AZ

Türkiyənin K2 kamikadze dronunun sınaqları aparılıb

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ankara, 14 mart, AZƏRTAC

Dünyanın aparıcı hərbi pilotsuz uçuş aparatları (PUA) ixracatçısı olan Baykar şirkəti öz sinfində ən böyük kamikadze dronu olan K2-ni hazırlayıb, ilk beş prototipi uçuş sınaqlarını uğurla başa vurub.

AZƏRTAC xəbər verir ki, süni intellektlə təchiz olunmuş yeni PUA digərləri ilə yanaşı, sürü rejimində (hava müdafiəsini dəf etmək üçün eyni vaxtda birdən çox drondan istifadə etmə taktikası) avtonom şəkildə fəaliyyət göstərə bilir.

Kamikadze dronun maksimal uçuş çəkisi 800 kiloqramdır. O, 75 kiloqrama qədər ağırlığında döyüş hissəsini 2 min kilometrdən çox məsafəyə daşıya bilir. Pilotsuz təyyarənin sürəti saatda 200 kilometrdir. Dron azı 13 saat havada qala bilir.

K2-nin unikal xüsusiyyətlərindən biri elektron müharibə sistemlərinə qarşı yüksək müqaviməti və GNSS-ə (Qlobal Naviqasiya Peyk Sistemi) çıxışın olmamasıdır.

Yeni pilotsuz təyyarənin sınaqları Egey dənizinin şimalındakı Saros körfəzində aparılıb.

Baykar şirkəti, həmçinin K2 hücum pilotsuz təyyarəsinin təkrar istifadə edilə bilən versiyasını hazırlamağı planlaşdırır.

Şirkət bundan əvvəl Bayraktar TB2 SİHA hücum PUA-sı üçün 36 ölkəyə ixrac müqavilələri imzalayıb, Bayraktar AKINCI modeli isə 16 dövlətə tədarük edilib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
35
9
azertag.az

10Mənbələr