Qatıq çalarkən ölçünü qaçırmaq, min bir əziyyətlə hazırladığınız südün hədər getməsinə səbəb ola bilər. Mayanın çox olması prosesi sürətləndirsə də, keyfiyyəti aşağı salır.
Milli.Az xəbər verir ki, mayanın çoxluğu süd turşusu (laktik asit) istehsalını sürətləndirir. Bu da qatığın təbii qaymaqlı və şirin dadını itirməsinə, əvəzində isə çox kəskin və turş bir dad qazanmasına səbəb olur. Belə qatıq həm uşaqlar, həm də mədəsi həssas olanlar üçün narahatlıq yarada bilər.
Həddindən artıq maya süd zülallarının balanssız parçalanmasına yol açır. Nəticədə:
Qatıq bərkimək əvəzinə sulu qala bilər.
Strukturu hamar olmaz, dənəvər və ya kəsik-kəsik görünüş alar.
Qatığın üzərində qalın qaymaq təbəqəsinin yaranması çətinləşər.
Maya miqdarı çox olan qatıq soyuducuda belə çox sürətlə turşumağa davam edir. Bakteriya sıxlığı yüksək olduğu üçün qatıq normaldan daha tez xarab olar və qısa müddətdə qoxusu dəyişər.
Mükəmməl qatıq üçün adətən 1 litr südə 1 xörək qaşığı maya kifayət edir. Mayanı birbaşa südə tökmək əvəzinə, bir az isti südlə qarışdırıb durulaşdırdıqdan sonra əlavə etmək daha hamar bir nəticə verir.
Lalə Qüdrətova
Milli.Az