İranın yeni Ali Rəhbəri Müctəba Xameneinin taleyi ilə bağlı dünya mətbuatında şok məlumatlar yayılmaqda davam edir.
"Yeni Sabah" xəbər verir ki, Küveytin "Əl-Cəridə" nəşri Ali Rəhbərə yaxın mənbələrə istinadən Müctəba Xameneinin gizli bir əməliyyatla müalicə olunmaq üçün Moskvaya təxliyə edildiyini yazıb.
Mənbə iddia edir ki, fevralın 28-də İsrailin endirdiyi raket zərbələri zamanı ağır yaralanan Xameneiyə yardım təklifi şəxsən Rusiya Prezidenti Vladimir Putindən gəlib və İran rejimi bu təklifi qəbul edib.
Xüsusi hərbi təyyarə ilə Moskvaya çatdırılan liderin orada dərhal cərrahi əməliyyat olunduğu və hazırda özəl klinikalardan birində müalicəsinin davam etdirildiyi bildirilir.
Eyni zamanda, İranın islahatçı dairələrindən sızan məlumatlar rəsmi Tehranın yaydığı "liderin müraciəti" ətrafındakı müəmmanı daha da dərinləşdirib.
İddia olunur ki, dövlət televiziyasında oxunan qısa müraciət mətni, əslində, Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani tərəfindən hazırlanıb və Müctəba Xameneinin öz xalqına müraciət etməsindən belə xəbəri olmayıb.
Bu hadisə İranda hakimiyyət boşluğunun yarandığı və ölkənin pərdəarxası "kollektiv rəhbərlik" tərəfindən idarə edildiyi barədə şübhələri pik həddə çatdırıb. (Musavat.com)
Telegram kanalımız