ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "USS Abraham Lincoln" (CVN-72) aviadaşıyıcısını sıradan çıxarması barədə yaydığı məlumatları rəsmən təkzib edib.
Musavat.com xəbər verir ki, CENTCOM bu cür iddiaların tamamilə yalan və dezinformasiya olduğunu bildirərək, İran tərəfinin mütəmadi olaraq eyni saxta bəyanatları təkrar etdiyini vurğulayıb. Mərkəzi Komandanlıq bəyan edib ki, SEPAH-ın bəyanatları nəinki reallığı əks etdirmir, hətta onların öz daxili ziddiyyətli xəbərləri ilə də üst-üstə düşmür. ABŞ tərəfinin açıqlamasına görə, "Abraham Lincoln" aviadaşıyıcı qrupu hazırda dənizdən fəaliyyət göstərərək İranın hava məkanında üstünlüyünü qoruyur və "Epic Fury" (Epik Qəzəb) əməliyyatı çərçivəsində döyüş tapşırıqlarını fasiləsiz yerinə yetirməyə davam edir.
Pentaqon rəsmiləri əlavə ediblər ki, gəminin guya vurulması və ya regionu tərk etməsi barədə Tehranın yaydığı kadrlar köhnə görüntülərdir və ABŞ hərbi dəniz qüvvələrinin regiondakı gücünü sarsıtmağa hesablanmış uğursuz bir cəhddir. Hazırda aviadaşıyıcı qrupu dənizdən İrandakı hədəflərə qarşı zərbə endirmək üçün aktiv şəkildə istifadə olunur.
Musavat.com