AZ

Bu qanun sırf Rusiya hökumətinin müharibəyə cəlb etdirilməsi təxmin edilən əcnəbilərin müəyyən mənada əl qolunu açmış olur

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Rusiya prezidenti Vladimir Putin yeni federal qanun imzalayıb. Qanuna əsasən, Rusiya Silahlı Qüvvələrində müqavilə ilə xidmət etmiş və döyüş əməliyyatlarında iştirak etmiş əcnəbilər başqa ölkələrə ekstradisiya edilə bilməyəcək. Sənəd Rusiyanın Cinayət-Prosessual Məcəlləsinin 464-cü maddəsinə dəyişiklik edilməsini nəzərdə tutur. Dəyişikliyə görə, belə şəxslər xarici dövlətlərin sorğusu əsasında həmin ölkələrə təhvil verilməyəcək. Yeni qanun Rusiya ordusunda xidmət etmiş xarici vətəndaşların hüquqi statusunu qorumağı hədəfləyir.

Milli Məclisin deputatı Azər Allahverənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, belə bir qanunun qəbul olunması bu məsələdə yeni bir vəziyyət yaradır: “Müxtəlif ölkələrdən Rusiya ərazisində olub, sonrakı mərhələdə müharibəyə cəlb olunan şəxslər bilirlər ki, öz ölkələrində olarkən məhz xarici ölkənin silahlı birləşmələrində xidmət çəkdikləri üçün bu və ya digər formada cinayət məsuliyyətinə cəlb oluna bilərlər. Bu qanun tək Azərbaycanda deyil, digər ölkələrdə də buna bənzər normativ qanunlar və ya qanunvericilikdə Cinayət Məcəlləsində konkret müddəalar var. Yəni bu bir növ çəkindirici bir hal kimi dəyərləndirilə bilər. Yəni şəxs başa düşür, məsuliyyətini dərk edir. Bu səbəbdən də hər hansı bir formada, hətta məcburi yox, könüllü şəkildə təklif alarsa, gedib müharibədə iştirak etmək və ya hansısa hərbi münaqişədə iştirak etmək fikrindən onu daşındıra biləcək bir müddəadır.

Rusiya Federasiyasında bu qanunun qəbul edilməsi o deməkdir ki, Rusiya həmin şəxslərə öz himayəsini göstərmiş olur. Hətta həmin şəxslərlə bağlı öz ölkəsində hansısa bir formada şərti azadlıqdan məhrum etmə və ya onunla bağlı hansısa bir cinayət işinin açılması baş verərsə belə, artıq onu Rusiya tərəfi öz ölkəsinə qaytarmaya bilər. Yəni burada artıq bir əminlik yaranır ki, dövlət, bu baxımdan onu qoruyur. Kim ki, könüllü və ya muzdlu döyüşçü qismində gedib iştirak etmək istəyirsə, onlar artıq bunu çox rahat şəkildə həyata keçirə biləcəklər”.

Azər Allahverənov

Azər Allahverənov qeyd edib ki, Rusiyada qəbul edilən qanun şəxsi öz ölkəsində cinayət məsuliyyətindən azad etmir. Deputat bildirib ki, bu qanunla Mərkəzi Asiya respublikalarından və ya digər dövlətlərdən gedib muzdlu kimi döyüşmək istəyən insanların sayı artmış olacaq: “Təxmin etmək olar ki, əcnəbilərlə bağlı Rusiyanın aidiyyəti strukturları zaman -zaman müraciətlər edir və onlar da öz ölkələrində bunun cinayət məsuliyyəti yaradan bir hal kimi dəyərləndirdikləri üçün ən azından bunu bir növ səbəb kimi göstərirdilər. Bu, faktiki olaraq əcnəbilərin müharibəyə cəlb olunmasını bir əngəlləyən bir müddəa və ya bir yanaşmadır. Amma indi bunu Rusiya tərəfi heçə endirir. Şəxs artıq fikirləşir ki, öz ölkəsində cinayət məsuliyyəti yaratsa da, belə Rusiya tərəfi onu öz ölkəsinə qaytarmaya bilər. Yəni faktiki olaraq Rusiya həmin şəxsi öz himayəsinə almış olur.

Rusiyada bir növ yanaşmanı dəyişməklə, yəni hüquqi müstəvidə bu dəyişikliyin baş verməsi, sırf Rusiya hökumətinin müharibəyə cəlb etdirilməsi təxmin edilən əcnəbilərin müəyyən mənada əl-qolunu açmış olur. Onlar Rusiya hökumətinin himayəsi altında, qorunması altında çox rahat şəkildə muzdlu döyüşçü kimi gedib döyüşmək imkanı qazanmış olurlar.”.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
bizimyol.info

1Mənbələr