Bakı, 14 mart, AZƏRTAC
2020–2025-ci illərdə Milli Onkologiya Mərkəzinə ümumi müraciətlərin sayı 1 milyonu ötüb. Bu müddət ərzində mərkəzdə 235 minə yaxın xəstə müalicə alıb, 50 minə yaxın əməliyyat icra olunub. Şüaterapiya alan xəstələrin sayı 18 mindən çox, kimyaterapiya alan xəstələrin sayı isə 32 minə yaxın olub. Göstərilən kimyaterapiya xidmətlərinin ümumi sayı isə 200 minə yaxınlaşıb.
Azərbaycanda kişilər arasında ağciyər, mədə və kolon xərçəngləri daha çox rast gəlinir. Qadınlarda isə süd vəzi, kolon və qalxanabənzər vəzi xərçəngi ilk üçlükdə yer alır.
AZƏRTAC xəbər verir ki, bunu Milli Onkologiya Mərkəzinin baş-boyun şişləri şöbəsinin onkoloq-cərrahı, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru professor Əziz Əliyev “Qalxanabənzər vəzi xərçənginin diaqnostika və müalicəsində qlobal perspektivlər” mövzusunda beynəlxalq simpoziumda çıxışı zamanı deyib.
Professor qeyd edib ki, həmin dövrün ümumi xərçəng xəstələrinin müraciət statistikasına baxdıqda, mərkəzə xərçəngin birinci mərhələsində müraciət edən xəstələrin sayında artan dinamika müşahidə olunur.
“Bu, çox müsbət haldır. Aparılan geniş maarifləndirmə tədbirləri nəticəsində xəstələr vaxtında müraciət edirlər. Dördüncü mərhələdə müraciət edənlərin sayında isə azalma nəzərə çarpır. Biz çalışırıq ki, xəstələri birinci və ikinci mərhələdə cəlb edək və müalicə edək”, – deyə Ə.Əliyev vurğulayıb.
Tiroid xərçəngi ilə bağlı qeyd olunub ki, aşkarlanan hər bir düyünün əməliyyat edilməsi düzgün yanaşma deyil.
“Lakin eyni zamanda, xəstələrin gecikmiş mərhələdə müraciət etməsini də istəmirik. Buna görə də mərkəzimizin mütəxəssisləri Beynəlxalq Atom Enerjisi Agentliyinin ekspertləri ilə birlikdə bəzi protokolları yeniləyərək müasir yanaşmalara uyğunlaşdırıblar. Bu, çox böyük bir işdir. Yaxın zamanlarda Beynəlxalq Atom Enerjisi Agentliyinin dəstəyi ilə hazırlanan bu protokollar Avropanın bir neçə nüfuzlu jurnalında çap olunacaq”, – deyə Ə.Əliyev qeyd edib.
Müxbir - Göyçək Mahmudlu
Fotoqraf - Tofiq Babayev
Operator - Şövqi Əzizov