AZ

Hamı İranın gələcəyindən danışır bəs İsraili savaşdan sonra nələr gözləyir?… ABŞ dakı professor nə düşünür?.

ain.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

“Müharibədən əvvəl İranda inqilabi bir ab-hava hiss olunurdu…. Şəraitin tədricən yetişərək bir inqilaba yol aça biləcəyinin əlamətləri görünürdü. Bu müharibə bütün bu prosesləri alt-üst etdi...”

“Bu gün İrana insan haqları gətirmək istədiyini deyən Netanyahu əslində özünün yaratdığı qan gölündə üzür — bunu görməzlikdən gəlmək olarmı?..”

“Bu gün İsrail özü ciddi bir böhranla üz-üzədir…. Indi həm ABŞ, həm də İsrail bu vəziyyətdən çıxış yolu axtarır. Ümid edək ki, çıxış yolunu İrana taktiki nüvə bombaları atmaqda görməyəcəklər…”

“İsrail dövləti vətəndaşlarını ölkənin təhlükəsiz olduğuna inandırmaq üçün ciddi səylər göstərməli olacaq. Əks halda, İsrailin gələcəyi çox da parlaq görünmür…”

“İsrailin yeganə real çıxış yolu aqressiv siyasətlərdən imtina edib bölgə xalqları ilə qarşılıqlı qəbul edilə bilən konstruktiv siyasət yürütməkdir. Bu isə zorakılıq yolu ilə əldə etdiyi bütün torpaqlardan imtina etməsi anlamına gəlir…”

Dünyanın və Azərbaycanın əksər şərhçiləri ABŞ/İsrail-İran savaşı fonunda yalnız 90 milyona yaxın əhalisi, 1,65 milyonluq nəhəng ərazisi olan İranı nə gözlədiyindən danışırlar. Ancaq İrandan 10 dəfə az əhalisi, az qala 80 dəfə cılız ərazisi olan İsrailin bu müharibədən sonrakı taleyindən danışan, demək olar ki, yoxdur. Artıq iki həftədən çoxdur davam edən savaş göstərdi ki, istər Tramp, istərsə də Netanyahu İran barədəki hesablamalarında yanlışlığa yol vermiş kimi görünürlər. Çünki nə dini-siyasi, nə də hərbi liderləri yox etməklə İrandakı teokratik rejimi qısa müddətə çökürtmək planının iflasa uğradığı göz qabağındadır. Lap tutaq ki, məsələn, aprelin 1-dək İran rejimi çökdü. Ondan sonra qısa müddətdə ölkədə sabitlik yaratmaq, o nəhəng ərazidə dağlara, səhralara yayılmış “SEPAH”ın eləcə də müxtəlif radikal dini və etnik silahlı qrupların tör-töküntülərini, ən əsası, Xomeyninin, Xameneinin milyonlarla fanatlarını zərərsizləşdirmək, nəhayət, normal bir dünyəvi hökumət qurmaq mümkün olacaqmı? Həm İranın özündə, həm də yaxın xarici ölkələrdə, hətta Avropa və ABŞ-da belə yatmış radikal şiə hücrələri oyandıqda nələr baş verəcək? “Hizbullah”, “Ənsərullah” kimi proksi-qüvvələr tam zərərsizləşdiriləcəkmi? Və bütün bunlar bəlkə də on illərlə ilk növbədə İsrail üçün təhlükə kəsb edəcək. Digər tərəfdən, bəzi məlumatlara görə, İranın Təl-Əviv, Xayfa və s. iri şəhərlərdə törətdiyi,  hökumət tərəfindən gizlədilən kütləvi insan itkiləri  və dağıntılar fonunda  artıq xeyli yəhudi İsraili tərk etmək qərarı verib. Bütün bu deyilənlər fonunda İsrailin gələcəyini necə təsəvvür etmək olar?..

Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında  ABŞ-da yaşayan həmyerlimiz, Şimali Karolina Universitetinin sülh və münaqişə tədqiqatları professoru, sülh fəalı Dr. Əli Əskərli aşağıdakı fikirləri ifadə edib:

"Həm dünyanın, həm də Azərbaycanın əksər şərhçilərinin İranın bundan sonrakı taleyindən danışması olduqca təbii və normaldır. Dünyanın ən əsas məsələsi bu gün məhz bu müharibədir. Lakin bu müharibə yalnız İranın bundan sonrakı taleyini müəyyən etməyəcək. O, bir çox dövlətlərin və xalqların taleyinə də müəyyən dərəcədə təsir göstərəcək. Bundan əlavə, bu müharibə bir çox şirkətlərin və insanların taleyinə də təsir edəcək. İflas edənlər də, zəngin olanlar da olacaq.

Əvvəla, onu deyək ki, azərbaycanlı şərhçilərin çoxu bu müharibənin təhlilində tərəfsiz mövqedən çıxış edə bilmir. Bunun səbəbləri aydındır — biz bu müharibə ilə iki tərəfli bağlılıq içindəyik. Birincisi, müharibə aparan tərəflərdən biri — İran — soydaşlarımızın ən böyük kütlə halında yaşadığı ölkədir və onların da böyük bir qisminin siyasi müstəqilliklə bağlı gözləntiləri var. Bu gözləntiləri olan soydaşlarımızın da, olmayan soydaşlarımızın da təhlükəsizliyi və ümumi güzəranı bizi maraqlandırır.

İkincisi isə bizim İsraillə strateji tərəfdaşlığımızdır. Bunu da orta statistik Azərbaycan vətəndaşı olduqca ciddi bir faktor kimi görür. İsrailin bizə çətin zamanlarda verdiyi dəstək unudulmur və onlara misli görünməmiş bir sədaqət göstərilir. Bu məsələdə azərbaycanlıların ifrata vardığını söyləmək mümkündür, çünki onlar İsrailin Azərbaycana verdiklərini unutmurlar, aldıqlarını isə əsla xatırlamırlar...

Obyektiv şərhçilik yalnız insanın özünü bu iki halın hər ikisindən də heç olmasa müəyyən qədər təcrid etməsi ilə mümkün ola bilər. Hər halda, yalnız belə olduqda hadisələrə daha soyuqqanlı və tarazlı yanaşmaq mümkündür.

İndi isə bu müharibəyə nəzər salaq. Hər bir müharibə tərəflərdən biri üçün ədalətli, digəri üçün isə qeyri-ədalətli sayılır. Bunu hansı obyektiv kriteriyalara görə müəyyən etməliyik? Mütləq beynəlxalq hüquq müstəvisi əsas götürülməlidir. O zaman kim hücum edir və kim müdafiə olunur — buna baxmaq lazımdır. İran burada müdafiə olunan tərəfdir. Əgər bu gün İsrailə hücum edirsə, bu onun təcavüzkar olduğunu göstərmir, çünki bu da müdafiə xarakterli hücumdur...

“İran proksilər vasitəsilə İsrailə hücum edirdi və ya təhdid yaradırdı” kimi iddialarla bu müharibəyə haqq qazandırmaq olmaz. İranın nüvə silahına sahib olma ehtimalı, etiraz edən vətəndaşlarına qarşı zorakı müdaxiləsi və insan haqlarını pozması da onun ABŞ–İsrail hücumuna məruz qalmasına haqq qazandıra bilməz. Çünki ABŞ–İsrailə belə bir mandat verilməyib. Onlar öz maraqlarından çıxış edərək İrana hücum ediblər. Bunun isə legitimliyi yoxdur...   

İsrailin uzun illərdir Fələstin xalqına qarşı törətdiyi insanlıq suçlarını, Qəzza zolağını son illərdə demək olar ki, yerlə-yeksan etməsini, 70 mindən çox insanın öldürülməsini, yüz minlərlə insanın bu gün aclıq təhlükəsi ilə üz-üzə qalmasını hansı vicdan rahat qəbul edə bilər? Bu gün İrana insan haqları gətirmək istədiyini deyən Netanyahu əslində özünün yaratdığı qan gölündə üzür — bunu görməzlikdən gəlmək olarmı?..

