Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Azərbaycan paytaxtı növbəti dəfə dünyanın enerji mərkəzinə çevrilərək mühüm beynəlxalq tədbirə ev sahibliyi edib. Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası keçirilib. Tədbir Azərbaycanın qlobal enerji təhlükəsizliyində artan rolunu və bərpa olunan enerji mənbələrinə keçid strategiyasını bir daha diqqət mərkəzinə gətirib. Tədbirdə Azərbaycanla yanaşı, bir sıra strateji tərəfdaş ölkələrin yüksək səviyyəli nümayəndələri iştirak ediblər. Beynəlxalq təşkilatların və dünyanın aparıcı enerji şirkətlərinin təmsilçiləri də müzakirələrə qatılıblar. Görüşlərin əsas mövzusu qlobal enerji təhlükəsizliyinin təmin edilməsi və Cənub Qaz Dəhlizinin gələcək inkişaf perspektivləri olub.
Müzakirələrin mərkəzində dayanan əsas məsələlər sırasına Avropaya qaz tədarükünün genişləndirilməsi və enerji marşrutlarının diversifikasiyası daxildir. Bununla yanaşı, Azərbaycanın "yaşıl enerji" gündəliyinə uyğun olaraq, ekoloji təmiz enerji sahəsində beynəlxalq əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi yolları ətraflı nəzərdən keçirilib.Deputat Vüqar İskəndərli Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycan artıq yalnız Cənubi Qafqazın, həm də qlobal dünyada mühüm rol oynayan, nüfuzlu bir dövlətə çevrilib:“Ölkəmiz, xüsusilə enerji sahəsində, artıq yalnız təchizatçı deyil, həm də bu sahəni formalaşdıran, idarə edən və beynəlxalq aləmdə nüfuzlu qərar verən ölkələrdən birinə çevrilmişdir. Azərbaycan, uzun illər boyunca enerji siyasətini yalnız milli maraqlarına uyğun şəkildə deyil, həm də beynəlxalq müstəvidə dünya gücləri ilə strateji əməkdaşlıqlar quraraq həyata keçirib. Bu istiqamətdə ölkəmizin gələcəyi daha da parlaqdır, çünki Azərbaycanın enerji resursları və texnologiyaları dünyada mühüm yerə sahibdir. Bu mənada, Azərbaycanın paytaxtı Bakı, artıq beynəlxalq səviyyədə mühüm tədbirlərin təşkil olunduğu bir mərkəzə çevrilib. Xüsusilə, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurasının 4-cü iclası, ölkəmizin regional və qlobal enerji siyasətindəki mövqeyini bir daha ortaya qoymuşdur. Cənab Prezident İlham Əliyevin bu tədbirdə iştirakı və çıxışı, Azərbaycanın enerji sahəsindəki gücünü və gələcəyə dair strategiyalarını qəti şəkildə nümayiş etdirib. Bu tədbirlərdə, Azərbaycanın enerji sahəsindəki önəmli rolu, eləcə də qlobal enerji siyasətindəki yerinin möhkəmləndirilməsi ilə bağlı əhəmiyyətli mesajlar verilib. Azərbaycan, artıq Avropa İttifaqının 12 ölkəsinə qaz təchiz edərək bu sahədə dünyada lider mövqeyə yüksəlib. 3500 km-dən çox uzunluğu ilə Cənub Qaz Dəhlizi, Azərbaycanı bu sahədə qlobal lider halına gətirib. Bu layihənin əhəmiyyəti yalnız ölkəmiz üçün deyil, bütün dünya üçün çox böyükdür, çünki bu boru xətti Azərbaycana enerji ixracatında yeni imkanlar açmaqla yanaşı, Avropanın enerji təhlükəsizliyini təmin etməyə dəstək verir”.
O bildirib ki, Azərbaycanın bu sahədəki strateji mövqeyi, ölkəmizin həm Avropa, həm də qlobal enerji təchizatında əsas iştirakçılardan biri olmasına zəmin yaradır:
“Eyni zamanda, Azərbaycan enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş olaraq tanınır. Ölkəmiz yalnız təbii qaz tədarükü ilə deyil, həm də etibarlı və dayanıqlı enerji təchizatı ilə tanınır. Bu vəziyyət, Azərbaycanın gələcəyin enerjisi olan "yaşıl enerji" sahəsinə keçidində də özünü göstərir. Xəzər dənizində külək və günəş enerjisindən istifadə edilməsi, alternativ enerji mənbələrinin inkişafı istiqamətində atılan addımlar, Azərbaycanı bu sahədə də lider ölkə edir. Avropa İttifaqı ilə imzalanan müqavilələr, Azərbaycanın etibarlı enerji tərəfdaşı olaraq Avropanın enerji ehtiyaclarını təmin etməsi, həmçinin "yaşıl enerji" sahəsindəki tərəfdaşlıq və əməkdaşlıq perspektivləri ölkəmizin bu sahədəki gücünü artırır. Azərbaycanın gələcəyi yaşıl enerji sahəsindəki inkişafda da mühüm yer tutur. Artıq Xəzər dənizində külək enerjisi və günəş enerjisi layihələri üzərində işlər görülür. Bu, Azərbaycanın iqtisadi müstəqilliyini gücləndirir və ekoloji baxımdan daha təmiz enerji mənbələrinə keçidi sürətləndirir. Azərbaycanın yaşıl enerji sahəsinə keçidi, həm iqtisadiyyatı diversifikasiya etmək, həm də qlobal enerji istehlakında daha çevik və təmiz alternativlər təklif etmək məqsədini güdür.
