"Güney Azərbaycan məsələsində biz nə dərəcədə müstəqil qərarlar verə bilərik? Gəlin bir anlıq fərz edək ki, bütöv Azərbaycan yaranıb. Hazırda Şimali Azərbaycanın əhalisi 10 milyon nəfərdir. Güney daxil olmaqla birləşmiş dövlətin əhalisi isə ən azı 50 milyon nəfər olacaq. Belə bir dövlətdə sistemin, sosial quruluşun və adət-ənənələrin kimin istəyi ilə formalaşacağı barədə ciddi düşünməliyik."
Musavat.com xəbər verir ki, bu sözləri "Tv Musavat"ın canlı efirində siyasi şərhçi Elçin Alıoğlu deyib. O bildirib ki, 50 milyonluq böyük bir gücün ortaya çıxmasını regionun böyük oyunçuları olan Rusiya, Çin və Səudiyyə Ərəbistanı, eləcə də ABŞ heç bir vəchlə istəmir. Ekspertin fikrincə, mövcud geosiyasi şəraitdə ən real yol Güney Azərbaycanın muxtariyyət statusu almasıdır.
Siyasi şərhçi qeyd edib ki, cəmiyyətimizdə İran məsələsinə yanaşmada kəskin qütbləşmə var: bir tərəf kor-koranə Qərbi, digər tərəf isə İranın mövcud teokratik rejimini müdafiə edir. Lakin Alıoğlu hər iki tərəfin səhv olduğunu vurğulayaraq bildirib: "Bir tərəfdən ABŞ və İsrailin İrana qarşı apardığı siyasət beynəlxalq hüququn heçə sayılmasıdır. Heç bir dövlətin başqa bir ölkənin daxili işlərinə bu formada müdaxilə etmək, onun hakimiyyətini qətlə yetirmək ixtiyarı yoxdur. Bu, cinayətkar davranışdır."
Bununla belə, ekspert İranın mövcud hakimiyyətinin də günahsız olmadığını diqqətə çatdırıb. O qeyd edib ki, 1979-cu ildən bəri bu rejim on minlərlə azərbaycanlını qətlə yetirib, yüz minlərlə soydaşımızı zindanlarda çürüdərək şikəst edib. Onun sözlərinə görə, bu hakimiyyət mahiyyət etibarilə Azərbaycan nifrəti üzərində qurulmuş despotik və qanlı bir diktaturadır və mütləq getməlidir.
Sonda Elçin Alıoğlu vurğulayıb ki, İranın taleyinə nə Tramp, nə Netanyahu, nə də kənar qüvvələr qərar verə bilər: "İranda hakimiyyətin kim tərəfindən idarə olunacağına yalnız və yalnız İranın öz vətəndaşları qərar verməlidir. Kimsənin onlara seçim diktə etmək hüququ yoxdur."