ain.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
16 Mart Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Əməkdaşlarının Peşə Bayramıdır
Hər bir dövlətin sabitliyi və inkişafı iqtisadi potensial, siyasi iradə və hərbi güclə yanaşı, onun həyati əhəmiyyət daşıyan infrastrukturlarının etibarlı qorunması ilə müəyyən edilir. Enerji infrastrukturu, nəqliyyat qovşaqları, strateji sənaye müəssisələri, su və rabitə sistemləri kimi obyektlər müasir dövlətin səmərəli, eləcə də təhlükəsiz fəaliyyətini gerçəkləşdirən əsas dayaqlar kimi dəyərləndirilir. Məhz bu baxımdan ölkəmizin strateji obyektlərinin mühafizəsi xüsusi dövlət əhəmiyyətli və məsuliyyətli bir missiyadır.
Bu mühüm vəzifəni yerinə yetirən qurumlardan biri də Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyidir. Hər il martın 16-sı bu qurumun əməkdaşlarının peşə bayramı kimi qeyd olunur və bu tarix onların dövlət təhlükəsizliyinin reallaşdırılması sahəsində göstərdikləri xidmətlərin yüksək qiymətləndirilməsinin parlaq ifadəsidir.
Peşəkarlıq və Vətənə xidmət nümunəsi
Strateji obyektlərin mühafizəsi sistemi dövlətlərin təhlükəsizlik arxitekturasının mühüm tərkib hissəsidir. Azərbaycanın sürətlə inkişaf edən iqtisadiyyatı, xüsusilə enerji və nəqliyyat sahələrində həyata keçirilən iri layihələr bu sahədə mühafizə və təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsini zəruri edir. Bu baxımdan adıçəkilən agentlik ölkəmizin iqtisadi, enerji və sənaye infrastrukturlarının təhlükəsizliyinin gerçəkləşdirilməsində mühüm rol oynayır. Qurumun əsas vəzifələrindən biri dövlət əhəmiyyətli obyektlərin mühafizəsini, eləcə də onların sabotaj, terror və digər təhlükələrdən qorunmasını təmin etməkdir. Bu fəaliyyət sahəsi təkcə fiziki mühafizə ilə məhdudlaşmır. Eyni zamanda, müasir təhlükəsizlik çağırışları nəzərə alınaraq strateji obyektlərin qorunması sistemində yüksək texnologiyalar, rəqəmsal nəzarət sistemləri, xüsusi təhlükəsizlik protokolları və koordinasiyalı operativ fəaliyyət mexanizmləri tətbiq olunur.
Azərbaycan son illərdə regionun əsas enerji və nəqliyyat mərkəzlərindən birinə çevrilib. Xəzər hövzəsinin enerji ehtiyatlarının dünya bazarlarına çıxarılmasında ölkəmiz mühüm rol oynayır. Bu baxımdan neft-qaz infrastrukturu, elektrik enerjisi stansiyaları, magistral boru kəmərləri və digər strateji obyektlərin təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsi kimi diqqətdə saxlanılır. Belə obyektlərin qorunması iqtisadi maraqlarla bərabər, həm də dövlət suverenliyinin və ictimai sabitliyin təmin olunması baxımından mühüm önəm daşıyır. Agentliyin kollektivi gecə-gündüz xidmət apararaq ölkənin strateji infrastrukturlarının təhlükəsizliyini təmin edir, mümkün təhlükələrin qarşısını almaq üçün operativ fəaliyyət göstərir.
Strateji obyektlərin mühafizəsi sahəsində çalışan əməkdaşlar yüksək peşəkarlıqları, məsuliyyət və vətənə sədaqətləri ilə seçilirlər. Onların fəaliyyəti böyük diqqət, intizam və xüsusi hazırlıq tələb edir. Çünki mühafizə etdikləri obyektlərin təhlükəsizliyi birbaşa olaraq dövlətin iqtisadi sabitliyi və ictimai təhlükəsizliyi ilə bağlıdır. Bu xidmət sahəsinin əməkdaşları təkcə təhlükəsizlik tədbirlərinin icrası ilə deyil, həm də fövqəladə halların qarşısının alınması, operativ reaksiya mexanizmlərinin həyata keçirilməsi və müasir təhlükəsizlik standartlarının mükəmməl tətbiqi ilə də fərqlənirlər.
