AZ

Daşkənddə Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq elmi seminar keçiriləcək

ain.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanin Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli və Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin rektoru Gülçöhrə Rixsiyeva arasında görüş keçirilib. 

Görüş zamanı 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq elmi seminarın təşkili məsələləri müzakirə edilib.

Akif Marifli bildirib ki, bu elmi tədbirin təşkili Azərbaycan Prezidenti İlham Əliyevin Birinci Türkoloji Qurultayın 100 illiyinin qeyd olunması ilə bağlı müvafiq Sərəncamına uyğun olaraq həyata keçirilir. Onun sözlərinə görə, Özbəkistanda belə bir seminarın təşkili türkoloji tədqiqatların inkişafı, alimlər arasında elmi əlaqələrin möhkəmləndirilməsi və Azərbaycan ilə Özbəkistan arasında akademik əməkdaşlığın genişlənməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Direktor qeyd edib ki, bu tədbirin Azərbaycandan gələn tanınmış alimlərin, həmçinin Özbəkistanın elmi ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilməsi nəzərdə tutulur. 

Universitetin rektoru Gülçöhrə Rixsiyeva belə bir elmi seminarın universitetdə keçirilməsi təşəbbüsünü yüksək qiymətləndirərək bildirib ki, bu ali təhsil ocağında türkoloji tədqiqatların inkişafına xüsusi diqqət yetirilir. O vurğulayıb ki, belə elmi forumların təşkili elmi dialoqun genişlənməsinə, akademik əməkdaşlığın inkişafına və Azərbaycan ilə Özbəkistan arasında universitetlərarası əlaqələrin möhkəmlənməsinə xidmət edir.

Sonda tərəflər beynəlxalq elmi seminarın keçirilməsinin türkoloji tədqiqatların inkişafına mühüm töhfə verəcəyinə və iki ölkə arasında elmi-humanitar əməkdaşlığın daha da dərinləşməsinə şərait yaradacağına əminlik ifadə ediblər.

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
38
1
xalqqazeti.az

2Mənbələr