Xəbər verdiyimiz kimi, "Neftçi" “Turan Tovuz”la oyunda azarkeşləri tərəfindən təhqiredici pankart açıldığına görə 15 min manat cərimələlənib.
Xatırladaq ki, söhbət "Forza Neftçi"nin açdığı, “ağ-qaralar”ın oyunlarındakı hakim qərarlarına etiraz əlaməti kimi üzərində “Sizə nə VAR?” sözləri yazılan pankartdan gedir. Tərəfdarlar pankartda hakimlərin AFFA-nın göstərişlərini yerinə yetirdiyinə işarə etmişdi.
Cəriməyə gəlincə, AFFA İntizam Komitəsi bu qərarı İntizam Məcəlləsinin 52.6-cı maddəsinə əsasən verib. İş ondası ki, həmin maddə azarkeşlərin davranışıyla bağlı deyil: "AFFA-ya, onun üzvlərinə, habelə onların əməkdaşlarına qarşı geniş kütlə qarşısında (habelə oyunda) və ya kütləvi informasiya vasitələrində təhqiredici davranışın (o cümlədən bu təşkilatların imicinə və nüfuzuna zərər vura biləcək hərəkətlər) edilməsi halında ən azı 10 oyun müddətinə oyuna buraxılmama, klub barəsində ən azı 15000 manat məbləğində cərimə tətbiq olunur".
Göründüyü kimi, burda azarkeşlərə dair müddəa yoxdu. Əslində AFFA klubu 52.5-ci maddəyə əsasən cərimələməliydi. Çünki həmin maddə məhz tərəfdarların davranışını əhatə edir: "Klub azarkeşləri tərəfindən təhqiredici davranışa yol verilməsi (daha çox açıq-aşkar təhqir ehtiva edən şüarların səsləndirilməsi, təhqiredici plakatların və ya vizual materialların nümayişi formasında özünü göstərir) halında azarkeşsiz oyun keçirmə, stadiona daxil olmağa qadağa, stadiona giriş qadağası qoyula bilər. Əlavə olaraq klub barəsində 5000 manatdan 8000 manata qədər cərimə tətbiq oluna bilər".
Təbii ki, bunun səbəbini öyrənmək məqsədilə komitə sədri Erkin Hüseynova müraciət etdik. Lakin o, bizi AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Murad Axundova yönləndirdi. Murad bəy isə gün ərzində sorğunu cavablayacağını bildirsə də, vədinə əməl etmədi.
KƏNAN BAHADIR
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta