AZ

İliç və onun “strategiyası”

ain.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

“Sumqayıt” Misli Premyer Liqasında növbəti məğlubiyyətini aldı. “Kimyaçılar” ev oyununda “Şamaxı”ya uduzdu – 0:1.

Ötən turda autsayder “Karvan-Yevlax”la matçda qələbəni son dəqiqədə əldən verən “gənclik şəhəri” təmsilçisinin baş məşqçisi Saşa İliç görüşdən sonra klubun strategiyasını dəyişdiyini, avrokuboklara vəsiqə şansının minimuma enməsinə görə artıq gənclərə şans verəcəklərini bildirdi. Gözəl təşəbbüsdür, düzdür, ancaq, mövsümü bitirmiş kimi hiss etdiyin anda belə qərar qəbul etmək həm də “ağ bayraq” qaldırmağa bənzəyir.

“Şamaxı” ilə matçda isə İliçin dediklərinin əksini gördük. Start heyətdə 7 legionerə şans verən, 4 yerli isə mütəmadı çempionat oyunlarında meydana çıxanlar idi. Bəs hansı strategiya seçilmişdi? “Şamaxı”ya qarşı “11-lik”də meydana çıxan Nihad Əhmədzadə və Xəyal Fərzullayev yeganə gənclər idi, amma bu adlar da artıq neçə mövsümdür, mütəmadi meydana çıxır. Akademiya yetirməsi sayılacaq digər kim var idi bəs? Heç kim.

Saşa İliç “Karvan-Yevlax”a xal itkisindən sonra bir növ bəhanələr səsləndirdi. Bəlkə də, “Şamaxı”ya qarşı legionerləri meydana buraxmaqla qələbə qazanmaq və iddialı danışmaq arzusundaydı. Ola bilər, deyərdi ki, “strategiya dəyişməyib, emosional idim, qəzəbli idim, nəsə dedim…” amma yenə olmadı. Komandanın qələbəsizlik seriyası 8-ə çatdı. Bu dəfə də İliç oyunsonrası konfransda “istədiyim transferlər olmadı”, “strategiyanı dəyişmişik” kimi fikirlər səsləndirdi. Amma əməl fərqlidir. Sən 7 legioneri startda buraxırsansa, hansısa gəncləşdirmə strategiyasından danışa bilməzsən. Azı ehtiyatda olan, akademiyada şans gözləyən, əvəzedicilərdə dəridən-qabıqdan çıxan gənclərin haqqına girmiş olarsan.

“Sumqayıt” üçün qarşıda daha çətin qrafik var. “Sabah” səfəri, “Neftçi” ilə ev oyunu, “Turan Tovuz” səfəri… Ardıcıl üç ağır oyun. Qələbəsizlik seriyası bəlkə də, 10-a çatacaq. Bəs bu dəfə İliç hansı strategiyanı seçəcək? Bəhanə gətirmək, yalan uydurmaq, ya reallıqda legionerləri ehtiyata salıb, gəncləri oynatmaq?

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
futbolpress.az

1Mənbələr