İranın keçmiş ali rəhbəri Ayətullah Əli Xamenei ilə bağlı hadisələr və regionda artan gərginlik fonunda Tehranın mümkün cavab addımları müzakirə olunur. Xüsusilə, İranın qisas məqsədilə İsrailin yüksək səviyyəli rəhbərliyini hədəfə ala biləcəyi ehtimalları gündəmdədir.
Bəs İran İsrailin Baş naziri Benyamin Netanyahuya qarşı belə bir addım ata bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Ağ Partiya sədri Tural Abbaslı bildirib ki, İran rəhbərliyinə qarşı həyata keçirilən sui-qəsd iddiaları istənilən dövlət üçün həm siyasi, həm də hərbi imic baxımından ciddi zərbə hesab olunur.

Tural Abbaslı
Onun sözlərinə görə, belə hallarda dövlətlər çox vaxt analoji addımlarla cavab verməyə çalışırlar.
“İranın dini lideri başda olmaqla dövlət rəhbərliyinə qarşı belə addımların atılması istənilən ölkə üçün böyük zərbədir. Bu zərbəni kompensasiya etməyin ən optimal yollarından biri qarşı tərəfin rəhbərliyini hədəfə almaqdır. Əgər İran tərəfi generallarını və dövlət rəhbərlərini itirirsə, təbii ki, İsrailin dövlət rəhbərliyini başda Netanyahu olmaqla hədəfə almağa çalışa bilər ki, siyasi imicini qoruyub saxlasın”, – Abbaslı qeyd edib.
Partiya sədri əlavə edib ki, belə əməliyyatların həyata keçirilməsi olduqca mürəkkəb prosesdir və ciddi kəşfiyyat məlumatları, yüksək texnologiya və geniş casus şəbəkəsi tələb edir.
“Bu sahədə İsrailin həm kəşfiyyat şəbəkəsi, həm də texnoloji imkanları daha güclüdür. Üstəlik, ABŞ-la müttəfiqlik İsrailin imkanlarını daha da artırır. Buna görə də İran üçün belə bir əməliyyatı həyata keçirmək asan deyil. Bununla belə, İranın belə plan üzərində işləməsi ehtimalı istisna deyil”, – o, bildirib.
Tural Abbaslı qeyd edib ki, İran rəhbərliyinə yaxın şəxslər də qisasın alınacağını açıq şəkildə bəyan ediblər. Xüsusilə, Müctəba Xamenei çıxışlarında bu məsələni vurğulayıb.
“İranın İsrailə qarşı həyata keçirdiyi raket zərbələri də müəyyən mənada ölkənin beynəlxalq imicini qorumağa və daxili auditoriyaya güc nümayiş etdirməyə xidmət edir. Bununla belə, Tehran üçün İsrail rəhbərliyini birbaşa hədəfə almaq həm texnoloji, həm də kəşfiyyat imkanları baxımından çətin və riskli tapşırıq olaraq qalır”.
Müşviq Tofiqoğlu
KONKRET.az