Bakıda mənzil və şəhərsalma sahəsinə cavabdeh şəxsləri bir araya gətirərək əldə olunan irəliləyişləri qiymətləndirəcək və gələcək istiqamətlər üzrə razılığa gələcəyik.
AZƏRTAC xəbər verir ki, bu sözləri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rosbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) həsr olunan brifinq zamanı deyib.
Rosbax bildirib ki, xüsusilə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 11-ci hədəfi – mənzilə çıxışın təmin edilməsi və qeyri-rəsmi yaşayış məntəqələri ilə bağlı məsələlər ciddi narahatlıq doğurur.
Onun sözlərinə görə, bu mövzular Bakıda keçiriləcək Forumda geniş müzakirə olunacaq. O qeyd edib ki, bu istiqamətdə müəyyən edilmiş hədəflərə nail olmaqdan dünya hələ çox uzaqdır.
“Bu səbəbdən insanların həmin problemlərlə real həyatda necə mübarizə apardığını araşdırmaq çox vacibdir. Hansı təcrübələrin mövcud olduğu, hansı həll yollarının və siyasətlərin tətbiq edildiyi, eləcə də mövcud çətinliklərin aradan qaldırılması üçün hansı sistemli dəyişikliklərə ehtiyac duyulduğu müzakirə ediləcək. Beləliklə, bu il olduqca mühüm il olacaq”, – deyə Rosbax əlavə edib.