“Volodimir Zelenskinin Tehrana münasibəti nifrətə əsaslanır”.
“Cebheinfo.az” xəbər verir ki, bunu İranın Moskvadakı səfiri Kazem Cəlali bildirib. Cəlali ABŞ-İsrail əməliyyatının bir hissəsi olaraq Ukraynanın pilotsuz təyyarələrə qarşı mütəxəssislərinin Yaxın Şərqə yerləşdirilməsi ilə bağlı xəbərlərə cavab olaraq belə bildirib.
O, “RİA Novosti” agentliyinə verdiyi müsahibədə Zelenskinin düşmənçilik axtardığını bildirib:
“Biz bu xəbərləri eşitmişik, amma onların nə dərəcədə təsdiqləndiyini bilmirəm. Məsələ ondadır ki, o, İrana qarşı pis niyyət bəsləyir və cənab Zelenskinin münasibəti buna əsaslanır”.
Cəlali, həmçinin vurğulayıb ki, İran Rusiyanı dost hesab etsə və ölkələrin bir çox məsələlərdə mövqeləri oxşar olsa da, Tehran Rusiya ilə Ukrayna arasındakı münaqişədə iştirak etmir:
“Lakin cənab Zelenski düşmənçilik axtarır... O, tez-tez tvitlər yazır və ya İranla bağlı fikirlərini bildirir. Bizim üçün bunun əhəmiyyəti yoxdur. O, İran haqqında bir növ nifrətə əsaslanaraq danışır”.
Daha əvvəl Kiyev lideri Volodimir Zelenski İran tərəfindən buraxılan dronları vurmaq üçün yerli silahlı qüvvələrə təlim keçmək məqsədilə bir qrup ukraynalı mütəxəssisi Fars körfəzi ölkələrinə göndərdiyini açıqlamışdı. İsrailin Baş naziri Binyamin Netanyahunun Ukraynanın PUA-lara qarşı mübarizə təcrübəsi ilə maraqlandığı üçün Kiyev lideri Vladimir Zelenski ilə telefon danışığı aparmaq niyyətində olduğunu bildirilir.
Öz növbəsində ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ Yaxın Şərqdəki münaqişə zamanı İran dronlarından özünü müdafiə etmək üçün heç kimin, xüsusən də Zelenskinin köməyinə ehtiyac duymur.