ain.az, Bizim media portalına istinadən məlumat yayır.
ABŞ-İsrail tandemi və İran arasında münaqişə artıq ikinci həftədir ki, davam edir.Bir sıra beynəlxalq araşdırma mərkəzlərinin qənaətinə görə, bu münaqişə əslində “boğaz nöqtələri”, loqistika mərkəzləri və nəqliyyat dəhlizləri uğrunda mübarizədir.ABŞ Prezidenti Donald Tramp bu savaşda ilkin olaraq Hürmüz boğazını və Qırmızı dənizdə nəzarəti tam ələ keçirtmək istəyir. Növbəti hədəfsə Malakka boğazıdır.Nəzərə alaq ki, ABŞ prezidenti Donald Tramp aprelin ilk həftəsində Çin lideri Si Cinpinlə zirvə görüşü üçün Pekinə səfər edəcək. Amerika lideri bu görüşə Hörmüz boğazının sahibi kimi getmək və Malakka boğazını müzakirələr masasına gətirmək istəyir.Trampı buna məcbur edən nədir?Son 35 ildə təkqütblü dünya anlayışı ön planda olub. Dünya əsasən Qərb tərəfindən idarə olunub. Qərb dedikdə isə ABŞ və Avropa İttifaqı nəzərdə tutulur.Qeyd edək ki, bir zamanlar ümumdünya daxili məhsulun həcmi 78 trilyon dollara bərabər idi ki, bununda təxminən yarısı 36 trilyon dolları ABŞ, Böyük Britaniya və Aİ-nin payına düşürdü. Lakin son illərdə vəziyyətdə 180 dərəcə dəyişib. 2026-cı ildə dünya iqtisadiyyatının ümumi həcmi alıcılıq qabiliyyəti pariteti (PPP) üzrə hesablamalara əsasən 219 trilyon ABŞ dollarına çatıb. Bu göstərici ölkələrin real alıcılıq gücünü nəzərə almaqla qlobal iqtisadi güc balansının yeni mənzərəsini ortaya qoyur.Hesablamalara görə, Çin 43,5 trilyon dollar ÜDM ilə dünyanın ən böyük iqtisadiyyatı olaraq lider mövqeyini qoruyur.ABŞ 31,8 trilyon dollarla ikinci, Hindistan isə 19,1 trilyon dollarla üçüncü yerdə qərarlaşıb.Reytinqdə dördüncü yeri 7,34 trilyon dollar ÜDM ilə Rusiya tutur və bu göstərici ilə ölkə Avropanın ən böyük iqtisadiyyatı hesab olunur. Siyahıda növbəti pillələrdə isə Yaponiya (6,92 trilyon dollar) və Almaniya (6,32 trilyon dollar) qərarlaşıb.Bu da onu göstərir ki, qlobal iqtisadi gücün əsas mərkəzi getdikcə Asiya qitəsinə doğru yönəlir. Hazırda Asiya dünya iqtisadiyyatının təxminən yarısını formalaşdırır. Regionda xüsusilə Çin, Hindistan, Yaponiya, İndoneziya və Cənubi Koreya iqtisadi artım tempinə görə seçilir. Vyetnam və Tayland kimi inkişaf edən ölkələr də sürətli iqtisadi artım potensialı ilə diqqət çəkir.Bu hələ son deyil...Beynəlxalq Valyuta Fondunun (BVF) son proqnozlarına əsasən, 2029-cu ilə qədər Asiya-Sakit Okean regionu dünya ümumi daxili məhsulunun (ÜDM) artımının təxminən 70 faizini təmin edəcək. Müqayisə üçün, Avropa İttifaqının bu göstəriciyə töhfəsi 8 faizdən aşağı olacaq. Artıq dünya sənaye məhsulunun yarıdan çoxu Asiyada istehsal olunur, konteyner daşımalarının təxminən 60 faizi bu regionda emal edilir və Cənubi Çin dənizindən illik 5 trilyon dollar dəyərində yüklər daşınır.Çin bu dinamik sistemin mərkəzində qərarlaşıb və ABŞ tərəfindən geosiyasi və iqtisadi baxımdan əsas strateji rəqib kimi qiymətləndirilir. ABŞ Çin iqtisadiyyatının böyüməsinin beynəlxalq sistem üçün potensial risklər doğura biləcəyindən narahat olaraq, onun təsirini balanslaşdırmaq yolları axtarır. Hər iki ölkə birbaşa hərbi qarşıdurmadan yayınmağa çalışsa da, strateji qüvvələrin artırılması və təsir dairələrinin gücləndirilməsi istiqamətində fəaliyyətlərini davam etdirirlər. Ona görə də Tramp ilk növbədə Hörmüz boğazına nəzarəti ələ keçirtmək istəyir.Bundan sonra isə diqqəti Çinin ətrafına yönəltmək istəyir. Təsadüfi deyil ki, rəsmi Vaşinqton Sakit Okeandakı dəniz qüvvələrinin üçdəikisini bölgədə cəmləşdirib və Tayvan ətrafında təhlükəsizlik tədbirlərini gücləndirir. Pekin isə yeni hərbi gəmilər təqdim edir, raket sistemləri yerləşdirir və nüvə potensialını genişləndirir. Qarşılıqlı fəaliyyətlər artıq açıq qarşıdurmadan çox, “boz zona” adlandırılan qeyri-rəsmi və hibrid metodlarla aparılır.
