Modern.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Martın ortaları olsa da, Azərbaycanda hava şəraiti daha çox gecikmiş qışı xatırladır. Ölkənin müxtəlif bölgələrində müşahidə olunan kəskin hava dəyişiklikləri göstərir ki, bu il mövsümi keçid məcrasında getmir. Adətən mart ayında temperatur tədricən yüksəlir, yağıntılar nisbətən yumşaq xarakter alır, təbiətdə canlanma hiss olunur. Bu dəfə isə mənzərə tam fərqlidir. Yağış, qar, dolu, güclü külək və hətta sel təhlükəsi var və bunlar göstərir ki, atmosfer prosesləri qeyri-sabit fazaya daxil olub.
Milli Hidrometeorologiya Xidmətinin yaydığı son xəbərdarlıq da vəziyyətin ciddiliyini təsdiqləyir. Məlumata görə, bu gündən başlayaraq martın 18-dək Azərbaycanın qərb rayonlarından etibarən hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Dağlıq və dağətəyi ərazilərdə qar yağacağı, bəzi məntəqələrdə yağıntının intensiv xarakter alacağı bildirilir. Ayrı-ayrı rayonlarda şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı da var. Bununla yanaşı, çaylarda sululuğun artacağı, xüsusilə Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli sel keçəcəyi proqnozlaşdırılır.
Əslində, artıq bu xəbərdarlığın reallıqda özünü göstərdiyini söyləmək mümkündür. Səhər saatlarından etibarən ölkə ərazisinin bir çox hissəsində hava şəraiti kəskin dəyişib. Buludluluq artıb, temperatur enib, yağıntılar güclənib. Bu da onu göstərir ki, qarşıdakı günlərdə hava ilə bağlı risklər daha diqqətli izlənməlidir.
Mütəxəssislərin fikrincə, mart ayında belə sərt və qeyri-stabil hava şəraiti həm sosial həyat, həm də iqtisadi sahələr üçün müəyyən fəsadlar yarada bilər. İlk növbədə insan orqanizmi bu cür hava dəyişikliklərinə həssas reaksiya verir. Temperaturun qısa zaman ərzində kəskin enib-qalxması xüsusilə xroniki xəstəliklərdən əziyyət çəkən insanlar üçün risk yaradır. Ürək-damar sistemi xəstəlikləri olanlarda arterial təzyiqin dəyişməsi, baş ağrıları, halsızlıq və ritm pozuntuları daha çox müşahidə oluna bilər. Soyuq və rütubətli hava revmatizm, oynaq ağrıları və tənəffüs yolu problemlərini də artırır.
Həkimlərin fikrincə, belə hava şəraiti mövsümi virus infeksiyalarının yayılmasını da sürətləndirir. Yaz fəslinin başlanğıcında insanların daha yüngül geyimə keçməsi fonunda havanın yenidən sərtləşməsi soyuqdəymə, qrip və bronxial problemlərin artmasına səbəb olur. Xüsusilə uşaqlar, yaşlılar və immun sistemi zəif olan şəxslər bu dəyişikliklərdən daha çox təsirlənirlər. Güclü külək, rütubət və temperatur fərqi allergik həssaslığı olan insanlarda da əlavə narahatlıqlar yarada bilər. Bu baxımdan, qarşıdakı günlərdə əhali hava proqnozlarını diqqətlə izləməli, gündəlik rejim və geyim seçimində daha ehtiyatlı davranmalıdır.
Kəskin hava dəyişikliklərinin təsiri insan sağlamlığı ilə məhdudlaşmır. Aqrar sahə üçün də bu proseslər təhlükələr yaradır. Mart ayı kənd təsərrüfatında xüsusilə həssas dövr hesab olunur. Çünki bir sıra bölgələrdə ağaclar tumurcuqlanmağa, eçiçəkləmə prosesi başlamğa meylli olur. Eyni zamanda əkin dövrü başlayır. Məhz bu mərhələdə yağan qar, düşən dolu və temperaturun aşağı enməsi meyvə bağlarına ciddi zərbə vurur, əkini gecikdirir. Ümumən proses meyvə-tərəvəzçiliyə ciddi ziyan vurur.
Dağlıq və dağətəyi rayonlarda qar yağışı otlaq sahələri və maldarlıq üçün də əlavə çətinliklər yaradır.
Bütün bunlar göstərir ki, söhbət sadəcə qeyri-adi mart havasından getmir. Hava hadisələrinin yaratdığı çoxşaxəli təsirlərdən danışmaq lazımdır. Bir tərəfdən insanların sağlamlığı və gündəlik həyatı risk altına düşür, digər tərəfdən kənd təsərrüfatı sahəsində mövsümün başlanğıc mərhələsi təhlükə ilə üz-üzə qalır.
Martın ortasında belə sərt hava şəraiti bir daha göstərir ki, təbiət öz klassik ritmindən kənara çıxanda həyatın bütün sahələrində hiss olunur. Azərbaycanda müşahidə edilən son hava mənzərəsi də məhz belə bir dövrün yaşandığını ortaya qoyur.
Aytac ŞİRİNOVA
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.