AZ

Əliyev Koşta ilə, Hacıyev Stiprays ilə görüşdü: TRIPP layihəsi gecikir?

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının (Aİ) Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi, səfir Eduard Stiprays ilə görüşüb.

Görüş zamanı regional əməkdaşlıq üzrə səmərəli müzakirələr aparılıb, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və TRIPP layihələrinə xüsusi diqqət yetirilib.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu üzvlüyü nəzərə alınarsa, bu format çərçivəsində əməkdaşlıq üçün əhəmiyyətli imkanlar mövcuddur.

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Aİ ilə münasibətlər intensiv şəkildə inkişaf etməkdədir:

“Aİ ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq anlaşmamız var. Bir neçə gün öncə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Azərbaycana rəsmi səfər etdi. Bu səfər çərçivəsində çox mühüm məsələlər ətrafında müzakirələr aparıldı və açıqlamalar verildi.

Antonio Koşta Azərbaycanı bir daha Aİ-nin etibarlı tərəfdaşlarından biri adlandırdı. Bu tərəfdaşlıq yalnız əməkdaşlıqla bağlı deyil, həm də kommunikasiya və orta dəhlizlə bağlıdır. Bu mənada Hikmət Hacıyev və Eduard Stiprays arasındakı görüşdə TRIPP marşrutu ilə bağlı müzakirələr strateji əhəmiyyət kəsb edir.

Oqtay Qasımov

Ümumiyyətlə, TRIPP dəhlizi ilə bağlı ABŞ-da 8 avqust 2025-ci ildə razılaşma əldə olunub. Bu məsələyə maliyyənin ayrılması, texniki və iqtisadi əsaslandırma prosedurları yekunlaşıb. Layihənin fiziki icrasına başlanılması üçün isə müzakirələr aparılmalıdır. İlin ikinci yarısında bu gözləntilər var.

İran ətrafında baş verən məsələlər TRIPP dəhlizi ilə bağlı suallar yaradır. Azərbaycan yolun açılmasında maraqlıdır və səylərini artırıb. Ermənistan tərəfindən də bununla bağlı müəyyən fikirlər səslənib. Baş nazir Nikol Paşinyan İranda proseslərin uzanmasına görə TRIPP dəhlizinin işə düşməsi məsələsində qeyri-müəyyənliyin olacağını bəyan edib. Ümid edirik ki, məsələ tez bir zamanda həllini tapacaq və layihənin icrası gecikməyəcək.”

Turan Rzayev

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
48
globalinfo.az

1Mənbələr