AZ

Moody’s: Yeni nəzarət strategiyası Azərbaycanda bank sektorunu gücləndirəcək

ain.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Azərbaycan Mərkəzi Bankının (AMB) 2026–2027-ci illər üçün təsdiqlədiyi Bank Nəzarəti Strategiyası bank sektorunda tətbiq olunan risk əsaslı nəzarət modelini daha da genişləndirəcək.

Bu barədə “APA-Economics”ə "Moody’s Ratings" beynəlxalq reytinq agentliyindən bildirilib.

Qeyd edilib ki, bu model Dünya Bankı tərəfindən dəstəklənən Maliyyə Sektorunun Modernləşdirilməsi layihəsi çərçivəsində hazırlanıb və bank nəzarətinin beynəlxalq standartlara, o cümlədən Basel III prinsiplərinə daha çox uyğunlaşdırılmasını nəzərdə tutur.

Analitiklərin fikrincə, yeni strategiya bankların risk idarəetmə imkanlarını gücləndirəcək, kapital və likvidlik planlaşdırmasını yaxşılaşdıracaq və maliyyə sisteminin makroiqtisadi şoklara qarşı dayanıqlığını artıracaq. Strategiya həmçinin bankların biznes modellərinin davamlılığını və korporativ idarəetmə sistemini gücləndirməyə kömək edəcək.

Yeni nəzarət çərçivəsində banklardan Daxili Kapital Yetərliliyi Qiymətləndirmə Prosesi (ICAAP) və Daxili Likvidlik Yetərliliyi Qiymətləndirmə Prosesi (ILAAP) kimi mexanizmlərin tətbiqi tələb olunacaq. Bu yanaşma bankların stress ssenariləri zamanı kapital və likvidlik ehtiyatlarını daha real qiymətləndirməsinə imkan verəcək.

Moody’s bildirir ki, yeni nəzarət standartları bank sektorunda aktivlərin keyfiyyətinə nəzarəti, likvidlik idarəetməsini və gəlirliliyi yaxşılaşdıracaq.

Vurğulanıb ki, dəyişikliklər bəzi banklar üçün daha nəzərəçarpacaq olacaq. Xüsusilə mümkün zərərləri qarşılamaq üçün kapital ehtiyatı daha məhdud olan və ya aktivlərin keyfiyyəti nisbətən zəif olan banklarda risk idarəetməsinin gücləndirilməsi daha əhəmiyyətli nəticə verə bilər. "Moody’s"in qiymətləndirməsinə görə, "Kapital Bank", "Xalq Bank" və "Bank Respublika"da bəzi göstəricilər sektor üzrə digər banklarla müqayisədə daha həssasdır:

"Məsələn, "Xalq Bank"da problem kreditlərin payı nisbətən yüksəkdir, "Kapital Bank" və "Bank Respublika"da isə mümkün zərərləri qarşılamaq üçün kapital ehtiyatı bəzi digər banklarla müqayisədə daha aşağıdır".

Moody’s hesab edir ki, yeni nəzarət mexanizmləri bu banklarda risklərin idarə edilməsinin daha da güclənməsinə kömək edə bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
4
apa.az

5Mənbələr