Konkret.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Yaxın Şərqdə artan gərginlik fonunda dünya enerji marşrutlarının təhlükəsizliyi yenidən gündəmə gəlib. Xüsusilə, qlobal neft tədarükünün böyük hissəsinin keçdiyi Hörmüz boğazı ilə bağlı mümkün risklər beynəlxalq bazarlarda ciddi narahatlıq yaradır.
Bəs, bu strateji boğaz bağlanarsa, dünya iqtisadiyyatına hansı təsirlər göstərə bilər?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib:
“Hörmüz boğazı dünya enerji sisteminin ən kritik nöqtələrindən biridir. Yaxın Şərq regionunda yerləşən bu dar su yolu Fars körfəzi ölkələrindən çıxarılan neft və mayeləşdirilmiş qazın böyük hissəsinin beynəlxalq bazarlara daşınması üçün əsas marşrut sayılır”.
İqtisadçının sözlərinə görə, gündəlik qlobal neft ticarətinin təxminən beşdə birinə yaxın hissəsi bu boğazdan keçir. Eyni zamanda dünya bazarına çıxarılan mayeləşdirilmiş təbii qazın (LNG) 20 faizi bu yolla daşınır. Buna görə də onun bağlanması və ya ciddi şəkildə məhdudlaşdırılması dünya iqtisadiyyatında dərhal hiss olunan nəticələr yaradar.
“Belə bir ssenaridə ilk təsir enerji qiymətlərində kəskin artımla nəticələnər. Neft və qazın daşınması çətinləşdiyi üçün bazarda təklif azalır və qiymətlər sürətlə yüksəlir. Enerji qiymətlərinin artması isə təkcə yanacaq bazarına deyil, nəqliyyat, istehsal və logistika kimi bir çox sahəyə də təsir edir. Nəticədə, malların istehsalı və daşınması bahalaşır, bu da qlobal inflyasiyanı gücləndirə bilər”, — deyə ekspert əlavə edib.
Digər mühüm təsirdən bəhs edən Akif Nəsirli bildirib:
“Enerji idxalından asılı olan ölkələrdə iqtisadi sabitliyin zəifləməsi halı baş verər. Avropa və Asiyanın bir çox sənaye ölkəsi Yaxın Şərqdən gələn enerji resurslarına ehtiyac duyur. Boğaz bağlanarsa, bu ölkələr alternativ mənbələr axtarmağa məcbur qalacaq və enerji çatışmazlığı bəzi sənaye sahələrində istehsalın azalmasına səbəb ola bilər”.
“Eyni zamanda, beynəlxalq ticarət marşrutlarında risklərin artması sığorta və daşınma xərclərini yüksəldər. Tankerlərin təhlükəsizliyi ilə bağlı narahatlıq artdıqca, dəniz daşımaları daha bahalı və daha yavaş ola bilər. Bu isə qlobal ticarət zəncirlərinə əlavə təzyiq yaradar. Uzunmüddətli perspektivdə belə bir böhran ölkələri enerji siyasətlərini yenidən nəzərdən keçirməyə sövq edəcək. Alternativ marşrutların, boru kəmərlərinin və bərpa olunan enerji mənbələrinin inkişafına daha çox diqqət yetirilə bilər. Buna görə də Hörmüz boğazı ətrafında yaranan hər hansı gərginlik təkcə regional təhlükəsizlik məsələsi deyil, həm də qlobal iqtisadi sabitlik üçün ciddi strateji əhəmiyyət daşıyır”, — deyə iqtisadçı sonda vurğulayıb.
Dəniz Pənahova
KONKRET.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.