Türkiyə Milli Müdafiə Nazirliyi İrandan üçüncü dəfə ballistik raket hücumu olduğunu, sursatın Şərqi Aralıq dənizində yerləşdirilən NATO hava və raketdən müdafiə vasitələri tərəfindən zərərsizləşdirildiyini açıqlayıb.
Nazirlik məsələnin araşdırıldığını və müvafiq ölkə ilə danışıqlar aparıldığını bildirib. Həmçinin Türkiyəyə qarşı istənilən təhdidlə bağlı tədbir görüldüyü vurğulanıb.
Sfera.az xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, İran tərəfindən atılan raketlərin Türkiyə hava məkanına daxil olması regionda gərginliyin yeni mərhələyə keçdiyini göstərir:
“Baş verən hadisə təsadüfi xarakter daşımır və Yaxın Şərqdə davam edən hərbi qarşıdurmaların coğrafiyasının genişlənməsi riskini ortaya qoyur. İranın raketlərinin Türkiyə hava məkanına daxil olması faktı Ankara üçün ciddi təhlükəsizlik siqnalıdır. Türkiyə NATO üzvü olduğuna görə, bu cür hadisələr təkcə onun deyil, eyni zamanda Alyansın kollektiv təhlükəsizlik mexanizmlərinin də işə düşməsinə səbəb ola bilər.
Məsələnin diqqət çəkən tərəfi ondan ibarətdir ki, raketin NATO-nun hava və raketdən müdafiə sistemləri vasitəsilə zərərsizləşdirilməsi alyansın bölgədəki hərbi imkanlarının aktiv şəkildə işlədiyini göstərir. Bu isə o deməkdir ki, Yaxın Şərqdə baş verən müharibə tədricən daha geniş təhlükəsizlik arxitekturasını əhatə etməyə başlayır.
Türkiyə bu məsələdə olduqca ehtiyatlı davranır və hadisənin bütün detallarını araşdırmağa çalışır. Ankara üçün əsas prioritet öz hava məkanının və ərazi bütövlüyünün qorunmasıdır. Əgər belə hadisələr təkrarlanarsa, Ankara daha sərt addımlar ata bilər.
İranın raketlərinin Türkiyə istiqamətində uçması yenə təsadüfi texniki səhv kimi təqdim edə bilər. Lakin bu cür hadisələr regionda artıq mövcud olan gərginliyi daha da artırır və münaqişəyə yeni aktorların cəlb edilməsi riskini yüksəldir”.
DOĞRU.AZ