Pakistanın informasiya və yayım naziri Attaullah Tarar bildirib ki, zərbələr nəticəsində Əfqanıstan hərbi qulluqçularına və Fitnə əl-Xəvaric qrupunun döyüşçülərinə məxsus texniki avadanlıqların saxlanıldığı tunel də məhv edilib.
Pakistanın informasiya və yayım naziri Attaullah Tarar bazar günü gecəsi Əfqanıstanın Qəndəhar əyalətindəki hərbi obyektlərə və terrorçuların sığınacaqlarına zərbələr endirildiyini açıqlayıb.
O, X-də yazıb: "Bu hücumlar zamanı Pakistan qüvvələri həmçinin Qəndəhardakı texniki dəstək infrastrukturunu və saxlama obyektlərini məhv ediblər. Bu obyektlər Əfqanıstan Talibanı və terrorçuları tərəfindən Pakistan vətəndaşlarına hücum etmək üçün istifadə edilib". Tararın sözlərinə görə, zərbələr nəticəsində Əfqanıstan ordusuna və Fitnə əl-Xəvaric qrupunun döyüşçülərinə məxsus texniki avadanlıqların saxlanıldığı tunel də məhv edilib.
Martın 13-də Əfqanıstan Müdafiə Nazirliyi Pakistanın Xayber Paxtunxva əyalətində, eləcə də Pakistanın paytaxtı İslamabadda hərbi obyektlərə zərbələr endirildiyini bildirib. Pakistan ordusunun mətbuat xidmətinin açıqlamasına görə, bütün dronlar vurulub və hədəflərinə çatmayıb. Hücumdan sonra Pakistan prezidenti Asif Əli Zərdari Kabilin "qırmızı xətti keçdiyini" elan edib.
26 fevral axşamı Pakistan-Əfqanıstan sərhədində döyüşlər yenidən başlayıb. Kabil Pakistanın Əfqanıstan ərazisinə son hava hücumlarına cavab olaraq hərbi əməliyyat keçirdiyini açıqlayıb. Pakistanın müdafiə naziri Xavaca Asif ölkəsi ilə Əfqanıstandakı Taliban hökumətinin hazırda açıq silahlı münaqişə vəziyyətində olduğunu açıqlayıb.
Əziz Mustafa