AZ

Uşaqların məcburi əməyə cəlb edilməsi Cəmiyyətin görməzdən gəlməməli problemi

Uşaqlıq insan həyatının ən saf, ən qayğısız və ən həssas dövrü hesab olunur. Bu dövrdə uşaq dünyanı tanıyır, oyun oynayır, xəyal qurur, öyrənir və şəxsiyyət kimi formalaşmağa başlayır. Məncə, uşaqlığın əsas xüsusiyyəti məhz bu sərbəstlik və qayğısızlıqdır. Uşaqların əsas işi oxumaq, öyrənmək, inkişaf etmək və sağlam mühitdə böyümək olmalıdır. Lakin reallıq bəzən bu ideal mənzərədən çox uzaq olur. Bəzi hallarda uşaqların həyatında oyun meydançalarını ağır əmək, məktəb partalarını isə müxtəlif iş yerləri əvəz edir. Bu isə cəmiyyət üçün ciddi sosial problemlərdən birinin- uşaqların məcburi əməyə cəlb edilməsinin mövcudluğunu göstərir. Bu gün dünyanın bir çox ölkələrində olduğu kimi, müxtəlif səbəblərdən uşaqlar erkən yaşlardan əmək fəaliyyətinə cəlb olunur. Bəzən bu proses ailənin maddi vəziyyəti ilə əlaqədar olur, bəzən isə valideynlərin düşüncəsi və ya sosial mühit uşaqları belə bir vəziyyətə gətirib çıxarır. Məncə, istənilən halda uşağın erkən yaşda ağır və ya məcburi əmək şəraitinə düşməsi onun hüquqlarının pozulması deməkdir. Çünki uşaq ilk növbədə qorunmalı, təhsil almalı və sağlam mühitdə böyüməlidir.
Erkən yaşda işləməyə məcbur qalan uşaqların qarşılaşdığı çətinliklər yalnız fiziki yorğunluqla məhdudlaşmır. Bu proses onların psixoloji inkişafına, təhsil imkanlarına və sosial mühitə uyğunlaşmasına da ciddi təsir göstərir. Uşaq yaşlarında davamlı işləmək, məsuliyyət yükü daşımaq və böyüklərə xas problemlərlə qarşılaşmaq onların uşaqlıq dövrünü sanki vaxtından əvvəl başa çatdırır. Məncə, bu isə gələcəkdə həm fərdi, həm də cəmiyyət səviyyəsində müxtəlif problemlərin yaranmasına səbəb ola bilər. Digər tərəfdən, erkən yaşda əmək fəaliyyətinə cəlb edilən uşaqların bir qismi təhsildən uzaqlaşmaq məcburiyyətində qalır. Məktəbə davamiyyətin azalması, dərslərə vaxt ayıra bilməmək və ya ümumiyyətlə təhsildən kənarda qalmaq uşaqların gələcək həyatına birbaşa təsir edir. Düşünürəm ki, təhsildən uzaq qalan uşaq gələcəkdə daha məhdud imkanlarla üzləşir və bu, sosial bərabərsizliyin dərinləşməsinə səbəb ola bilər. Halbuki hər bir uşaq təhsil almaq, öz bacarıqlarını inkişaf etdirmək və gələcək həyatını qurmaq üçün bərabər imkanlara sahib olmalıdır.
Uşaqların məcburi əməyə cəlb olunması eyni zamanda onların sağlamlığı üçün də risk yaradır. Bəzi hallarda uşaqlar yaşlarına uyğun olmayan fiziki işlər görməyə məcbur qalır, təhlükəli şəraitdə çalışır və lazımi qorunma vasitələrindən istifadə etmirlər.  Bu problem təkcə fərdi ailələrin deyil, bütövlükdə cəmiyyətin məsuliyyət daşıdığı məsələlərdən biridir. Çünki uşaqların hüquqlarının qorunması, onların təhlükəsiz və sağlam mühitdə böyüməsi hər bir dövlətin və cəmiyyətin əsas vəzifələrindən biri hesab olunur. 
Digər tərəfdən, uşaqların əməyə cəlb olunması bəzi hallarda cəmiyyət tərəfindən adi hal kimi qəbul edilir. Küçədə müxtəlif məhsullar satan, bazarlarda çalışan və ya müxtəlif xidmət sahələrində işləyən uşaqlarla qarşılaşmaq artıq bir çox insan üçün təəccüblü görünmür. Lakin düşünürəm ki, bu vəziyyətə alışmaq problemin mövcudluğunu aradan qaldırmır, əksinə, onun görünməz şəkildə davam etməsinə səbəb olur.
Məncə, uşaqlıq dövrünün qorunması cəmiyyətin gələcəyi ilə birbaşa bağlıdır. Çünki bu günün uşaqları sabahın vətəndaşları, mütəxəssisləri və qərarverici şəxsləridir. Onların sağlam, savadlı və psixoloji cəhətdən güclü şəkildə formalaşması isə yalnız düzgün sosial mühit və təhsil imkanları ilə mümkündür. Əgər uşaq erkən yaşdan ağır həyat şərtləri ilə qarşılaşırsa, bu, onun gələcək həyatına da təsirsiz ötüşmür.
Məhz buna görə də uşaqların məcburi əməyə cəlb olunması məsələsi təkcə sosial problem kimi deyil, həm də hüquqi və psixoloji aspektdən ciddi şəkildə araşdırılmalı mövzulardan biridir.  Bu baxımdan uşaqların məcburi əməyə cəlb olunmasının hüquqi tərəfləri, psixoloji təsirləri və cəmiyyət üçün yaratdığı risklər xüsusi diqqət tələb edir. 

