Avropada qaz qiymətlərinə birbaşa təsirə çevrilib. Əgər münaqişədən başlamazdan öncə Avropada qazın 1000 kubmetri 378 dollara satılırdısa, bu həftə sonu 600 dollardan baha qiymətə dəyərləndirilirdi.Aİ-Azərbaycan əməkdaşlığıBu həftə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Azərbaycana səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüş keçirib. Görüşdən sonra mətbuata bəyanatla çıxışında Avropa İttifaqı Şurasının Prezidenti enerji təhlükəsizliyi məsələsini Avropa İttifaqı ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlığın təməli adlandırıb. Onun sözlərinə görə, dörd il bundan əvvəl Versalda Avropa İttifaqı Şurası qaz, neft və kömürün təchizatı mənbələrinin şaxələndirilməsinə dair qərar qəbul edib.Azərbaycan Cənub Qaz Dəhlizi sayəsində bu səylərdə həlledici rol oynadığını bildirməklə yanaşı İrandakı müharibənin qlobal enerji bazarlarını sarsıtdığı bir vaxtda rəsmi Brüssellə Bakının enerji sahəsində hazırkı tərəfdaşlığının heç zaman olmadığı əhəmiyyətə malik olduğunu vurğulayıb. Cənab Koşta bəyan edib ki, Avropa İttifaqı Azərbaycanın enerji keçidini dəstəkləmək üçün özəl investisiyaları və maliyyələşməni səfərbər etməyə hazırdır. O, həmçinin Avropanın təmiz texnologiyalar sahəsində fəaliyyət göstərən şirkətlərini Azərbaycanın yaşıl enerji layihələrində daha fəal iştirak etməyə çağırış da edib.Öz növbəsində Prezident İlham Əliyev bildirib ki, bu ilin yanvarında Azərbaycanın xarici ticari dövriyyəsinin 50 faizi Avropa İttifaqının payına düşüb və Avropa İttifaqının bizim üçün bir nömrəli ticari tərəfdaş olmasını bəyan edib. Dövlət başçımız əmin olduğunu vurğulayıb ki, yeni layihələr və yeni investisiya imkanları ilə ticari dövriyyəmiz birmənalı olaraq artacaq. Və bu artımda enerji sahəsində əməkdaşlıq mühüm olacaq. İlham Əliyevin sözlərinə görə, bizim üçün Avropa bazarı artım potensialına malik ümumi qaz ixracımızın yarısını təşkil edir. “Bu, xüsusən də 2022-ci ildə Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında sənədi Avropa Komissiyası ilə imzaladığımızdan sonra müşahidə olunur”, deyə dövlət başçısı bildirib.Bahalı enerji faydalıdırmı? Enerji mövzusuna Azərbaycan Prezidenti həmçinin martın 12-də “Gülüstan” sarayında keçirilən XIII Qlobal Bakı Forumunda çıxışı zamanı da toxunub. Onun sözlərinə görə, Azərbaycan "OPEC+" formatının məsuliyyətli iştirakçısı olaraq balanslaşdırılmış və proqnozlaşdırıla bilən neft qiymətlərinin tərəfdarıdır. Dövlət başçısı həmçinin qeyd edib ki, bu gün enerji təhlükəsizliyi dövlətlərin milli təhlükəsizliyinin ayrılmaz hissəsinə çevrilib: "Azərbaycan bütün növ enerji resurslarını - neft, qaz, neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi istehsal və ixrac edir. Biz artan tələbatı və tədarük coğrafiyasının genişlənməsini nəzərə alaraq ixracı, xüsusilə təbii qaz və elektrik enerjisi ixracını artırmağı planlaşdırırıq".