AZ

Avstraliya və Yaponiya Hörmüz boğazına hərbi gəmilər göndərməkdən imtina edib

Yaponiya hökuməti hazırda Hörmüz boğazı akvatoriyasında patrul xidməti aparmaq üçün öz Hərbi Dəniz Qüvvələrinin göndərilməsi variantını nəzərdən keçirmir.

"Report" xəbər verir ki, bunu Yaponiya müdafiə naziri Şinciro Koizumi parlament debatları çərçivəsində çıxış edərkən bildirib.

"Hazırkı məqamda özünümüdafiə qüvvələrinin göndərilməsi gündəlikdə deyil", - nazir parlamentarilərin müvafiq sorğusuna belə cavab verib.

Bununla yanaşı, Koizumi qeyd edib ki, nəzəri cəhətdən mövcud hüquqi baza Yaponiya vətəndaşlarının "həyatının, sağlamlığının və ya əmlakının" mühafizəsinin təmin edilməsi zərurəti olduğu təqdirdə, yapon gəmilərinin bu regiona yerləşdirilməsinə icazə verir. Eyni zamanda, hərbi idarənin rəhbəri Yaxın Şərqdəki hazırkı vəziyyətin bu ssenarinin meyarlarına uyğun olub-olmadığı barədə şərh verməkdən çəkinib.

Avstraliyanın infrastruktur və nəqliyyat naziri Ketrin Kinq də eyni məzmunda çıxış edib. O, "ABC" radiostansiyasının efirində bildirib ki, ölkə müdafiəyə kömək göstərmək üçün Birləşmiş Ərəb Əmirliklərinə hərbi təyyarə göndərəcək, lakin regiona milli Hərbi Dəniz Qüvvələrinin gəmilərini göndərməyəcək.

"Bizdən bunu xahiş etməyiblər və bu işdə [Hörmüz boğazında gəmiçiliyin bərpasında] iştirak etmirik. Hörmüz boğazına gəmilər göndərmək niyyətində deyilik", - Kinq bildirib.

Daha əvvəl xəbər verilmişdi ki, Almaniya və Böyük Britaniya da öz gəmilərinin Hörmüz boğazına göndərilməsini nəzərdən keçirmir.

Seçilən
88
4
far.az

5Mənbələr