Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.
“Fevralın 28-də başlayan İran və İsrail-ABŞ birliyi arasındakı hərbi qarşıdurma artıq on gündən çoxdur ki, davam edir və müharibə getdikcə daha geniş regional xarakter almağa başlayır. Müharibənin ilk günlərində əsasən İran və İsrail arasında qarşılıqlı zərbələr müşahidə olunsa da, sonrakı mərhələdə İranın hücumlarının coğrafiyası genişlənərək Yaxın Şərqin bir sıra ərəb ölkələrini də əhatə edib”.
Bu barədə Bizimyol.info xəbər portalına iqtisadçı Əli Səlimov danışıb. İqtisadçı qeyd edib ki, İranın Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Oman, İordaniya, Bəhreyn, Küveyt və İraqda yerləşən hərbi və enerji infrastrukturlarına zərbələr endirməsi regionun iqtisadi təhlükəsizliyi ilə bağlı ciddi narahatlıqlar yaradıb: “Bu hücumlar yalnız hərbi gərginliyi artırmaqla kifayətlənmir, eyni zamanda enerji bazarları və regional iqtisadi sabitlik üçün də ciddi risklər formalaşdırıb. İranın hücumlarının əsas hədəflərindən biri ABŞ-ın regiondakı hərbi bazaları olsa da, zərbələr yalnız hərbi obyektlərlə məhdudlaşmayıb. Tehran eyni zamanda enerji infrastrukturlarını, xüsusilə də neft emalı və ixrac obyektlərini də hədəfə almağa başlayıb. Martın 2-də İran Səudiyyə Ərəbistanının ən böyük enerji şirkəti Saudi Aramco-ya məxsus olan “Ras Tanura Oil Refinery” neft emalı zavoduna pilotsuz uçuş aparatları ilə hücum edib. Hücum nəticəsində zavodda fəaliyyət təhlükəsizlik məqsədilə müvəqqəti dayandırılıb. Bu zavod gündə təxminən 550 min barel neft emal və ixrac gücünə malikdir və Səudiyyə Ərəbistanının enerji sistemində mühüm rol oynayır”.
Əli Səlimov
İqtisadçı vurğulayıb ki, ərəb ölkələrin əksəriyyətinin iqtisadi modeli neft və qaz ixracından asılı olduğu üçün enerji obyektlərinin hədəfə alınması Körfəz ölkələrinin iqtisadiyyatına birbaşa təsir göstərir: “Enerji infrastrukturlarına edilən hücumlar hasilatın və ixracın müvəqqəti dayanmasına, region ölkələrinin dövlət gəlirlərində müəyyən qeyri-sabitlik yarada bilər. Xüsusilə, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı kimi ölkələr son illərdə iqtisadiyyatlarını diversifikasiya etməyə çalışdıqları üçün regional təhlükəsizlik riskləri xarici investisiya kimi strategiyalara da mənfi təsir göstərə bilər. Körfəz regionu beynəlxalq enerji və ticarət marşrutlarının ən vacib qovşaqlarından biridir. Regionda təhlükəsizlik risklərinin artması həm enerji daşımalarının, həm də beynəlxalq ticarətin ümumi xərclərini artıraraq dünya iqtisadiyyatına dolayı təsir göstərəcək”.
İqtisadçı hesab edir ki, Yaxın Şərq dünya neft və qaz təchizatının əsas mərkəzlərindən biri olduğu üçün regionda baş verən hər hansı hərbi gərginlik enerji qiymətlərində dərhal dalğalanma yaradır: “Müharibənin genişlənməsi və enerji infrastrukturlarına hücumların davam etməsi beynəlxalq bazarlarda neft qiymətlərini davamlı olaraq yüksəldir. Enerji qiymətlərinin yüksəlməsi, xüsusilə enerji idxalından asılı olan ölkələrdə inflyasiya təzyiqlərini artmasıyla nəticələnəcək. Eyni zamanda regionun ən strateji enerji marşrutlarından biri hesab olunan Hörmüz boğazı ətrafında təhlükəsizlik risklərinin hələ də davam etməsi beynəlxalq enerji bazarları üçün əlavə risk yaratmaqdadır.
Ümumilikdə, İranın regiondakı ərəb ölkələrində yerləşən enerji və hərbi obyektlərə zərbələr endirməsi Yaxın Şərqdəki münaqişənin miqyasını genişləndirib və onun iqtisadi nəticələrini daha da dərinləşdirib. Münaqişənin gələcək gedişatı yalnız hərbi deyil, eyni zamanda dünya iqtisadiyyatının sabitliyi baxımından da diqqətlə müşahidə olunmalıdır”.
İradə Cəlil, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.