Bunları söyləyərkən əsla belə düşünülməsin ki, “HƏMAS” tərəfindən öldürülən İsrail vətəndaşlarının məruz qaldığı zorakılığa göz yummaq olar. Bu müharibə ilə birlikdə yalnız İranın deyil, həm də İsrailin taleyi müəyyən oluna bilər. Bunun baş verməsi tarixi ədalət baxımından olduqca sərrast olardı.

ABŞ-dakı müstəqil şərhçilərin demək olar ki, hamısı Trampın bu müharibəyə Netanyahunun təhriki ilə girdiyini iddia edir. Pentaqonun da bu müharibənin əleyhinə olduğunu mətbuatdan bilirik. Trampın Pentaqonun etirazına baxmayaraq bu müharibəyə girməsini nə ilə izah etmək olar? Bir çoxları bunu Epstein dosyesi ilə əlaqələndirir. Qısacası, Netanyahunun Trampı bu müharibədə iştirak etməyə məcbur etdiyi iddia olunur.

Burada ciddi rasional hesablamaların aparıldığına dair şübhələr var. Görünən mənzərəyə görə ABŞ və İsrail strateji hesablamalarda ciddi səhvlərə yol veriblər. Nə İranın ali dini liderinin öldürülməsi, nə də əsas hərbi liderlərin aradan götürülməsi İranı məğlub etmək üçün kifayət etmədi. ABŞ–İsrail İran xalqının üsyana qalxacağını gözləyirdi — bu da baş vermədi. Əksinə, İran xalqı daha da birləşmiş kimi görünür. ABŞ–İsrail ittifaqının kürd silahlı təşkilatlarından istifadə planı da baş tutmadı. Bundan sonra baş tutma ehtimalı hələ də mövcuddur, lakin dünyadakı kürd cəmiyyətlərinin daxilindən buna ciddi etirazların gəldiyini nəzərə alsaq, bu ehtimalın xeyli zəiflədiyini görərik… 

Bu müharibə ilə birlikdə dünyada böyük enerji böhranı başladı. Hörmüz boğazının bağlanması təkcə Körfəz ölkələrinin deyil, kiçik istisnalarla demək olar ki, bütün dövlətlərin iqtisadiyyatına mənfi təsir göstərməyə başladı. Rusiya kimi bəzi neft istehsal edən işğalçı dövlətlər üçün isə bu vəziyyət bir fürsətə çevrildi. Bu da ABŞ–İsrail–İran müharibəsinin başqa bir ağır nəticəsidir. 

ABŞ-ın təhlükəsizlik çətiri altında toplanmış Körfəz dövlətləri bu çətirin nə qədər yetərsiz olduğunu bu gün daha aydın görürlər. ABŞ bu müharibə nəticəsində olduqca ciddi prestij itkisinə məruz qaldı. Bu da İsrailin israrçı davranışının nəticələrindən biridir…

Detallara çox varmadan qeyd etmək olar ki, bu müharibənin strategiyasında olan yanlışlıqlar hər keçən gün daha da aydın görünür. Uzun illər İsrail kəşfiyyatının İranda çox güclü olduğu deyilirdi. Lakin görünən odur ki, İranın sahib olduğu raket arsenalının gücü və imkanları ilə bağlı təsəvvürlər İsrail daxilində ciddi şəkildə yanlış qiymətləndirilib. İranın İsrailə vurduğu hər zərbədən sonra bunu daha yaxşı anlayırlar… 

İranda rejimin çökməsi ilə dövlətin çökməsi arasında son dərəcə böyük fərq var. Rejim çökərsə və onu hər hansı yeni siyasi avtoritet əvəz edərsə, ölkə dövlət kimi mövcudluğunu davam etdirə bilər. Amma dövlət çökərsə, vətəndaş müharibəsi qaçılmaz olar. Bu zaman etno-ərazi, etno-siyasi və hətta dini münaqişələr ortaya çıxar ki, bunların uzun müddət davam edəcəyi şübhəsizdir.

