Qlobal Bakı Forumu illərdir mühüm müzakirə platformasına çevrilib. Bu il keçirilən forumun mövzusu da müasir dövrün reallıqlarını əks etdirir. APA xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev XIII Qlobal Bakı Forumunda çıxışı zamanı bildirib.
O qeyd edib ki, bu gün dünyanın bir çox bölgəsində sosial bərabərsizlik müşahidə olunur və şəhərsalma ilə bağlı problemlər bir çox ölkələr üçün aktual olaraq qalır: “Böhranlardan sonra bərpa və yenidənqurma prosesləri, xüsusilə də münaqişədən sonrakı dövrdə həyata keçirilən quruculuq işləri böyük əhəmiyyət daşıyır. Didərgin düşmüş əhalinin qayıdışı nəzərə alınarsa, şəhərsalma siyasəti onlar üçün daha dayanıqlı və təhlükəsiz mühit yaratmağa yönəlməlidir. Bütün bu məsələlər WUF13-də geniş müzakirə olunacaq. Ən vacib məqamlardan biri isə forumun Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda keçirilməsidir ki, bu da regionun qlobal urban inkişaf gündəliyində artan əhəmiyyətini göstərir”. Anar Quliyev, eyni zamanda, vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirilən yenidənqurma işləri ilə bağlı təcrübənin paylaşılması da xüsusi əhəmiyyət kəsb edir: “Bu ərazilərdə aparılan quruculuq işləri dayanıqlı və təhlükəsiz şəhərlərin yaradılmasına yönəlib. Hazırda minlərlə insan həmin ərazilərdə yaşayır, işləyir və təhsil alır”.