Mövzu ilə bağlı vəkil Mehman Muradlı Olaylar.az-a açıqlama verib:
" Bu məsələdə fərq yoxdur, istər uşaq olsun, istərsə də böyük. Konstitusiyamıza görə heç kim məcburi əməyə cəlb edilə bilməz. Bu məsələnin birinci tərəfidir. Uşaq hüquqları ilə bağlı məsələyə gəlincə, burada uşağın ən azı 14 yaşı olmalıdır. Yəni 14 yaşına çatdıqdan sonra onun müəyyən işlərə cəlb olunması məsələsi ortaya çıxa bilər. Amma burada da müəyyən kateqoriyalar var-yüngül işlər kateqoriyası. Uşaq yalnız belə işlərə cəlb oluna bilər. Həmin 14 yaşına çatmış şəxs üçün də iş saatı gün ərzində 4 saatdan artıq olmamalıdır. İndi hamımız görürük və bilirik ki, bəzi uşaqları dilənçiliyə məcbur edirlər. Polis buna nəzarət etsə də, belə halların sayı çox olduğuna görə tam qarşısını almaq çətin olur. Müəyyən qədər təsiri olur, amma problem yenə qalır.
Digər bir məsələ də var ki, bəzən valideyn özü uşağı götürüb hansısa yerdə işlədir, səhərdən axşama qədər işləməyə məcbur edir. Belə halların şahidi olan şəxslər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə və ya hüquq-mühafizə orqanlarına müraciət edə bilərlər. Çünki bunun məsuliyyəti kifayət qədər ağırdır və hətta cinayət məsuliyyətinə qədər gətirib çıxara bilər.  Uşağın işə cəlb olunması üçün hər iki valideynin razılığı mütləq tələb olunur. Bu vacib şərtdir.
 Digər tərəfdən, faktiki olaraq işəgötürən belə bir uşağı tam şəkildə rəsmi sənədləşdirə bilmir. Çünki yaş məsələsi burada əsas prioritetdir və müəyyən məhdudiyyətlər var. Bu səbəbdən də sənədləşdirmə mümkün olmadıqda başqa bir məsələ- qanunsuz işçi işlətmək məsələsi ortaya çıxır. Bu isə artıq inzibati məsuliyyət yaradır. Hüquqi şəxslər üçün bunun cəriməsi təxminən 20 min manatdan 25 min manata qədərdir. Bir də var ki, azyaşlı ağır və ya qanunsuz işə cəlb edilib. Bu halda məsələ artıq hüquq-mühafizə orqanlarının səlahiyyətinə keçir və burada cinayət məsuliyyəti də yarana bilər.
 Bu baxımdan, biz vətəndaş olaraq, vətəndaş cəmiyyətinin üzvləri kimi bu məsələlərə daha diqqətli yanaşmalıyıq. Çox vaxt belə halları görüb susuruq və ya müxtəlif bəhanələrlə buna göz yumuruq. Amma əslində cəmiyyət olaraq buna nəzarət etməliyik. Çünki uşaq işlədildikdə, o, təhsildən və digər vacib inkişaf mərhələlərindən uzaq düşür. Əlbəttə, hər bir valideyn istəyər ki, uşağı gələcəkdə daha yaxşı həyat qursun və bəzən onu əməyə alışdırmaq istəyir. Bu yanaşma müəyyən həddə qədər başa düşüləndir. Amma əgər məqsəd sırf uşaqdan pul qazanmaqdırsa, bu artıq uşaq əməyinin istismarı sayılır. Bir daha qeyd edirəm: istismar da, məcburi əmək də qanunla qadağandır. Heç kim, nəinki uşaq, ümumiyyətlə heç bir şəxs məcburi əməyə cəlb edilə bilməz".  

Uşaqların erkən yaşda məcburi əməyə cəlb olunması onların psixoloji inkişafına və şəxsiyyət formalaşmasına necə təsir göstərir? Bu cür şəraitdə böyüyən uşaqlarda hansı psixoloji travmalar və davranış problemləri daha çox müşahidə olunur?

