I Liqada ikinci mövsümünü keçirən «Cəbrayıl» əsas himayədarını itirib.
Şahin Məmmədov 4 ildir sponsoru və prezidenti olduğu klubla vidalaşıb.
Kollektivlə görüş keçirən iş adamı artıq bura maliyyə ayırmağa gücünün çatmadığını bildirib.
Ötən illər ərzində «Cəbrayıl»a əlindən gəldiyi qədər maddi dəstək verdiyini xatırladan biznesmen heç kimin onların köməyinə yetişmədiyini söyləyib.
Qeyd edib ki, indiyədək bir neçə cəbrayıllı imkanlı şəxsə üz tutsa da, onlar kluba pul ayırmağa maraq göstərməyib.
Deyib ki, hazırkı vəziyyətdə belə addım atmaq məcburiyyətində qalıb, bununla belə, komandanın çempionatda yerini qoruyacağına inanır.
Ş.Məmmədov yarandığı gündən «Cəbrayıl»ın yanındadır.
Klubun təsisçilərindən Cavid Hüseynovla yaxın münasibətlərinə görə futbol sektoruna qədəm basan iş adamı Region Liqasından bəri bu yolu onunla yanaşı addımlayıb.
«Cəbrayıl» mövsümün 18 turu ərzində 16 xal toplayıb. Qarabağ bölgəsinin təmsilçisi bu nəticəylə turnir cədvəlinin 8-ci pilləsində yerləşib.
SPORTİNFO.AZ
