AZ

BƏƏ-də İranın hücumları ilə bağlı sosial media paylaşımlarına görə 25 nəfər həbs edildi

BƏƏ-də İranın hücumları ilə bağlı paylaşımlar edən 25 nəfərin həbs ediləcək.

Redaktor.az xəbər verir ki, bu barədə WAM xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, Birləşmiş Ərəb Əmirliklərinin Baş Prokurorluğu İranın hücumları ilə bağlı sosial mediada foto və videolar paylaşaraq milli müdafiəyə zərər vurduğu iddia edilən 25 şəxsin həbsinə icazə verib.

BƏƏ-nin baş prokuroru Həməd Saif Əl-Şəmsi bildirib ki, saxlanılanların hamısı – Banqladeş, Misir, Hindistan, Nepal, Pakistan və Filippin vətəndaşlarıdır və onlar sürətləndirilmiş məhkəmə proseslərinə cəlb olunacaqlar.

Onun sözlərinə görə, təqsirləndirilən şəxslər üç qrupa bölünür: İranın real hücumlarının foto və videolarını çəkib yayanlar, hücumları “tərifləyən” süni intellekt vasitəsilə hazırlanmış videoları paylaşanlar və İran rəhbərliyinə və onun hərəkətlərinə heyranlıq ifadə edən paylaşımlar edənlər.

Əl-Şəmsi qeyd edib ki, birinci qrupda olan şəxslər hücumların özünü və nəticələrini, həmçinin insanların reaksiyalarını lentə alaraq ictimai həyəcan və panika yaratmaq məqsədilə müxtəlif şərhlər və səs effektləri əlavə ediblər.

Baş prokuror bildirib ki, bu cür görüntülər müdafiə imkanlarının ifşa olunması riskini yaradır və düşmən mənbələrinə hadisələrin təhrif olunmuş versiyalarını yaymaq imkanı verir.

O əlavə edib ki, ikinci qrupda olan şəxslər ya neyron şəbəkələri ilə yaradılmış, ya da başqa ölkələrdə çəkilmiş saxta videolar yayımlayıb, onların daha real görünməsi üçün görüntülərə BƏƏ bayraqları əlavə ediblər.

Əl-Şəmsinin sözlərinə görə, üçüncü qrup isə “düşmən dövləti və onun siyasi-hərbi rəhbərliyini tərifləyən, regional hərbi təcavüzü nailiyyət kimi təqdim edən paylaşımlar” hazırlayaraq milli maraqlara zərər vuran təbliğat aparıb.

Aminə ŞAHSUVARQIZI

Seçilən
16
1
redaktor.az

2Mənbələr