“Təbəssüm yarat” Xeyriyyə Təşəbbüsünün növbəti səfəri Sabirabad rayonunun Ələmbəyli kəndinə təşkil olunub. Səfər çərçivəsində kənddə yaşayan 100-ə yaxın uşağa müxtəlif hədiyyələr təqdim edilib.

Hafta.az yazır ki, layihə çərçivəsində uşaqlara məktəbli çantaları, məktəb ləvazimatları, ayaqqabı və digər hədiyyələr paylanılıb. Aksiya Novruz bayramı ərəfəsində keçirilib və əsas məqsəd uşaqların üzündə sevinc yaratmaq, onları sevindirmək olub.

Təşkilatçıların sözlərinə görə, uşaqların sevinc dolu anları bu cür sosial təşəbbüslərin nə qədər vacib olduğunu bir daha göstərir.

Layihə nümayəndələri bildiriblər ki, bu xeyirxah missiyanın həyata keçirilməsində onlara dəstək olan yardımsevər insanlar xüsusi rol oynayıb. Təşkilatçılar göstərilən etimada və yardıma görə bütün dəstəkçilərə təşəkkür ediblər.

Qeyd edək ki, “Təbəssüm yarat” Təşəbbüsü müxtəlif bölgələrdə yaşayan uşaqlara dəstək göstərmək və sosial həssas ailələrin övladlarını sevindirmək məqsədilə mütəmadi olaraq xeyriyyə aksiyaları təşkil edir.