AZ

Hökumət başçısı Milli Məclisə hesabat verdi

Yeniazerbaycan saytından verilən məlumata görə, ain.az xəbər verir.

Martın 13-də Milli Məclisin növbəti iclası keçirilib. İclasda Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı dinlənilib. Spiker Sahibə Qafarova bildirib ki, milli tariximizə “Konstitusiya və Suverenlik İli” kimi daxil olan 2025-ci il Azərbaycan dövlətinin siyasi və hüquqi yetkinliyinin rəmzinə çevrilib, eyni zamanda, ölkəmizin ardıcıl və dinamik inkişafında yeni mərhələ təşkil edib. Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti həm ölkə daxilində, həm də beynəlxalq arenada çoxsaylı böyük uğurların əldə olunmasına şərait yaradıb. 

Onun sözlərinə görə, həyata keçirilən müstəqil və düşünülmüş xarici siyasət Azərbaycanı beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaşa çevirib: “Dövlətimiz regional və qlobal məsələlərin həllində fəal iştirak edib, enerji təhlükəsizliyinin təmin edilməsinə, nəqliyyat dəhlizlərinin inkişafına və beynəlxalq əməkdaşlığın genişlənməsinə dəyərli töhfələr verib. Azərbaycanın 8 böyük müsəlman ölkəsini birləşdirən D-8 beynəlxalq təşkilatına qəbul edilməsi, Orta Asiya ölkələrinin Məşvərət Şurasının tam hüquqlu üzvü olması böyük tarixi nailiyyətlərdir. İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndidə keçirilən Zirvə Görüşü  dövlətimizin siyasi və iqtisadi gücünü bir daha nümayiş etdirib. Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən Zirvə Görüşü isə türk dünyasının inteqrasiyası yolunda mühüm addım olub”.

Spiker deyib ki, Nazirlər Kabinetinin illik hesabatlarının Milli Məclisdə dinlənilməsi parlamentlə hökumət arasında təmasların artmasına şərait yaradır, iqtisadi inkişaf məsələlərinin obyektiv araşdırılmasında və həllində deputatların iştirakını təmin edir. “Onu da deyim ki, ötən il Milli Məclisdə Nazirlər Kabinetinin hesabatının müzakirəsi zamanı irəli sürülmüş təklif və tövsiyələr, həmişə olduğu kimi, yenə də hökumət tərəfindən diqqətlə araşdırılıb. Bu təklif və tövsiyələrin icra vəziyyətinə dair ətraflı məlumat bizə təqdim edilib. Eyni zamanda, artıq 6 ildir ki, hesabata ayrıca olaraq, sosial və infrastruktur obyektlərinin əsaslı təmiri və tikintisi, xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması barədə Milli Məclis deputatlarının təkliflərinin icrasına dair məlumat da daxil edilir”, -deyə S.Qafarova vurğulayıb.

Baş nazir: Strateji valyuta ehtiyatlarımız 91 milyard dollara çatıb

Sonra hesabatı təqdim edən Baş nazir Əli Əsədov bildirib ki, bu gün regionda cərəyan edən mürəkkəb geosiyasi proseslər, artan gərginlik və risklər fonunda Prezident İlham Əliyevin ardıcıl və praqmatik xarici siyasət kursu, uzaqgörən strateji baxışı və milli maraqlara əsaslanan prinsipial mövqeyi nəticəsində Azərbaycanın suverenliyi və sərhədlərinin toxunulmazlığı etibarlı şəkildə təmin olunmaqdadır. “Ötən həftə İran ərazisindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasının ərazisində pilotsuz uçuş aparatlarının istifadəsi ilə bağlı hadisə baş verib. Bu xoşagəlməz hadisə fonunda Azərbaycan cəmiyyəti və beynəlxalq ictimaiyyət bir daha əmin oldu ki, Prezident İlham Əliyev xalqının təhlükəsizliyini qoruyan və hər zaman öz xalqının arxasında duran güclü liderdir. Onu da əlavə edim ki, son dövrdə regionda cərəyan edən hadisələr Azərbaycanın quru sərhədlərinin bağlı saxlanılması qərarının nə qədər əsaslı və zəruri olduğunu göstərir, eyni zamanda Prezidentin uzaqgörən və müdrik dövlətçilik siyasətinin növbəti təsdiqidir”,- Ə.Əsədov əlavə edib ki, hesabat ilində ölkəmizdə ÜDM-in real həcmi əvvəlki illə müqayisədə 1,4% artaraq 129,1 mlrd. manat olub. Qeyri-neft sektoru isə real ifadədə 2,7% artaraq 92,3 mlrd.manata çatıb. İqtisadiyyatda ümumi əlavə dəyərin 72%-i məhz qeyri-neft sektorunda yaranıb. Qeyri-neft-qaz sənayesində 5,5% artım olsa da, neft-qaz sektorunda 1,6% azalma baş verib. Neft hasilatının azalması fonunda ümumi iqtisadi artımın qorunması məhz qeyri-neft sektorunun genişlənməsi hesabına mümkün olub. Hesabat dövründə strateji valyuta ehtiyatları ilin əvvəlindən təqribən 14.1 mlrd. dolar və ya 20% artaraq 85 mlrd. doları keçib. Hazırda bu göstərici  91 mlrd dollardır. Bu, ÜDM-dən 12% çoxdur və dünyada adambaşına düşən ehtiyatlara görə ən yüksək göstəricilərdən biridir. Bu göstərici xarici dövlət borcunu (4,8 mlrd. dollar) 18 dəfəyədək üstələyir.