Mövzu ilə bağlı Orvita Psixoloji Reabilitasiya Mərkəzi və Orvita Autizm Evinin təsisçisi və direktoru, psixologiya üzrə fəlsəfə doktoru Ramidə Oktayqızı Olaylar.az-a açıqlama verib:
" Uşaqların müdafiəsi ilə bağlı həm BMT-nin, həm də Azərbaycan Respublikasının qanunları mövcuddur. Belə ki, uşaqların yetkinlik yaşına çatmayana qədər onların işə cəlb olunması əmək müqaviləsi ilə nəzərdə tutulmayıb. Əgər onlar məcburi əməyə cəlb olunublarsa, cinayət işi açılması da mümkündür. Biz buna psixoloji aspektdən də nəzər yetirməliyik.
İnsanlar 3 yaşında şəxsiyyət kimi inkişaf etməyə başlayır və artıq 18 yaşında öz şəxsi fikirlərini və əqidələrini əsas götürərək həyat fəaliyətlərinə müdaxilə edə bilirlər. Yəni, 18 yaşına çatmış yeniyetmə öz qərarlarını verə bilər və əmək fəaliyyətinə cəlb oluna bilər. Şəxsiyyətin formalaşmasında əgər biz 13-14-16 yaşlarında məcburi işə cəlb olunan uşaqları görürüksə, əlbəttə ki, hər hansı psixoloji problemlərin yaranmamasını qətiyyətlə demək olmaz. Bunun üçün uşaqların psixoloji durumları və dəstək mexanizmləri diqqət mərkəzində olmalıdır. Qeyd etmək istəyirəm ki, uşaqların erkən yaşda əməyə cəlb olunması hər zaman mənfi nəticələr doğurmur, amma bu, onlarda özgüvənin formalaşmamasına və başqası tərəfindən tez idarə olunma hisslərinə səbəb ola bilər. Bu şəraitdə uşaqlarda yetkinlik yaşına çatmadan hər hansı əməyə cəlb olunma ilə bağlı ciddi travmaların olub-olmamasını görmək mümkün olmaya bilər. Lakin diqqət edilməli məqam odur ki, uşaqların küçə həyatına, küçə bazarlarına alışdırılması, məcburi olma halları psixoloji travmalara yol aça bilər. Biz küçədə dilənən, pəncərə və ya şüşə silən, arabalarla məhsul daşıyan uşaqları gördükdə, onların da küçə həyatına meyl göstərdiyini, küçə psixologiyasına, kütlə psixologiyasına uyğunlaşdığını, bəzən tabe olmama və cinayətə cəlb olunma halları ilə qarşılaşdığımızı müşahidə edirik.
Növbəti mərhələdə isə ailənin maddi çətinlikləri, ananın və ya atanın işləməməsi, xəstə və ya fiziki məhdudiyyətli olması kimi hallar uşaqların erkən əməyə cəlb olunmasına səbəb ola bilər. Bu halda travmadan danışmaq mümkün olmaya bilər, çünki artıq məcburiyyət mövcuddur. Ancaq uşaqların hansı işə cəlb olunması çox vacibdir. Adətən belə ailələrdə uşaqlar uşaq alverinin qurbanı ola bilirlər. Bizim əsas məqsədimiz bu uşaqları erkən aşkara çıxarmaq və dövlət tərəfindən, həmçinin digər insanlar tərəfindən onlara maddi və mənəvi dəstək göstərilməsini təmin etməkdir.
Məcburi əməyə cəlb olunan uşaqların təhsildən yayılması halları da çox görülür. Onların təhsilə qayıtması təmin edilməlidir, çünki təhsil şəxiyyətin yetişməsində, gələcək həyatının təmin olunmasında və insan kimi formalaşmasında çox önəmli rol oynayır. Bu sahədə dövlətin sosial layihələrə cəlb olunması,  uşaqların könüllülük proqramlarına qoşulmaları, yaşlarına uyğun himayə mexanizmlərinin tətbiqi vacibdir. Hazırda dövlətin sosial xidmət mərkəzləri var ki, bu cür həssas qrupa aid uşaqlara psixoloji dəstək göstərilir. İlkin əməyə cəlb olunma, istər məcburi, istər könüllü olsun, bir sıra psixoloji nüanslar yarada bilər. Bu nüansların baş verməməsi üçün uşaqların daimi nəzarətdə saxlanılması və düzgün qiymətləndirilməsi çox önəmlidir".
Uşaqların məcburi əməyə cəlb olunması yalnız fərdi ailə problemi deyil, bu, cəmiyyətin, dövlətin və hər bir vətəndaşın diqqət yetirməli olduğu geniş sosial məsələdir. Erkən yaşda ağır iş şəraitində böyüyən uşaqlar həm fiziki, həm də psixoloji olaraq zərər görür, təhsildən uzaqlaşır və gələcək həyatlarında məhdud imkanlarla üzləşirlər. Hüquqi məhdudiyyətlər və dövlət nəzarəti bu problemi azaltmağa çalışsa da, əsas məsuliyyət hər bir cəmiyyət üzvünün üzərinə düşür: uşaqları qorumaq, onların hüquqlarına hörmətlə yanaşmaq və gələcəyimizi təmin etmək. 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
23
olaylar.az

1Mənbələr