AZ

Anaklaudia Rosbax: Mənzil böhranının aradan qaldırılması üçün sistemli dəyişikliklərə ehtiyac var VİDEO

Bakı, 14 mart, AZƏRTAC

Dünyanın bir çox şəhərlərində mənzil böhranı sosial və iqtisadi problemlərlə sıx bağlıdır və bu sahədə sistemli dəyişikliklərin həyata keçirilməsi zəruridir.

AZƏRTAC xəbər verir ki, bu sözləri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rosbax XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Mənzil məsələləri üzrə qlobal əməkdaşlıq: WUF13 üçün perspektivlər” mövzusunda panel iclasında deyib.

Anaklaudia Rosbax bildirib ki, bir çox şəhərlərdə insanlar sağlam və təhlükəsiz olmayan şəraitdə yaşayır, bəzi yaşayış məntəqələrində isə rəsmi ünvanların olmaması sakinlərin iş tapmasını və biznes qurmasını çətinləşdirir.

Anaklaudia Rosbax qeyd edib ki, mənzil əlçatanlığı problemi xüsusilə gənclər və yaşlı insanlar üçün daha qabarıq hiss olunur. Onun sözlərinə görə, bir çox ölkələrdə gənclər ev almaq və ya kirayə götürmək imkanına malik deyil, yaşlı insanlar isə artan xərclər səbəbindən mövcud yaşayış yerlərində qalmaqda çətinlik çəkirlər.

UN-Habitat rəhbəri vurğulayıb ki, problemin həlli üçün mənzil siyasəti siyasi gündəlikdə prioritet məsələ kimi nəzərdən keçirilməli, şəhər planlaşdırılması ilə daha sıx əlaqələndirilməli və bu sahəyə daha çox investisiya cəlb olunmalıdır.

Seçilən
29
azertag.az

1Mənbələr