AZ

Rəssam Çingiz Babayev küləyə qarşı uçuş, gizli xalça və Maykl Ceksonun burnu haqqında MÜSAHİBƏ

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 14 mart, AZƏRTAC

CHINGIZ — o, əsərlərinə belə imza atır. Onun xalçaları hekayələr danışa bilir. Yaratdığı zərgərlik əşyaları isə baxışları cəlb edir. Onun kiçik emalatxanasında sakitlik, işıqlıq və inanılmaz dərəcədə rahatlıq hökm sürür. Rəssam deyir ki, burada hər bir guşəni tanıyır və sevir. Elə bunu ilk addımdan da hiss etmək olar. Müsahibimiz Azərbaycanın müasir konseptual rəssamı və heykəltəraşı Çingiz Babayevdir. O, həm Azərbaycanda, həm də xaricdə (Avstriya, Almaniya, Polşa, Böyük Britaniya, İtaliya, Fransa, Finlandiya, Yaponiya, Vyetnam, Rusiya, Gürcüstan, Türkiyə və digər ölkələr) keçirilən çoxsaylı fərdi və qrup sərgilərində iştirak edib.

Onun yaradıcılığı rəngkarlıq, qrafika, heykəltəraşlıq, müasir xalçaçılıq, zərgərlik, fotoqrafiya, video sənəti, qapalı yerlər və açıq hava instalyasiyaları da daxil olmaqla bir çox sahəni əhatə edir. 1998-2001-ci illərdə Londondakı Madam Tüsso Mum Muzeyində çalışıb.

Ç.Babayev təkcə rəssam kimi deyil, həmçinin aktyor kimi tamaşa, teatr və kino sahələrində çalışır. O, “Neft bumu hər kəsə gülümsəyir” tamaşasının quruluşçu rəssamı olub. “Quzğun” audiovizual tamaşasında isə Ç.Babayev özünü – “küləyə qarşı uçmaqdan qorxmayan” rəssam-filosof rolunu ifa edib.

- Çingiz müəllim, fəaliyyətiniz müxtəlif incəsənət formalarını əhatə edir. Özünüzü başqa hansı sahələrdə sınamaq istərdiniz?

- Hazırda məni teatr rejissorluğu maraqlandırır. Həm rejissorluq, həm dramaturgiya, həm də aktyorluq işi – bütün bunlar çox mürəkkəbdir. Burada xüsusi biliklər tələb olunur.

Əlbəttə ki, sınamadığım sahələr də var. Yəqin ki, heç vaxt sınamayacağam. Deməliyəm ki, gəncliyimdə idmanla məşğul olmuşam. Amma günlərin birində atam mənə ultimatum verdi: ya idmanla məşğul oluram, ya da rəssamlıqla. O zaman bu barədə ciddi düşündüm. Bu, həyatımda həlledici bir an idi.

...Mən atama fərdi sərgimi həsr etdim - bu, çox böyük bir sərgi idi. Ola bilsin ki, həyatda yalnız bir və ya iki dəfə belə sərgi olur. Atam o vaxt hələ sağ idi və çox xoşbəxt idi.

Anama isə xalça həsr etdim. Həmin xalça əsasında tamaşa qurmaq istəyirəm.

- Siz tamaşada bu xalçanı göstərəcəksiniz?

- Xeyr, mən onu göstərməyəcəyəm. Amma onu xatırladan bir şey düzəldəcəyəm. Xalçanı emalatxanadan çıxarmaq fəsadlar yarada bilər; o, xarab ola bilər. Bundan əlavə, mən onu hər hansı bir yerdə nümayiş etdirməklə bağlı heç cür qərar verə bilmirəm.

O, bax oradadır, yığılıb bağlanmış vəziyyətdədir (göstərir). Onu az adam görüb. Yalnız yaxın dostlarım. Mən onu anama həsr etsəm də, müharibənin gətirdiyi əzablardan bəhs edir. Digər xalçalarımın çoxu kimi.

- Teatra hələ qayıdacağıq. İndi Madam Tüsso Muzeyi üçün mum fiqurları haqqında danışmaq istərdim. Onları necə yaratdığınız haqqında oxumuşam. Proses zamanı nə hiss etdiyiniz mənim üçün maraqlıdır. Məsələn, Maykl Ceksonun heykəlini düzəldirsiniz...

- Bir saniyə (ayağa qalxır, şkafa gedir, nəsə axtarır).

- Çingiz müəllim, Siz indi Maykl Ceksonu oradan çıxaracaqsınız?

- Xeyr! Sizə fotoalbom göstərəcəyəm. Baxın, bu qəzetdir – “London Times”, burada mənim haqqımda məqalə dərc edilib. Əlbəttə ki, o zaman risk etdim... Nyu-Yorka uçdum. Orada müsabiqə keçirilirdi. Başqa ölkələrdən də daxil olmaqla 1000 müraciət var idi və onların arasında üç nəfər azərbaycanlı - mən və iki dostum var idi. İmtahandan sonra 1000 namizəd arasından, o cümlədən biz də daxil olmaqla 50 nəfəri seçdilər. Sonra ikinci testi keçirdilər. Yalnız bundan sonra bizi Londona birbaşa işə dəvət etdilər. Biz səhərdən axşama qədər işləyirdik. O qədər çox işlədim ki, əsəb yorğunluğu yaşadım.