Bu qarşıdurmanın əsas fokus nöqtələrindən biri dəniz logistikasıdır. Çin ixracatının və neft idxalının əhəmiyyətli hissəsi Malakka boğazından keçir. Bu strateji arteriya Çinin iqtisadi zəif nöqtəsi hesab olunur. Sığorta tariflərindəki ani artımlar, kiberhücumlar və ya logistika kanallarında baş verəcək kiçik fasilələr belə, Çin iqtisadiyyatına milyardlarla dollarlıq zərər verə bilər.
ABŞ yeni texnologiyalar əsasında yarı avtonom müşayiət gəmiləri və pilotsuz sistemlər vasitəsilə dəniz nəqliyyatını nəzarətdə saxlamağa çalışır. Bu alətlər formal blokada elan etmədən, dəniz hüququnun imkanları çərçivəsində hərəkət azadlığını məhdudlaşdırmaq üçün nəzərdə tutulub.2025-ci ilin yazında Qırmızı dənizdəki gəmilər üçün sığorta tarifləri gəmi dəyərinin 2 faizinə çatıb ki, bu da 2023-cü illə müqayisədə 27 dəfə yüksəkdir. Eyni zamanda, ABŞ İranın Çinə neft ixracatını məhdudlaşdırmaq məqsədilə tankerlərə nəzarəti artırır.Göründüyü kimi, nəqliyyat dəhlizləri uğrunda amansız mübarizə başlayıb. Nəzərə alaq ki, Avrasiyanın aparıcı nəqliyyat dəhlizlərindən biri də Azərbaycan üzərindən keçir.Nəqliyyat dəhlizləri savaşında Azərbaycanın mövqeyi nədən ibarətdir?Yada salaq ki, Azərbaycan son illər Qərblə Şərq arasında ən optimal və təhlükəsiz nəqliyyat qovşağı olduğunu sübut edib. Eyni zamanda, ölkəmiz Şərqin zəngin karbohidrogen ehtiyatlarının Qərbə çatdırılmasında əsas provayder kimi çıxış edir. Yaxın gələcəkdə Qazaxıstan, Türkmənistan və digər ölkələrdə hasil olan neft-qazın Avropaya çatdırılması üçün Azərbaycanın sahib olduğu Bakı-Tiflis- Ərzurum qaz və Bakı-Tiflis- Ceyhan neft kəmərləri müstəsna əhəmiyyətə malikdir. Eləcə də TAP və TANAP layihələri Avropanın enerji təminatında müstəsna paya sahibdir.Ən əsası Azərbaycanın sahib olduğu neft-qaz dəhlizləri öz potensialının çox az qismindən istifadə edir. Təbii ki, bu da nəinki region dövlətləri, hətta qlobal oyunçular üçün çox cəlbedicidir.Təsadüfi deyil ki, Zəngəzur dəhlizinə (TRİPP) rəsmi Vaşinqton birbaşa maraq göstərir.Hətta bu dəhlizi amerikalılar öz prezidentlərinin adı ilə adlandırırlar. Artıq xeyli müddətdir ki, həm Azərbaycan, həm də Ermənistan ərazisində tikinti işləri aparılır. Ermənistanda aparılan işlərin əsas maliyyəçisi də məhz ABŞ şirkətləridir.
Digər tərəfdən Azərbaycan rəsmi Pekinin "Bir kəmər, bir yol" (Belt and Road Initiative) layihəsinin önəmli hissəsini təşkil edir. Artıq bu nəqliyyat dəhlizinin imkanlarını artırmaq üçün kifayət qədər iş görülüb. Bu dəhliz Çinin konteynerləri üçün ən sürətli və iqtisadi cəhətdən ən səmərəli yol Bakı-Tiflis- Qars dəmir yoludur.
Göründüyü kimi, qlobal güclərin “boğaz nöqtələri”, logistika mərkəzləri və nəqliyyat dəhlizləri mübarizəsində Azərbaycan da öz aktuallığını və önəmini saxlayır. Təbii ki, rəsmi Bakının balanslaşdırılmış siyasəti qlobal güclərin maraqlarının Azərbaycan üzərində toqquşmasına imkan vermir. “Yumşaq güc” siyasəti Azərbaycanı qlobal toqquşmalardan sığortalamaqla yanaşı bütün imkanları milli və dövlət maraqlarına yönəldir.Surxay Atakişiyev, Bizim.Media
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.