8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə millət vəkili Könül Nurullayevanın təşəbbüsü, Nizami rayon Nizami bələdiyyəsinin və “Məlhəm” klinikasının dəstəyi və təşkilatçılığı ilə Nizami rayonunda yaşayan şəhid ailələrinin xanım üzvləri üçün xüsusi tibbi müayinə aksiyası təşkil olunub. Aksiya çərçivəsində 35-dən çox şəhid ailəsinin üzvü “Məlhəm” klinikasında həkim müayinəsindən keçirilib və onlara zəruri tibbi məsləhətlər verilib. “İki sahil” xəbər verir ki, aksiyanın əsas məqsədi şəhid ailələrinin sağlamlıq vəziyyətinə diqqətin artırılması, onların sosial rifahına dəstək göstərilməsi və cəmiyyətin həssas qruplarına qayğının davamlı olaraq təmin edilməsidir.
Deputat Könül Nurullayeva qeyd edib ki, başda cənab Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva olmaqla dövlətimiz tərəfindən şəhid ailələrinə daim xüsusi diqqət və qayğı göstərilir. Onların sağlamlığının qorunması və sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən təşəbbüslər cəmiyyətimiz üçün böyük mənəvi dəyər kəsb edir. Şəhid ailələrinin yanında olmaq hər birimiz üçün mənəvi borcdur. O, həmçinin aksiyanın keçirilməsinə göstərdikləri dəstəyə görə Nizami rayon Nizami bələdiyyəsinə, “Məlhəm” klinikasının rəhbərliyinə, tibbi heyətinə və bu aksiyada əziyyəti keçən hər kəsə təşəkkürünü bildirib.