Bu münaqişə, şübhəsiz, Azərbaycanın maraqlarına cavab vermir.
Bir tərəfdə ABŞ və İsrail dayanır. ABŞ — Azərbaycanın yeni və qüdrətli tərəfdaşıdır; elə bir tərəfdaş ki, yaxın vaxtlara qədər ölkəmizin adını belə düzgün tələffüz edə bilmirdi, amma bu gün Zəngəzur dəhlizinin açılmasına dəstək vəd edir. Əlbəttə, bunlar hələlik yalnız quru vədlərdir. Biz yaxşı bilirik ki, bu cür vədlər, məsələn, 2008-ci ildə Gürcüstan üçün necə nəticələndi: verilən təminatlara baxmayaraq, ABŞ Tbilisini dəstəkləmədi və Rusiya müharibədə qalib gələrək Abxaziyanı tam şəkildə Gürcüstanın tərkibindən çıxartdı.
Tamamilə başqa məsələ İsraildir — Azərbaycanın köhnə və heç də az qüdrətli olmayan tərəfdaşı. O, Qarabağın azad edilməsindən əvvəl, müharibə zamanı və ondan sonra bütün razılaşmalara sadiqliyini sübut edib. Tərəfdaşlıq, xüsusilə, müxtəlif sahələrdə rəqəmsal həllərin təmin olunmasında, hərbi-sənaye əməkdaşlığının inkişafında, eləcə də Azərbaycanın maraqlarının dünya siyasətinin mürəkkəb labirintlərində geniş miqyasda lobbiləşdirilməsində özünü göstərib.
Digər tərəfdə isə İran dayanır — qədimdən bəri mövcud olan və eyni zamanda qüdrətli qonşu; onun ərazisində iyirmi milyondan çox yerli azərbaycanlı — bizim qardaş və bacılarımız yaşayır. Dövri olaraq yaranan regional fikir ayrılıqlarına baxmayaraq, İran 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub. O, Qarabağ müharibəsi dövründə azərbaycanlı qaçqınların kompakt yaşayış düşərgələrinin yaradılmasına yardım edib və ərzaq dəstəyi göstərib və bu günə qədər blokada vəziyyətində olan Naxçıvanla quru yolla əlaqəsini təmin edir.
Lakin Azərbaycan da borclu qalmayıb. İranla İsrail koalisiyası arasında gərginliyin mövcud olduğu bütün dövrdə Azərbaycan heç vaxt üçüncü ölkələrə öz ərazisindən İrana zərbələr endirmək üçün istifadə etməyə imkan verməyib. 2020-ci ilin martında infeksiya ilə mübarizə məqsədilə Azərbaycan İrana 5 milyon ABŞ dolları həcmində yardım göstərib və bu gün də göstərir. Bu da bizim Çemberlenə cavabımız.
Nəticə olaraq, üç od arasında qalan bizim Azərbaycan — faktiki Flame Towers Geosiyasəti.
O ki qaldı İqtisadi vəziyyətə... Bəli, neftin qiyməti artır və qısamüddətli perspektivdə Azərbaycan, əlbəttə ki, müəyyən iqtisadi qazanc əldə edəcək. Lakin siyasi xərclər daha ağır ola bilər.
İran regionda, ilk növbədə hərbi-siyasi əməkdaşlıq sahəsində çox mühüm oyunçudur. Müharibə şəraitində Azərbaycanın İrandakı imici qaçılmaz olaraq zərər görür. Həm Təbriz elitası, həm də İrandakı azərbaycanlı cəmiyyətinin geniş təbəqələri görür ki, Azərbaycan ABŞ və İsraillə qarşıdurmada İrana birbaşa dəstək vermir. Ola bilsin ki, bu, etimad səviyyəsini azaldır, lakin yalnız məlumatlı adamlar anlayırlar ki, bu halda məhz belə vəziyyət hər iki tərəf üçün faydalı ola bilər.
Azərbaycan bu münaqişədə hansı rolu oynaya bilər?
Azərbaycan nəzəri olaraq vasitəçi kimi çıxış edə bilərdi. O, münaqişənin bütün tərəfləri ilə yaxşı münasibətlərə malikdir. Lakin indiki mərhələdə İran özü danışıqlara meylli deyil.
Bu mənada Azərbaycanın Rusiya və bir sıra ərəb ölkələri ilə müqayisədə üstünlüyü var: onlar da vasitəçi olmağa çalışırlar, lakin mümkün razılaşmaların icrasına təminat vermək üçün kifayət qədər siyasi imkanlara malik deyillər.
Azərbaycan artıq İrana diplomatik dəstək göstərir. Prezident Əliyev növbəti dəfə bəyan edib ki, Azərbaycan dost İran əleyhinə hərbi əməliyyatlar üçün platsdarm olmayacaq. “Anadolu Ajansı” agentliyinin məlumatına görə, o, yeni ayətullah Möctəba Hüseyn Xameneini ilk təbrik edənlərdən biri olub və raket zərbələri nəticəsində humanitar yardım göndərib.