İlham Əliyev çıxışında həmçinin dünyada neft və qazın qiymətlərindəki artıma da toxunub. "Biz neft və qazın qiymətlərinin görünməmiş dərəcədə artımını müşahidə edirik. Bu da istehlakçılara bir zərbədir. Nəinki istehlakçılara, əgər kimsə düşünürsə ki, qeyri-tarazlı bu qiymətlər yalnız neft hasil və ixrac edən ölkələrin xeyrinədir, yox, bu, belə deyil. Biz daha tarazlaşdırılmış, proqnozlaşdırılmış neft qiymətlərinin tərəfdarıyıq".Onu deyim ki, bahalı malı, istər neft-qaz olsun, istərsə də qeyrisi, bazarda satmaq çətindir. Çünki qlobal bazarda ölkələrin alıcılıq qabiliyyəti də müxtəlifdir. Bahalı qiymət son nəticədə müştərinin qənaət etməsinə, satıcının isə satış həcmlərinin azalmasına gətirib çıxarır. Ona görə də istehsalçı, malın daşıyıcısı və istehlakçını qane edəcək stabil qiymətin formalaşması bazar iştirakçılarının hər biri üçün vacib amildir.bp hasilatı artırmaq niyyətindədirAzərbaycanın enerji sektoru üçün mühüm bir hadisə də bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Covanni Kristofolinin gələcək işlərlə bağlı açıqlamaları olub. Onun sözlərinə görə, BP şirkətinin qlobal strategiyası neft və qaz hasilatının artırılmasına yönəlib və bu baxımdan Azərbaycan şirkətin strateji planlarına tam uyğun gələn mühüm istiqamət kimi nəzərdən keçirilir."Şirkətimizin qlobal miqyasda strategiyası neft və qaz hasilatının artırılmasından ibarətdir. Biz neft-qaz sahəsində böyümək istəyirik və ona görə də çox istəyərdik ki, bundan sonra da Azərbaycan Dövlət Neft Şirkəti  ilə işləyək", deyə bp-nin regional rəhbəri bildirib və əlavə edib ki, hazırda şirkət SOCAR-la Özbəkistanın Üstyurt layihəsində birgə fəaliyyət imkanlarını öyrənir. Onun sözlərinə görə, hazırda müzakirələr aparılır, əgər hər şey tərəfləri qane edəcək səviyyədə alınarsa, onda bu, bizə həmin layihə çərçivəsində uğurlu nəticə əldə etmək üçün SOCAR-la bacarıq və biliklərimizi birləşdirməyə imkan yaradacaq.Qeyd edim ki, SOCAR 2025-ci il iyulun 24-də Özbəkistanın Energetika Nazirliyi və "Özbəkneftqaz"la “Üstyurt” neft-qaz regionunun investisiya bloklarında kəşfiyyat işlərinin aparılması üzrə müqavilə imzalayıb.“Qarabağ” yatağında nələr planlaşdırılır? bp rəhbərinin toxunduğu ən maraqlı məsələ isə "Qarabağ" yatağında 2029-cu ilin sonunadək neft-qaz hasilatına başlamaq üçün aparılan işlərlə bağlı olub. Belə ki, bp artıq dəniz obyektlərinin layihələndirilməsinə başlayıb. Onun sözlərinə görə, işləri sürətləndirmək məqsədi ilə hasilatın dənizdə platforma tikilmədən aparılması olacaq. Hasilat sualtı avtomatlaşdırılmış qurğularla əvvəlcədən qazılmış quyuların istismarı vasitəsi ilə həyata keçiriləcək. Hasil edilən karbohidrogenlər isə yeni sualtı  boru kəmərləri vasitəsilə mövcud "Dərinsulu Günəşli" platforması ilə birləşdiriləcək. Buradan isə xammal Səngəçal terminalına nəql ediləcək. Bu, Xəzər dənizində neft hasilatında tətbiq edilən ilk yeni üsul olacaq.  Kristofoli əlavə edib ki, sualtı boru kəmərlərinin tikintisi də yeni texnologiya ilə aparılacaq - dənizdə borudüzən gəmidən istifadə edilməklə deyil, quruda həyata keçiriləcək. Boru kəmərləri biri-biri ilə sahildə quraşdırılacaq və suyun üzü ilə sürüşdürmə üsulu ilə yatağa çatdırılacaq. Bu texnologiyadan indiyə qədər ancaq Şimal dənizində istifadə edilib və Xəzərdə ilk dəfə məhz “Qarabağ” yatağının işlənməsi zamanı tətbiq ediləcək.Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
1
bizim.media

2Mənbələr