AZ

“Süzəninin yaranışı. Bir tikmə ustasının hekayəsi”

ain.az bildirir, Bizimyol portalına istinadən.

Martın 13-də Azərbaycan Milli İncəsənət Muzeyində “Süzəninin yaranışı. Bir tikmə ustasının hekayəsi” adlı sərgi açılıb. Azərbaycan Respublikası  Mədəniyyət Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı və Özbəkistanın Azərbaycandaki səfirliyinin, Özbəkistan Respublikasının “Hunarmand” Assosiasiyasının dəstəyi ilə keçirilən layihə Daşkənd tikmə məktəbinin dirçəldilməsi və əsərləri böyük ənənənin müasir davamının nadir nümunəsinə çevrilmiş sənətkar Mədinə Kasımbayevayanın  həsr olunub.

Sərginin açılış mərasimində Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Səadət Yusifova, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, sənətşünaslıq üzrə  fəlsəfə doktoru Şirin Məlikova, Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov, sərginin kuratoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Binafşa Nodir, özbək tikmə sənətinin tanınmış nümayəndəsi Mədinə Kasımbayeva, Özbəkistan Respublikası "Hunarmand" Assosiasiyasının sədri Rasuljon Mirzaahmedov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova çıxış ediblər. Çıxışlarda süzəni sənətinin Orta Asiya dekorativ-tətbiqi sənətində tutduğu mühüm yer,  Özbəkistanın zəngin tikmə ənənələrinin qorunması və təbliğinin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, bu sərgi Azərbaycan və Özbəkistan arasında yüksək mədəni əlaqələrin möhkəmlənməsinə, eləcə də iki xalqın ortaq sənət ənənələrinin təbliğinə öz töhfəsini  verəcək.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Binafşa Nodirin kuratorluğu ilə təşkil olunan sərgi sadəcə sənətkarlıq haqqında nəql deyil. Bu, ənənənin mədəniyyətə muzey “keçmişi” kimi deyil, bu gün tamaşaçı ilə ünsiyyət quran canlı bədii dil kimi qayıdışının hekayəsidir.

Ekspozisiyanın mərkəzi eksponatı özbək tikmə sənəti tarixində ən iri əsərlərdən biri - ölçüsü 5,30 x 8 m olan “oy-palyak” süzənisidir. Belə əsərlər hər zaman xüsusi “dünya mənzərəsi” kimi qəbul olunub; burada ornament sadəcə bəzək yox, mənalar sistemidir. Kompozisiya kainat obrazı kimi qurulur: dairəvi medalyonlar kosmik xəritəyə çevrilir, mərkəzdəki iri rozetka-medalyon isə işıq və istilik mənbəyi olan günəşi simvolizə edir.

Sənətkar ənənəvi Daşkənd “palyak” üslubuna sadiq qalaraq incə müəllif motivləri əlavə edir, lakin ilkin kanonun harmoniyasını pozmur. Ənənələrə sədaqət və fərdi üslubun vəhdətində süzəninin əsas keyfiyyəti — eyni anda həm tanınan, həm də unikal olması yaranır.

Əsərin yaradılma prosesi də xüsusi əhəmiyyət daşıyır. “Oy-palyak” Mədinə Kasımbayeva və onun 15 şagirdi tərəfindən “ustoz–şogird” (usta və şagird) ənənəsi əsasında, üç il yarım müddətində kollektiv şəkildə işlənib. Burada ənənənin mahiyyəti aydın görünür: o, əldən-ələ ötürüldükcə  zəhmət, intizam və forma duyumu vasitəsilə yaşayır.

Sərgi süzəninin “pərdəarxası” yaranma mərhələlərini də açır. Ekspozisiyanı tikmənin fraqmentlərini əks etdirən 15 panno tamamlayır. Bu pannolar ornament və tikiş ritminin ideyadan gerçəyə çevrilmə prosesini izləməyə imkan yaradır (ideya müəllifi — B. Nodir).

On iki dəqiqəlik videoçarx (rejissor — Məhəmmədrəsul Yuldaşev, operator — İstedod Usmanov, prodüser — Mühiddin Əli) işin əsas mərhələlərini: sapların bitki boyaları ilə rənglənməsi, gələcək süzəni üçün naxış və kompozisiyaların hazırlanması, eləcə də qarmaqlı tikiş texnikasını nümayiş etdirir.

Sərginin xüsusi bir bədii xətti kimi “Mədinənin kainatı” animasiyası təqdim olunur (ideya müəllifi — Binafşa Nodir, rejissor — Şuxrat Kayumov). Burada süzəni motivləri sanki kaleydoskop kimi dağılır, yenidən toplanır və ornament təfəkkürünün sonsuz variasiyalarını xatırladır.

Sərgi çərçivəsində Mədinə Kasımbayevanın “yurma” tikiş texnikası üzrə ustad dərsi, həmçinin sənətşünaslıq üzrə fəlsəfə doktoru Binafşa Nodirin özbək tikməsinin tarixi, ənənəvi xüsusiyyətləri və ornamentlərinin semantikası haqqında mühazirəsi planlaşdırılır.

“Süzəninin yaranışı. Bir tikmə ustasının hekayəsi” layihəsi mədəni irsdən bu günü formalaşdıran mənbə kimi bəhs edir. O göstərir ki, ənənə yalnız keçmişin xatirəsi deyil, həm də gələcəyin resursudur — bədii məzmun, gözəllik və daxili mədəniyyət qaynağı kimi gündəlik həyatı zənginləşdirən və nəsildən-nəslə ötürən canlı xəzinədir.

Sərgi 30 aprel 2026-cı il tarixinədək davam edəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
bizimyol.info

1Mənbələr