Ölkəmiz 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir

Baş nazir diqqətə çatdırıb ki, 2025-ci ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi və sosial rifah halının yaxşılaşdırılması üçün sosial siyasət tədbirləri davam etdirilib. Əhalinin real gəlirlərinin yüksəldilməsi məqsədilə sosial ödənişlərin artırılması ilə bağlı bir sıra mühüm qərarlar qəbul olunub. 2025-ci ildə əhalinin nominal gəlirləri və orta aylıq əməkhaqqı artımı illik inflyasiya səviyyəsini üstələyib. 2025-ci il dövlət büdcəsi xərclərinin 39,5%-i və ya 15,3 mlrd. manatı sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldilib. Bu, 2024-cü illə müqayisədə 601,5 mln. manat və ya 4,1% çoxdur. Son yeddi il ərzində 4 milyon insanı əhatə edən 5 sosial islahat paketi icra olunub ki, bu məqsədlərə təqribən 8 mlrd. manat məbləğində vəsait sərf edilib. Təkcə keçən il 1,4 milyard manat büdcə vəsaiti bu məqsədlər üçün xərclənib. Maaşlar, pensiyalar, müavinətlər müntəzəm olaraq artırılır, pensiyalar indeksləşdirilir. Təhsil, səhiyyə və sosial müdafiəyə ayrılan vəsaitlərin artımı isə iqtisadi inkişaf üçün dayanıqlı insan kapitalı bazası yaradır. Dövlət büdcəsindən təhsil və elm xərclərinə 4.8 milyard manatdan artıq vəsait ayrılıb. 2025-ci ildə 31 təhsil müəssisəsində (o cümlədən 11-i Heydər Əliyev Fondu tərəfindən) işlər yekunlaşdırılıb, 97 təhsil müəssisəsində (o cümlədən 70 modul tipli ) isə tikinti-quraşdırma işləri davam edir. Eyni zamanda, 959 təhsil müəssisəsində, o cümlədən 10 peşə, 4 kollec, 185 məktəbəqədər və 760 ümumi təhsil müəssisəsində cari təmir işləri aparılıb. Hesabat ilində əhalinin sağlamlığının qorunması, səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması və əlçatanlığın təmin olunması məqsədilə səhiyyə xərcləri sahəsinə büdcədən təxminən 1.3 milyard manat vəsait ayrılıb. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanın Əliyevanın daim diqqət və qayğısı ilə son illərdə 16 min şəhid ailəsinə və müharibə əlilinə, onların ailələrinə dövlət tərəfindən mənzillər verilib, müharibə zamanı 500-dən artıq əlil olmuş hərbçi dövlət tərəfindən ən müasir protezlərlə təmin edilib.

Ə.Əsədov diqqətə çatdırıb ki, 2025-ci ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri artırılıb: “Bu, ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün və milli təhlükəsizliyinin təmin olunmasının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu nümayiş etdirir. Bu məqsədlə 2025-ci ilin dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə 8.1 milyard manat vəsait ayrılıb. Ötən il 1,4 milyard manat dəyərində hərbi təyinatlı məhsul istehsal etmişik. Bu gün Azərbaycan 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir. Mövcud geosiyasi şərait nəzərə alınaraq, əldə olunmuş nəticələrin qorunmasına, o cümlədən təhlükəsizliyin möhkəmləndirilməsinə, müdafiə qabiliyyətinin artırılmasına, sərhədlərin toxunulmazlığına, milli maraqların müdafiəsinə bundan sonra da ardıcıl diqqətin göstərilməsi olduqca mühüm əhəmiyyət kəsb edir”.

Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi hazırlanıb

Baş nazir işğaldan azad olunmuş ərazilərimizdə görülən işlər haqqında da ətraflı məlumat verib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə mövcud infrastrukturun bərpası və yenisinin inşası, yaşayış məntəqələrinin yenidən qurulması və sosial-iqtisadi həyatın canlandırılması istiqamətində genişmiqyaslı işlər uğurla davam etdirilir: “Hesabat ilinin sonuna işğaldan azad edilmiş bölgələrdə yaşayan (məskunlaşan, işləyən və oxuyan) əhalinin sayı təqribən 75 min nəfər təşkil edib. Bu ərazilərin yenidən qurulması və bərpası üçün 2020-2025-ci illərdə dövlət büdcəsindən 22 milyard manat, o cümlədən təkcə ötən il  4.4 milyard manat vəsait ayrılıb. 2026-cı ildə bu məqsədə 3,5 milyard manat vəsait nəzərdə tutulub. Beləliklə, bu il də daxil olmaqla dövlət büdcəsindən, ümumilikdə, 25,5 milyard manat vəsait ayrılıb”.

Qeyd olunub ki, Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər və onun əsasında hazırlanan 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramının hazırda uğurla icrası davam edir. Strategiyanın davamı olaraq, “2027-2030-cu illərin sosial-iqtisadi inkişaf Strategiyası və Böyük Qayıdışa dair II Dövlət Proqramının” layihəsi hazırlanıb, İqtisadi Şurada müzakirə olunub. Sənədin layihəsi hökumət tərəfindən dövlət başçısına təqdim olunub.

Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə geniş minatəmizləmə işləri də davam etdirilir. 2025-ci ildə 69.2 min hektar, ümumilikdə isə 2020-ci ildən azad edilmiş ərazilərdə 249 min hektara yaxın ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib, ümumilikdə tapıntıların sayı 237 min ədəd təşkil edib. 2026-cı ildə isə 65 min hektardan artıq ərazinin minalardan təmizlənməsi planlaşdırılır. 

Ə.Əsədovun sözlərinə görə, hesabat ilində xüsusilə nəqliyyat, logistika və informasiya-rabitə sahələrində müşahidə olunan dinamika iqtisadiyyatın yeni artım mənbələrinin formalaşdığını göstərir. 2025-ci ildə qeyri-neft ÜDM-nin 13%-i bu sahələrin hesabına formalaşıb. Yük və sərnişin daşımalarının artması Azərbaycanın regional tranzit rolunun möhkəmləndiyini təsdiqləyir və Orta Dəhliz strategiyasının real prosesə çevrildiyini göstərir. 2025-ci il ərzində ölkə üzrə 539 km, o cümlədən regionlarda 332 km respublika və yerli əhəmiyyətli avtomobil yolu tikilib, yenidən qurulub və əsaslı təmir olunub, 84 km dəmir yolu xətti yenidən qurulub, 7 dəmir yolu tuneli və körpüsü tikilib və əsaslı təmir olunub. Baş nazir deyib ki, hazırda hökumətin əsas vəzifəsi enerji mənbələrini qəbuletmə imkanlarını genişləndirmək və enerji sistemimizi gücləndirməkdir: “Mövcud planlara görə, biz 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat elektrik enerjisi əldə etməyi gözləyirik. Bərpa olunan enerji sahəsində də böyük potensialımızın reallaşdırılması məqsədilə dünyanın aparıcı ölkələrinin şirkətləri ilə səmərəli əməkdaşlıq qurulub. Bu əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr ölkəmizin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, enerji mənbələrinin şaxələndirilməsinə və dayanıqlı inkişafın təmin olunmasına xidmət edir”.

Bununla yanaşı, Ə.Əsədov qaz təchizatı coğrafiyasının genişləndirilməsi və yeni ixrac marşrutlarının inkişafı istiqamətində ardıcıl və məqsədyönlü siyasətin  həyata keçirildiyini söyləyib. Onun sözlərinə görə, 2025-ci il ərzində ixrac boru kəmərləri vasitəsilə ümumilikdə 25,2 mlrd. kubmetr qaz ixrac edilib: “Ötən il Azərbaycan qazını alan ölkələrin sayı artaraq 14-ə yüksəlib. Hazırda bu ölkələrin sayı 16-ya çatıb. Belə ki, Avropanın daha iki ölkəsinə - Almaniya və Avstriyaya qaz tədarükünə başlanılıb”.

Çıxışının sonunda Baş nazir əmin edib ki, Prezident tərəfindən hökumət qarşısında müəyyən edilmiş bütün hədəflər və verilən tapşırıqlar bundan sonra da tam məsuliyyətlə, vaxtında və yüksək keyfiyyətlə yerinə yetiriləcək.

İclasda çıxış edən millət vəkilləri hökumətin hesabatı ilə bağlı fikir və təkliflərini bildiriblər. Müzakirələrdən sonra Nazirlər Kabinetinin illik fəaliyyətinə dair hesabat qəbul olunub.

Nardar BAYRAMLI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
1
yeniazerbaycan.com

2Mənbələr