AZ

Bakı bulvarı bahara bu dəfə tamam fərqli hazırlaşıb

Novruz bayramı münasibətilə Dənizkənarı bulvarda paytaxtımızın sakinləri və qonaqları üçün xüsusi bayram guşəsi hazırlanıb.

Yeniazerbaycan.com xəbər verir ki, bu il bayram məkanının tərtibatında daha fərqli və dinamik üsluba üstünlük verilib, baharın gəlişini və Novruzun ruhunu əks etdirən dekorativ elementlərdən geniş istifadə olunub.

Park estetikasına uyğun şəkildə qurulan guşədə Novruz atributları, baharı və təbiətin yenilənməsini simvolizə edən müxtəlif dekorativ elementlər quraşdırılıb, məkan mövsümi çiçəklərlə bəzədilib. Məkanın tərtibatında əsas məqsədlərdən biri ziyarətçilərin buraya daxil olan kimi baharın təravətini hiss etmələrinə şərait yaratmaq olub. Bu məqsədlə guşədə güllər və çiçəklərlə zəngin dekorativ kompozisiyalar qurulub, baharın ab-havasını və rəngarəngliyini əks etdirən elementlərdən istifadə olunub.

Eyni zamanda, Novruz ənənələrini və baharın təravətini əks etdirən fotokünclər yaradılıb. Ziyarətçilər bu məkanlarda xatirə şəkilləri çəkdirərək bayram ab-havasını daha yaxından hiss edə biləcəklər.

Bayram guşəsində həm böyüklər, həm də uşaqlar üçün istirahət imkanları nəzərə alınıb, balacaların əyləncəsi də diqqətdə saxlanılıb.

Dənizkənarı bulvarda bayram yarmarkaları və tematik guşələrin hazırlanmasında son illər daha maraqlı və zəngin məkan yaratmağa xüsusi diqqət yetirilir. Bu istiqamətdə görülən işlərdə məqsəd hər yeni layihənin əvvəlki illərlə müqayisədə daha təkmil və cəlbedici olmasıdır. Bu il də hazırlanmış bayram guşəsi ziyarətçilərə Novruzun sevincini və baharın təravətini hiss etdirmək məqsədi daşıyır.

Seçilən
3
9
yeniazerbaycan.com

10Mənbələr