“İmişli” Azərbaycan Premyer Liqasının 24-cü turunda Quba Olimpiya İdman Kompleksinin stadionunda “Sabah”a 0:5 hesabı ilə uduzub.
İdmanxeber.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Jorj Kaşkilya matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
– Oyun barədə deyiləsi çox söz yoxdur. Matça yaxşı başlamadıq. Edvin Banqueranın ilk dəqiqələrdə zədələnməsi komandanın əhval-ruhiyyəsinə pis təsir etdi. Birinci qolu standart vəziyyətdən buraxdıq. Müdafiənin səhvinə görə qapımıza penalti təyin olundu. Bundan sonra toparlanmaq çətin idi. “Sabah” çempionatın lideridir. Bundan əvvəlki matçda “Qəbələ”yə böyük hesabla qalib gəlmişdilər. Bizim səhvlərimizdən yaxşı istifadə etdilər. Öz səhvlərimizin ucbatından çox qol buraxdıq. Rəqibi təbrik edirəm. Daha keyfiyyətli oyun göstərdilər. Biz isə qarşıdakı “Neftçi” ilə matçı düşünməliyik. Komandanın psixoloji durumunu düzəltməyə çalışacağıq.
– Son qələbəniz “Neftçi” üzərində olub. Növbəti turda da onlarla qarşılaşacaqsınız…
– Biz hər oyunda meydana qalib gəlmək üçün çıxırıq. “Neftçi” ilə matçda da 3 xal qazanmağa çalışacağıq. Amma onlar da güclü rəqibdir.
– Bu gün komandanız 5 qol buraxdı. Bunu müdafiədəki itkilərlə bağlaya bilərik?
– Nəticəyə bəhanə gətirmək istəmirəm. Ronaldo və Banqera müdafiədə əsas oyunçularımızdır. Onların yoxluğunun təsiri oldu. Geniş heyətimiz yoxdur. Üstəlik səhvlər də oldu. Banqeranın “Neftçi”yə qarşı hazır olacağını bilmirik. Ronaldo amma qayıdacaq. Çalışacağıq, müdafiədə bugünkü səhvləri etməyək