AZ

Azərbaycan sülhsevər strategiyasını həm regional, həm də qlobal səviyyədə təsdiqləyir



“Biz işğal olunmuş ərazilərimizi güc vasitəsilə azad etdik və sülhə siyasi yollarla nail olduq,” – Cənab Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunda “Keçid dövründə olan fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda keçirilən konfransda bildirib. Hörmətli Prezident Vətən müharibəsində ədaləti və hüquqlarımızı bərpa etmək, sülhə nail olmaq üçün güc faktorundan istifadəni zəruri hesab etdi. Buna səbəb isə beynəlxalq təşkilatların etnik təmizləməyə məruz qalmağımıza və ərazilərimizin 20 faizinin işğal altında qalmasına lazımi səviyyədə reaksiya verməməsi idi. Bəzi beynəlxalq aktorların selektiv yanaşması isə münaqişələrin uzun müddət davam etməsinə gətirib çıxarmışdır. Nəticə olaraq həmin beynəlxalq təşkilatlar ciddi nüfuz itkisinə məruz qalır. Lakin paralel olaraq Azərbaycanın beynəlxalq nüfuz sahibi olan ölkələrlə siyasi tərəfdaşlığının strateji əhəmiyyəti Vətən müharibəsindən sonra əhəmiyyətli dərəcədə artıb. Təhlükəsizliyin və sabitliyin bu gün dünya ölkələri üçün prioritet olduğunu qeyd edən möhtərəm Prezident, dünyanın yeni geosiyasi keçid dövründə münaqişə və gərginliklərin dialoq və sülh yolu ilə tənzimlənməsinin vacib olduğunu bildirib.

Ümumilikdə isə konfransda təhlükəsizlik və sabitliyin qorunması, qlobal dialoq və əməkdaşlıq məsələləri, Azərbaycanın enerji mərkəzi kimi rolunun güclənməsi, o cümlədən beynəlxalq hüququn ikili standartlarla işləməsi və regional təhlükəsizlik məsələləri Prezidentin verdiyi mesajlar sırasında olub. Prezident çıxışında bu məsələlərə ətraflı şəkildə toxunub. Bu günkü dünya düzəni üçün perspektivli və səmərəli olduğu bəlli olan qlobal forumda Prezidentin çıxışı Azərbaycan üçün çox böyük önəm daşıyır. Qlobal Bakı Forumu təkcə konfrans deyil, həm də böyük geosiyasi platforma hesab olunur. Hazırkı forumun geosiyasi məqsədlərindən biri də dövlətimizin beynəlxalq siyasi rolunun artırılması və Azərbaycanın qlobal dialoq mərkəzinə çevrilməsi məqsədi daşıyır.

Forumda yeni dünya düzəninin müzakirələri ilə dünyanın gələcək arxitekturasında Azərbaycanın verə biləcəyi diplomatik, siyasi, iqtisadi və digər sahələrdə töhfələri dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Eyni zamanda Azərbaycan enerji təhlükəsizliyinə ciddi töhfə verməsi, neft və qaz ixracını artıraraq beynəlxalq bazarda etibarlı tərəfdaş rolunu gücləndirilməsi məsələsi vurğulandı. Şərq-Qərb və Şimal-Cənub dəhlizlərində əvəzolunmaz tərəfdaş olaraq bölgədə ticarət və nəqliyyat imkanlarını genişləndirir. Ermənistanla yeni Orta Dəhlizin yaradılması ilə Naxçıvan və əsas hissə davamlı olaraq birləşdiriləcək. Bu təcrübə göstərir ki, güc və siyasi iradə birləşdikdə uzunmüddətli sülh mümkündür.

Azərbaycan sülhsevər strategiyasını həm regional, həm də qlobal səviyyədə təsdiqləyir. Bizim təcrübəmiz göstərir ki, əzmkarlıq, prinsipiallıq və diplomatik iradə ilə hər bir çətinlik həll oluna bilər.

Ramil Hüseynov, "Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri
Seçilən
34
1
newscenter.az

2Mənbələr