Beynəlxalq münasibətlər sisteminin sürətlə dəyişdiyi, yeni siyasi və iqtisadi çağırışların meydana çıxdığı bir dövrdə qlobal miqyasda dialoq və əməkdaşlıq, ölkələrarası münasibətlərdə qarşılıqlı anlaşma prinsipi, bütün bunların bəşəriyyətə faydalılığı xüsusi əhəmiyyət daşıyır. Son on ildən artıq zaman kəsimində bütün sadaladığımız istiqamətlərdə Azərbaycanın təşəbbüskarlığı və onun beynəlxalq səviyyədə dəstək görməsi tendensiyası müşahidə edilməkdədir. Qlobal Bakı Forumuna olan beynəlxalq maraq fonunda bunu aydın görmək mümkündür.
2013-cü ildən etibarən Bakıda keçirilən Qlobal Bakı Forumu dünyanın müxtəlif ölkələrindən siyasi liderləri, sabiq prezident və baş nazirləri, beynəlxalq təşkilatların nümayəndələrini və ekspertləri bir araya gətirən mühüm beynəlxalq tədbirdir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunur və qlobal problemlərin müzakirəsi üçün geniş imkanlar yaradır. Hər il olduğu kimi, martın 12-də baş tutan XII Qlobal Bakı Forumu da bu gün dünyamızı narahat edən məsələlərin müzakirəsi ilə yadda qaldı.
Ənənəvi olaraq Forumun açılış mərasiminə İlham Əliyev də qatılaraq, çıxışında sıra mühüm məsələlərə toxundu. Dövlət başçısı hazırda dünyada baş verən geosiyasi dəyişikliklər, beynəlxalq münasibətlərdə mövcud problemlər, enerji təhlükəsizliyi və regional əməkdaşlıq kimi mövzulara xüsusi diqqət yetirdi ki, hər bir mövzu və həmin istiqamətdə mövcud olan problemlərin aradan qaldırılması, lazımi addımların atılması öz-özlüyündə bu gün region və dünya üçün olduqca vacibdir.
Prezident İlham Əliyev müasir dünyada baş verən geosiyasi dəyişikliklərə diqqət çəkərək bildirdi ki, dünyada hazırda baş verənlər – yeni gərginlik nöqtələrinin yaranması və uzunmüddətli mövcud münaqişələr beynəlxalq davranış strukturuna təhdid təşkil edir. Dövlət başçısının təbirincə desək, bu, həmçinin beynəlxalq hüquqa təhdiddir. Beynəlxalq hüquqa və normalara hörmət edilməyəndə və beynəlxalq təşkilatların qətnamələri nəzərə alınmayanda ölkələrin ərazi bütövlüyü pozulur.
Prezident İlham Əliyevin sözlərinə görə, hazırda beynəlxalq sistem yeni mərhələyə daxil olur və bir sıra qlobal problemlər dünya dövlətlərinin qarşısında ciddi çağırışlar yaradır. Bu səbəbdən dövlətlər arasında əməkdaşlığın və dialoqun gücləndirilməsi daha da vacibdir.
Dövlət başçısının çıxışında diqqət çəkən digər mühüm məqam sülh mesajı idi. Daha doğrusu, Prezident İlham Əliyev Azərbaycanın sülhə sadiqliyini bir daha dünyaya bəyan edərək, tezliklə Ermənistanla sülh müqaviləsinin imzalanacağına əminliyini ifadə etdi. Azərbaycan Lideri eyni zamanda bu müsbət tendensiyanın beynəlxalq aləmlə paylaşıla biləcək nadir təcrübə olduğunu vurğuladı:
“İşğala, etnik təmizləməyə və soyqırımına məruz qalmış, suverenliyini, ərazi bütövlüyünü və ləyaqətini güc tətbiqi ilə bərpa etmiş, daha sonra isə o zaman məğlub olmuş düşmənə sülh təklif etmiş ölkə olmağımız – hesab edirəm ki, bu, beynəlxalq ictimaiyyətlə paylaşa biləcəyimiz nadir bir təcrübədir. Mən dəfələrlə demişəm ki, biz Ermənistanla sülhü yalnız kağız üzərində əldə etməmişik, sülh sazişi yeddi ay əvvəl paraflandı və birgə bəyanat qəbul olundu. Lakin biz artıq real həyatda sülhü təmin etmişik. Sərhədimizdə sakit vəziyyət hökm sürür, atəş açılmır, artıq heç bir qurban və itki yoxdur”.
Nəhayət, Forumda diqqət çəkən mühüm məqamlardan biri də enerji təhlükəsizliyi ilə bağlı idi. Ona görə də prezident çıxışında enerji təhlükəsizliyi məsələsinə geniş yer ayıraraq, Azərbaycanın hazırda bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığını vurğuladı. Bu, danılmaz faktdır ki, Azərbaycanın həyata keçirdiyi enerji layihələri region və Avropa üçün böyük əhəmiyyət daşıyır. Bu layihələr vasitəsilə Azərbaycan təbii qaz və enerji resurslarını müxtəlif ölkələrə ixrac edir və beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi tanınır.
Bir sözlə, əvvəlki illərdə olduğu kimi, bu dəfə keçirilən Qlobal Bakı Forumu da qlobal əhəmiyyətli məsələlərin müzakirəsi ilə yadda qaldı. Forum bir daha mühüm beynəlxalq platforma rolunu oynadığını təsdiqləmiş oldu.
Nəsib Məhəməliyev,
Milli Məclisin deputatı