Almaniya İkinci Bundesliqasında 26-cı turun mərkəzi qarşılaşmalarından olan “Cənub-Qərb dərbisi”ndə “Kayzerslautern” öz meydanında “Karlsrue”ni qəbul edib. Gərgin keçən matç meydan sahiblərinin 3:0 hesablı parlaq qələbəsi ilə yekunlaşıb.
İdman.Biz xəbər verir ki, turnir cədvəlində qonşu olan komandaların mübarizəsinə “Kayzerslautern” fırtına kimi başlayıb. Artıq 3-cü dəqiqədə Semih Şahinin uzaq məsafədən vurduğu möhtəşəm qol hesabı açıb. 14-cü dəqiqədə isə Merqim Berişa fərqi ikiyə çatdıraraq komandasını rahatladıb.
Matçın son nöqtəsini isə Azərbaycan millisinin hücumçusu Mahir Emreli qoyub. Oyuna sonradan daxil olan Mahir 90+4-cü dəqiqədə rəqib cərimə meydançasında yaranan qarışıqlıqdan maksimum yararlanaraq topu qapıya göndərib - 3:0.
Bu qələbə sayəsində xallarının sayını 40-a çatdıran “Kayzerslautern” turnir cədvəlində mövqeyini möhkəmləndirib. Komanda növbəti turda, martın 21-də səfərdə “Nürnberq”in qonağı olacaq.