Mühafizə şəbəkəsi müasirləşir
Son illərdə ölkədə təhlükəsizlik sisteminin modernləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar strateji obyektlərin mühafizəsi sahəsinə də mühüm töhfələr verib. Maddi-texniki bazanın gücləndirilməsi, müasir təhlükəsizlik texnologiyalarının tətbiqi və kadr hazırlığının təkmilləşdirilməsi bu sektorda fəaliyyətin səmərəliliyini daha da artırıb. Dövlət tərəfindən təhlükəsizlik strukturlarının inkişafına göstərilən diqqət və qayğı agentliyin fəaliyyətində də özünü aydın şəkildə göstərib. Bu isə, ilk növbədə, ölkənin strateji infrastrukturunun daha etibarlı şəkildə qorunmasını şərtləndirib.
Azərbaycanda strateji obyektlərin mühafizəsi sahəsinin müəyyən qanun və normalar sistemi çərçivəsində formalaşması dövlət təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı aparılan sistemli siyasətin məntiqi nəticəsidir. Bu istiqamətdə mühüm addımlardan biri dövlətimizin başçısı tərəfindən imzalanan müvafiq sənədlər əsasında təhlükəsizlik strukturlarının fəaliyyətinin daha müasir və çevik modelə uyğunlaşdırılmasıdır.
Bu çərçivədə yaradılan və fəaliyyətini genişləndirən sözügedən agentlik ölkənin strateji əhəmiyyətli obyektlərinin mühafizəsini vahid sistem əsasında təşkil etməyə imkan yaradıb. Dövlət və iqtisadi təhlükəsizlik baxımından xüsusi önəm daşıyan obyektlərin mühafizəsini reallaşdırmaq və onların təhlükəsizlik səviyyəsini beynəlxalq standartlara uyğunlaşdırmaq qurumun qarşısında hər zaman strateji vəzifə kimi durub.
Prezident İlham Əliyevin müvafiq fərmanları ilə bu sahədə bir neçə mühüm istiqamət müəyyən edilib. Belə ki, strateji obyektlərin mühafizəsinin vahid dövlət siyasəti əsasında təşkil edilməsi, təhlükəsizlik sistemində müasir texnologiyaların tətbiq olunması, peşəkar kadr hazırlığının gücləndirilməsi, dövlət və özəl sektor arasında təhlükəsizlik əməkdaşlığının genişləndirilməsi daim diqqətdə saxlanılıb. Bütün bunların nəticəsində Azərbaycanın təhlükəsizlik sisteminin sürətli və davamlı inkişafına nail olunub.
Yeri gəlmişkən, onu da deyək ki, müasir dünyada strateji obyektlərin mühafizəsi fiziki təhlükəsizlik məsələsi olmaqla yanaşı, həm də kibertəhlükəsizlik, texnoloji nəzarət və operativ risk idarəetməsi ilə sıx bağlıdır. ABŞ, Avropa İttifaqı (Aİ) və bir sıra inkişaf etmiş ölkələrdə hər hansı bir böhran vəziyyətinə qarşı mübarizə aparan strukturun qorunması dövlət təhlükəsizliyinin prioritet istiqamətlərindən biridir. Məsələn, ABŞ-da bu sahədə fəaliyyət göstərən əsas qurumlardan biri Daxili Təhlükəsizlik Departamentidir. Bu qurum enerji sistemləri, nəqliyyat şəbəkələri, su təchizatı və digər həyati əhəmiyyətli infrastrukturların təhlükəsizliyini koordinasiya edir.
Aİ-də isə kəskin və ya böhranlı vəziyyətin aradan qaldırılması ilə bağlı fəaliyyət göstərən infrastrukturların qorunması üzrə xüsusi proqramlar hazırlanıb və üzv dövlətlər arasında koordinasiya mexanizmi yaradılıb. Bu modelin əsas xüsusiyyəti dövlət qurumları ilə özəl sektor arasında təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi olub. Azərbaycanın təhlükəsizlik sisteminin də bu qlobal tendensiyalara uyğun şəkildə inkişaf etdirilməsi qarşıya prioritet vəzifə kimi qoyulub. Bu məqsədlə də strateji obyektlərin mühafizəsi sahəsində müasir nəzarət sistemlərinin, elektron monitorinq və operativ təhlükəsizlik mexanizmlərinin tətbiqinə başlanılıb.
Həyat arteriyalarının keşiyində
Azərbaycanın geoiqtisadi mövqeyi və enerji resursları ölkəmizi regionun əsas enerji mərkəzlərindən birinə çevirib. Bu baxımdan hökumət enerji infrastrukturlarının təhlükəsizliyinə dövlət təhlükəsizliyinin mühüm komponenti kimi hər zaman böyük diqqət yetirib. Məsələn, Xəzər hövzəsinin enerji ehtiyatlarının dünya bazarlarına çıxarılmasını gerçəkləşdirən əsas layihələrdən biri olan Bakı – Tbilisi – Ceyhan neft kəmərinin, eləcə də Avropanın enerji təminatında mühüm rol oynayan Cənub Qaz Dəhlizinin təhlükəsizliyi daim diqqətdə saxlanılıb. Bu cür iri enerji layihələrinin təhlükəsizliyi yalnız iqtisadi deyil, həm də siyasi və geostrateji məsələdir. Buna görə də respublikamızda boru kəmərləri, enerji terminalları və elektrik enerjisi infrastrukturunun potensial təhlükələrə qarşı mühafizəsinə prioritet vəzifə kimi yanaşılıb.