Azərbaycanın bu sahədəki uğurları, həm regional, həm də qlobal səviyyədə ölkəmizin nüfuzunun artmasına, eyni zamanda Avropanın və qlobal dünyanın enerji təminatında Azərbaycanın mövqeyinin daha da möhkəmlənməsinə şərait yaradır. Cənub Qaz Dəhlizinin və yaşıl enerji sahəsindəki irəliləyişlər, Azərbaycanın gələcəkdə də həm Avropanın, həm də Avrasiyanın enerji təchizatında vacib aktor olmasını təmin edəcək. Bu istiqamətdə atılacaq növbəti addımlar isə Azərbaycanın enerji siyasətini daha da irəlilədəcək və ölkəmizin dünya enerji bazarlarında lider mövqeyini möhkəmləndirəcək”.Politoloq Tural İsmayılov qeyd edib ki, Bakıda keçirilən bu iki mühüm iclasa politoloji prizmadan yanaşsaq, Azərbaycanın qlobal enerji xəritəsindəki rolunun sadəcə "resurs tədarükçüsü"ndən "strateji qovşaq və yaşıl keçid tərəfdaşı"na transformasiyasını aydın şəkildə görə bilərik:“Bu tədbirlərin həm diplomatik, həm də iqtisadi çəkisi rəsmi Bakının xarici siyasətindəki çoxşaxəli və balanslı fəaliyyətinin uğurlu nəticəsidir. Fundamental baxımdan bu iclasların əsas məqsədi Avropanın enerji təhlükəsizliyi arxitekturasında Azərbaycanın payını artırmaq və logistik marşrutların dayanıqlılığını təmin etməkdir. Ukrayna böhranından sonra Avropa İttifaqı üçün qaz mənbələrinin diversifikasiyası artıq sadəcə iqtisadi seçim deyil, birbaşa milli təhlükəsizlik məsələsinə çevrilib. Cənub Qaz Dəhlizi Məşvərət Şurası bu kontekstdə Azərbaycan qazının həcminin 2027-ci ilə qədər ikiqat artırılması istiqamətində infrastrukturun genişləndirilməsi və maliyyələşmə modelini beynəlxalq səviyyədə koordinasiya etmək funksiyasını daşıyır. Yaşıl Enerji Məşvərət Şurası Bakının strateji vizyonunun növbəti və daha modern mərhələsini təşkil edir.Burada əsas hədəf Azərbaycanın bərpa olunan enerji potensialını, xüsusilə Xəzər dənizindəki nəhəng külək enerjisini "Yaşıl Enerji Dəhlizi" vasitəsilə (Qara dəniz sualtı kabeli layihəsi) birbaşa Avropa bazarlarına çıxarmaq üçün siyasi və texniki iradəni bir araya gətirməkdir. Bu proseslər ölkəmiz üçün bir neçə istiqamətdə böyük dividendlər vəd edir”.
O vurğulayıb ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində əvəzedilməz strateji tərəfdaşa çevrilməklə özünün xarici siyasətdəki manevr imkanlarını və "diplomatik çəkisini" əhəmiyyətli dərəcədə gücləndirir:
“Bu faktor beynəlxalq platformalarda ölkəmizin milli maraqlarının müdafiəsi zamanı güclü bir arqument rolunu oynayır. Yaşıl enerji layihələri ölkəyə "Məsdər" və "ACWA Power" kimi nəhəng qlobal şirkətlərin böyük həcmdə xarici investisiyalarını cəlb edir ki, bu da qeyri-neft sektorunun inkişafı və iqtisadi diversifikasiya üçün real zəmin yaradır. Nəhayət, bu toplantılar Azərbaycanın sadəcə ənənəvi yanacaq satıcısı deyil, həm də qlobal iqlim dəyişikliyi ilə mübarizədə və təmiz texnologiyaların tətbiqində regional lider olduğunu dünyaya nümayiş etdirir. Bakı bu platformalar vasitəsilə sübut edir ki, o, həm bugünkü Avropanın qaz ehtiyacını qarşılayan, həm də gələcəyin "yaşıl iqtisadiyyatını" formalaşdıran əsas oyunçulardan biridir”.Leyla Turan
Demokrat.azQeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqamətində hazırlanıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.