Beləliklə, Azərbaycan sadəcə balanslaşdırıcı rol oynayan dövlət deyil. O, potensial olaraq kommunikasiya nöqtəsinə çevrilə bilər. Bu çox incə, lakin prinsipial əhəmiyyət daşıyan fərqdir. Əgər balanslaşdırma siyasəti passiv mövqedirsə, kommunikasiya nöqtəsi rolu artıq aktiv funksiyanı ifadə edir. Başqa sözlə, əgər region uzunmüddətli münaqişəyə daxil olarsa, Azərbaycan tədricən üç sistemin kəsişmə nöqtəsinə çevrilə bilər:
— Qərbin təhlükəsizlik sistemi
— İran-Yaxın Şərq sistemi
— Avrasiya geosiyasi sistemi
Belə hallara tarixdə nadir rast gəlmək olur. Məsələn, Soyuq müharibə dövründə Finlandiya müəyyən mənada belə bir rol oynayırdı. Türkiyə də uzun müddət NATO ilə Şərq arasında oxşar funksiyanı yerinə yetirib. Bu gün isə Cənubi Qafqazda belə potensiala malik yeganə dövlət Azərbaycandır.
Münaqişənin inkişafının hansı ssenariləri mümkündür?
Mən üç əsas variant görürəm:
1. ABŞ və İsrail ilk həftələrdə İrana ciddi zərbə vurur, bundan sonra isə əməliyyatı dayandırırlar — bəlkə də kapitulyasiya və ya rəsmi razılaşma olmadan. Çünki koalisiya hələ də öz məqsədlərini tam müəyyənləşdirməyib: İranda etirazları dəstəkləmək, nüvə proqramını məhv etmək, yoxsa rejim dəyişikliyinə nail olmaq.
2. İran ABŞ və İsraili daha uzunmüddətli, tükəndirici münaqişəyə sürükləyir və bununla hər iki ölkənin iqtisadiyyatına nəhəng zərər vurur.
3. Çin və Rusiya münaqişəyə cəlb olunur — və o zaman müharibə ya tezliklə başa çatacaq, ya da üçüncü dünya müharibəsinə çevriləcək.
Hələlik mənə ən real görünən ikinci ssenaridir.
On iki günlük müharibədən fərqli olaraq, hazırda qeyri-müəyyənlik səviyyəsi xeyli yüksəkdir. İran rəhbərliyinin bir hissəsini itirib və demək olar ki, dərhal eskalasiyaya keçib — regiondakı Amerika hərbi bazalarına zərbələr endirməyə başlayıb. Döyüş əməliyyatları getdikcə daha intensiv xarakter alır. Qarşıdurmaya İranın Livan, Yəmən və İraqdakı müttəfiqləri də cəlb olunur.
Eyni zamanda İran resurs baxımından on dəfələrlə az xərcləyir, heç olmasa ona görə ki, müharibə onun öz ərazisində gedir. Belə vəziyyətdə daha demokratik olan ABŞ və İsrail ciddi daxili təzyiqlə üzləşə bilər və İranda da genişmiqyaslı xalq üsyanları yaratmaq üçün onun enerji infrastrukturuna zərbələr endirməyə başlaya bilər. Bir şey aydındır: bu münaqişə, böyük ehtimalla, on iki günlük müharibədən daha uzunmüddətli və daha qəddar olmaq ehtimalı çoxdur.
KİV-də belə məlumat yayılıb ki, Mərkəzi Kəşfiyyat İdarəsi guya İranda xalq üsyanı yaratmaq üçün kürd silahlı dəstələrini silahlandırmaq üzərində işləyir. Bu plan İran kürdləri arasında dəstək qazana bilərmi?
Bu son dərəcə təhlükəli perspektivdir — kürd üsyanını qızışdırmaq.
Şübhəsiz ki, kürdlər arasında həm muxtariyyətə, həm də siyasi hüquqların genişləndirilməsinə tələbat var. Lakin bu gün İran Kürdüstanında belə bir rol oynaya biləcək təşkilatlanmış siyasi, hətta silahlı hərəkat yoxdur.
Əgər belə bir hərəkatı kənardan yaratmağa cəhd edilsə, nəticələr fəlakətli ola bilər. İndiyədək bu cür meyllərlə İran hakimiyyəti və teokratiya tərəfdarları mübarizə aparırdı. Lakin əgər qarşıdurmaya millətçi qüvvələr — ilk növbədə Urmiyanın yerli sakinləri olan azərbaycanlılar da qoşulsalar, vəziyyət tamamilə başqa məcraya keçə bilər.
Kürd məsələsinin qızışdırılması İranın dağılmasına gətirib çıxara bilər — halbuki əslində belə bir ssenarini nə ABŞ, nə də İsrail istəyir. İkinci Əfqanıstan təkcə regionu yox, bütün dünyanı partlada bilər.
P.S. Tarix göstərir ki, sivilizasiyalar arasında müharibələr nadir hallarda tərəflərdən birinin tam qələbəsi ilə başa çatır. Əksər hallarda onlar müvəqqəti atəşkəslə bitir — və növbəti raunda hazırlıqla davam edir.