İrana qarşı hərbi əməliyyatın başlanmasından bəri ABŞ Yaxın Şərqə süni intellekt texnologiyası ilə təchiz olunmuş təxminən 10 min dron göndərib.
AZƏRTAC xəbər verir ki, bu barədə “ABC News” mənbəyə istinadla məlumat yayıb.
Məlumata görə, söhbət “Merops” sistemlərindən gedir. Bu sistemlər düşmən pilotsuz uçuş aparatlarını aşkarlamaq və onlara qarşı mübarizə aparmaq üçün istifadə olunur. Telekanalın məlumatına görə, “Merops” sistemləri Ukraynada da tətbiq olunur.
ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker daha əvvəl bildirib ki, Vaşinqton İranın “Şahid” dronlarına qarşı bahalı “Patriot” raket sisteminə alternativ axtarır. O qeyd edib ki, tək bir “Patriot” raketinin buraxılışı 4 milyon dollara başa gəlir, bu isə 20 min dollardan az olan “Şahid” dronlarına qarşı müdafiəni çox bahalaşdırır.