Nə hiss edirdim? Qəribədir ki, Maykl Ceksonu xüsusi xatırladın... O zaman hələ sağ idi. Əlbəttə ki, onun heykəlini düzəltmək bir kabus idi!

- Yəqin ki, burnuna görə?

- Ona görə... Düzünü desəm, heç nə hiss etmirdim. Sadəcə işi tez bitirmək, təhvil vermək və ayın sonunda əməkhaqqı almaq istəyirdim.

- Çingiz müəllim, Siz heç də romantik deyilsiniz…

- Mən çox romantik insanam! Amma orada heç bir romantika ola bilməzdi. İlk işim hardasa maraqlı idi. Bu, mənim üçün müəyyən mənada bir yenilik idi. Mən Londona, Madam Tüsso Muzeyinə gəldim! İşə başladığım ilk gün mənə Henri Fordun heykəlini düzəltməyə tapşırdılar. Yeri gəlmişkən, onun əlləri mənimdir. Madam Tüsso Muzeyində real əllərdən qəliblər düzəldib sonra onları mumdan tökürlər. Yəni, biz əlləri düzəltməmişik - bunu etməyin mənası yox idi, bu, əlavə vaxt aparırdı. Vaxt isə yox idi: biz ayda bir fiqur təhvil verirdik; tempi təsəvvür edirsiniz! Nəticədə mənim əllərimdən Henri Fordun əlləri üçün qəliblər düzəltdilər, həmin Maykl Cekson üçün də...

- Yeri gəlmişkən, personajların bölüşdürülməsi necə baş verirdi? Hansı prinsip əsasında?

- İlk işimiz bizə sınaq olaraq verildi. İlk ay sınaq müddəti idi. Sonra kimə nəyin veriləcəyinə qərar verirdilər - bəziləri portretlər, digərləri isə yalnız bədənlər. Portretlər ən çətin olandır. Mən həm portretlər, həm də bədənlər düzəltmişəm. Ən çətin portretləri mənə verirdilər. Nədənsə, orada qadın bədənləri üzrə mütəxəssis kimi tanındım. Amma mən Maykl Ceksonun bütün bədənini düzəltmişəm və bu, həyatımın ən çətin portreti idi, çünki onun o burnu... Ümumiyyətlə, onun bədəninin bütün üzvləri əməliyyat olunmuşdu, və bütün bunlar anatomik cəhətdən düzgün deyildi! Heykəl düzəldəndə o plastik çıxır, amma canlı görünməlidir. Çətinlik də elə bunda idi.

- Deməli, həqiqətən də heç bir mistik hekayə olmayıb?

- Heç bir mistik hekayə olmayıb, amma müxtəlif gülməli hekayələr olub. Məsələn, poza almağa məşhur “Spice Girls” üzvləri gəlmişdilər. Bax, onlarla bağlı gülməli hekayələr olmuşdu (gülür). Bu barədə Sizə başqa vaxt danışaram...

- Yaxşı, danışdıq. Gəlin, teatra qayıdaq. Teatrla qarşılıqlı fəaliyyət təcrübəniz sizə nə verdi - özünüzü həm teatr dizayneri, həm də aktyor kimi göstərdiniz...

- Özümü nə teatr dizayneri, nə də xüsusən aktyor hesab etmirəm. Amma bu təcrübə mənə çox şey verdi. Bəzi sirləri öyrəndim, bəzi texnologiyaları mənimsədim.

Mən indi hətta bir tamaşa səhnələşdirmək iddiasındayam. Bu, əvvəllər heç vaxt baş verməyib və ola da bilməzdi! İndi isə düşündüm ki, niyə də cəhd etməyim? Klassik tamaşaları səhnələşdirmək mütləq deyil. Bunu özünəməxsus tərzdə edə bilərəm, öz baxışım var. Axı səhnələşdirmənin müxtəlif formaları var.

...Anama həsr etdiyim xalçanın şəklini sizə göstərəcəyəm. Nəinki xalça, hətta onun şəklini belə az adam görüb. Xalçanın özünü açmayacağam - bu, çox vaxt aparacaq...

- Açmayın. Məmnuniyyətlə şəklə baxaram. Tamaşanızı səbirsizliklə gözləyəcəyik.

- Bəli, amma bu, tezliklə olmayacaq... Bəlkə də lap tezliklə!

Səssizcə xalçanın fotoşəklinə diqqətlə baxırıq. Mən “Quzğun” tamaşasının (əvvəllər qeyd olunmuş) da vaxtilə xalça ilə başladığını düşünürəm. Bu, qara quzğunlardan ibarət naxışlı bir xalçadır, onların arasında ümumi ritmdə uyğun olmayan tək ağ quzğun qəfildən peyda olur. Amma bu ağ quzğun küləyə qarşı uçmaqdan qorxmur.

Mən dərk edirəm ki, daha bir heyrətamiz xalça görürəm, o da bir hekayə danışır. Gördüyüm naxışı təsvir etməyəcəyəm. Tamaşanı gözləyəcəyəm.

Anara Axundova

Foto – Orxan Kərimov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
azertag.az

1Mənbələr