Azərbaycanın beynəlxalq iqtisadi və geosiyasi rolunu gücləndirən əsas amillərdən biri də ölkənin qlobal nəqliyyat və logistika sistemində strateji mövqeyidir. Bu baxımdan Avropa ilə Asiyanı birləşdirən və beynəlxalq logistika şəbəkəsində mühüm rol oynayan Orta Dəhliz də respublikamızın tranzit siyasətinin əsas sütunlarından birinə çevrilib. Bu dəhliz Çin, Mərkəzi Asiya ölkələri, Xəzər hövzəsi, Cənubi Qafqaz və Türkiyə vasitəsilə Avropaya uzanan multimodal logistika marşrutudur. Dəhliz üzrə daşımalar dəmir yolu, dəniz və avtomobil nəqliyyatının inteqrasiyası əsasında həyata keçirilir. Ümumilikdə, 8-10 min kilometr məsafəni əhatə edən bu marşrut Avropa ilə Asiya arasında yük daşımalarının müddətini 12-18 günə qədər azalda bilir ki, bu da ənənəvi dəniz marşrutları ilə müqayisədə xeyli sürətlidir. Məhz bu xüsusiyyətlər Orta Dəhlizi qlobal ticarət üçün sürətli və etibarlı alternativə çevirir.
Orta Dəhlizin ən mühüm hissələrindən biri məhz Azərbaycan ərazisindən keçir. Ölkəmiz bu marşrutda Xəzər dənizi üzərindən gələn yük axınlarının əsas logistika mərkəzi rolunu oynayır. Bu sistemin əsas elementlərindən biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Xəzər regionunun ən böyük logistika mərkəzlərindən biridir və dəhlizin qərb istiqamətinə çıxışını gerçəkləşdirir. Bundan əlavə, Avropa istiqamətinə yük daşımalarını təmin edən mühüm infrastruktur layihələrindən biri də Bakı–Tbilisi–Qars dəmir yoludur. Statistik göstəricilər də bu marşrutun əhəmiyyətinin sürətlə artdığını göstərir.
Ekspertlər hesab edirlər ki, belə iri tranzit layihələrinin həyata keçirilməsi yalnız infrastrukturun qurulması ilə məhdudlaşmır. Bu marşrutların sabit və təhlükəsiz fəaliyyəti üçün dövlətlərarası əməkdaşlıq, təhlükəsizlik xidmətləri arasında koordinasiya və logistika zəncirinin davamlılığını təmin edən mexanizmlər xüsusi diqqət çəkir. Azərbaycan isə bu marşrutun mərkəzində yerləşən əsas tranzit qovşağı kimi regionda logistika, enerji və nəqliyyat təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Məhz bu səbəbdən strateji obyektlərin mühafizəsi sistemi ölkənin nəqliyyat və enerji infrastrukturunun qorunmasında xüsusi əhəmiyyət kəsb edir.
Sözügedən agentliyin kollektivi məhz bu cür həyati əhəmiyyət daşıyan infrastrukturların təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Onların fəaliyyəti sayəsində respublikamızın enerji sistemi sabit və təhlükəsiz şəkildə fəaliyyət göstərir. Onu da xatırladaq ki, bu gün dünyada baş verən geosiyasi dəyişikliklər və texnoloji inkişaf təhlükəsizlik sistemləri qarşısında yeni tələblər qoyur.
Strateji obyektlərin mühafizəsi sahəsində çalışan əməkdaşların fəaliyyəti bəzən cəmiyyət üçün görünməz olsa da, onların xidmətinin əhəmiyyəti son dərəcə böyükdür. Çünki dövlətin iqtisadi sabitliyi, enerji təhlükəsizliyi və strateji layihələrinin davamlı fəaliyyəti məhz bu sistemin etibarlı işləməsindən asılıdır. Onların peşəkarlığı və vətənpərvərliyi Azərbaycanın təhlükəsizlik sisteminin möhkəm dayaqlarından biri kimi ölkəmizin sabit inkişafına xidmət edir.
Vaqif BAYRAMOVXQ
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.