Formula 1 üzrə dünya çempionatının 2026-cı il mövsümünün Bəhreyn və Səudiyyə Ərəbistanında keçiriləcək qran-priləri ləğv edilib.
Arena.az bu barədə Formula 1-in mətbuat xidmətinə istinadən xəbər verir.
Belə ki, yarışın təşkilatçıları Yaxın Şərqdəki vəziyyət fonunda Bəhreyn və Səudiyyə Ərəbistanındakı qran-pri mərhələlərinin ləğv olunması barədə qərar qəbul edib. Qeyd olunur ki, təşkilatçılar yarışların təşkili üçün müxtəlif alternativ variantları nəzərdən keçiriblər, lakin nəticədə mərhələlərin dəyişdirilməsindən imtina etmək qərarına gəliblər.
Formula-1-in prezidenti və baş direktoru Stefano Domenikali qeyd edib ki, bu, regionda mövcud vəziyyəti nəzərə alaraq mürəkkəb, lakin zəruri qərar idi.
Öz növbəsində Beynəlxalq Avtomobil Federasiyasının (FİA) prezidenti Məhəmməd bin Sülayem Bəhreyn və Səudiyyə Ərəbistanının çempionatın təqvimində mühüm rol oynadığını vurğulayıb. O, şərait imkan verdiyi zaman yarışların bu ölkələrə qaytarılacağına ümid etdiyini bildirib.
Xatırladaq ki, Bəhreyndə qran-pri aprelin 10-12-də, Səudiyyə Ərəbistanında isə 17-19-da keçirilməli idi. Yaponiya qran-prisindən sonra (27-29 mart) çempionatda dörd həftəlik fasilə yaranacaq. Növbəti mərhələ mayın 1-3-də Mayamidə (ABŞ) keçiriləcək.