Dövlət çökərsə, İranın ərazi bütövlüyünü qoruyub saxlamaq demək olar ki, mümkünsüz olar. Rejim çökərsə və keçid prosesi qansız şəkildə baş verərsə, yeni dünyəvi dövlət qurmaq mümkün ola bilər. Lakin bunu demək çox asandır, həyata keçirmək isə son dərəcə çətindir. Bunun üçün bir sıra şərtlər mövcud olmalıdır. Ən əsası isə İran xalqının böyük əksəriyyəti bunu istəməlidir. Bu isə hələlik mümkün kimi görünmür.

İranın dəstəklədiyi bir çox proksi qruplar İranın çökməsi ilə birlikdə yox ola bilərmi? Bu gün bu sualın dəqiq cavabı yoxdur. Maliyyə və silah dəstəyi kəsilərsə, onların zamanla zəifləməsi və yox olması mümkündür. Lakin yeni şəraitə uyğunlaşıb daha da güclənə bilmələri ehtimalı da var. Bu isə o deməkdir ki, İsrail bu tip təhlükələrdən heç vaxt tam sığortalanmış ola bilməz… 

İsrailin yeganə real çıxış yolu aqressiv siyasətlərdən imtina edib bölgə xalqları ilə qarşılıqlı qəbul edilə bilən konstruktiv siyasət yürütməkdir. Bu isə zorakılıq yolu ilə əldə etdiyi bütün torpaqlardan imtina etməsi anlamına gəlir.

…Məhdud da olsa, İsraildən sızan məlumatlara görə İran raketleri bəzi şəhərlərdə ciddi dağıntılar törədib. Bu da öz növbəsində İsrail vətəndaşlarının bir çoxunun ölkəni tərk etməsi ilə nəticələnə bilər. Dünyanın müxtəlif yerlərindən yəhudiləri toplayaraq dövlət quran İsrail üçün bu son dərəcə ciddi məsələdir. Əgər İsrail öz vətəndaşlarının təhlükəsizliyini təmin edə bilmirsə, dünyanın başqa yerlərində yaşamaq imkanı olan bu insanlar daima təhlükə altında yaşamaq istəməzlər. Buna görə də İsrail dövləti vətəndaşlarını ölkənin təhlükəsiz olduğuna inandırmaq üçün ciddi səylər göstərməli olacaq. Əks halda, İsrailin gələcəyi çox da parlaq görünmür… 

…İsrail İrana qarşı bu müharibəni başladarkən onun qısa müddət davam edəcəyini düşünmüşdü. İranın müqavimət gücü düzgün hesablanmamışdı. Daxildə inqilabi hərəkatın başlayacağı ehtimal edilirdi. İranın tezliklə çökəcəyi güman olunurdu və bununla da Yaxın Şərqdə İsrail üçün ən əsas son iki maneənin birinin aradan qalxacağı düşünülürdü. Lakin bu hesablamaların heç biri özünü doğrultmadı.

Bu gün İsrail özü ciddi bir böhranla üz-üzədir. Onu dünyada qınayanların sayı sürətlə artır. Hətta ABŞ-da da İsraili müttəfiq kimi görmək istəməyənlərin sayı artır. ABŞ-ın İsrailə maddi dəstəyinin dayandırılmasını tələb edən səslər getdikcə güclənir. Indi həm ABŞ, həm də İsrail bu vəziyyətdən çıxış yolu axtarır. Ümid edək ki, çıxış yolunu İrana taktiki nüvə bombaları atmaqda görməyəcəklər. 

Sonda bir məqama da diqqət yetirək. Müharibədən əvvəl İranda inqilabi bir ab-hava hiss olunurdu. İran cəmiyyətində narazılıq artırdı və hakimiyyətin ölkəni əvvəlki üsullarla idarə etməsi getdikcə çətinləşirdi. Şəraitin tədricən yetişərək bir inqilaba yol aça biləcəyinin əlamətləri görünürdü. Bu müharibə bütün bu prosesləri alt-üst etdi...”

Təqdim etdi: 

Sultan Laçın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
1
moderator.az

2Mənbələr