Mingəçevir Dövlət Universiteti ilə ölkəmizi beynəlxalq və yerli turnirlərdə layiqincə təmsil edən, Azərbaycan şahmatının inkişafına mühüm töhfələr vermiş Məmmədyarovlar Şahmat Məktəbi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Memorandumun imzalanması münasibətilə Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminovun rəhbərlik etdiyi heyət Məmmədyarovlar Şahmat Məktəbində olub. Şəhriyar Məmmədyarov, Zeynəb Məmmədyarova və Türkan Məmmədyarova ilə görüşdə tərəflər arasında əməkdaşlıq qurulması və əlaqələrin perspektiv istiqamətləri müzakirə olunub.
İmzalanan memorandumda Mingəçevir Dövlət Universitetinin nəzdində tələbələr və gənclər üçün şahmat klubunun yaradılması, regionda açıq şahmat oyunlarının və intellektual yarışların təşkili, peşəkar məşqçilərin iştirakı ilə ustad dərslərinin və təlimlərin keçirilməsi, məktəblilər üçün açıq şahmat günlərinin təşkil olunması, hər il ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsində regional və ya respublika səviyyəli şahmat turnirlərinin təşkili müxtəlif səviyyəli regional şahmat turnirlərinin keçirilməsi kimi təşəbbüslər əksini tapıb.
Bundan əlavə, universitetin elmi potensialından istifadə etməklə “Süni intellekt və şahmat üzrə tədqiqat laboratoriyası” yaradılması, şahmat oyunlarının süni intellekt əsaslı proqramlar vasitəsilə analizi, data əsaslı oyun strategiyalarının tədqiqi, eləcə də robotika və süni intellekt dərslərində şahmat modellərinin tətbiqi kimi innovativ istiqamətlər də əməkdaşlığın mühüm tərkib hissəsi kimi qeyd olunub. Qeyd edilib ki, qurulan əməkdaşlıq regionda şahmatın inkişafına, gənclərin intellektual potensialının gücləndirilməsinə və universitet mühitində intellektual idman mədəniyyətinin daha da yayılmasına da töhfə verəcək.
İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri